"Arxayınlaşmaq qətiyyən olmaz!” - ANAP SƏDRİ MÖVQE BİLDİRDİ

“Ermənistanın əlinə düşən hər imkandan yararlanıb Rusiyanı şantaj etməsi, qərb ölkələrinə, beynəlxalq qurumlara müraciət edərək yardım istəyəcəyi barədə iddialar irəli sürməsi son günlər daha da artıb. Rusiya bu iddiaların nə qədər mənasız olduğunu anladığından Ermənistan rəhbərliyinin bəyanatlarına, hərbi yardım barədə müraciətlərinə gözlənilən münasibəti bildirmir, əksər hallarda susmağa üstünlük verir”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlar son dövrlər dəfələrlə səslənib və qərbdən arzuladığını ala bilməyən ermənilər yenə Rusiyaya “pənah aparmaq”məcburiyyətində qalıblar: “Rusiyalı jurnalist, politoloq Maksim Şevçenko Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlamasını Rusiyanı şantaj etmək cəhdi kimi qiymətləndirərək belə deyib. “Ermənilərə açıq şəkildə göstərildi ki, Rusiyanı şantaja davam edərsə, onlar tezliklə Qarabağın statusu deyil, Zəngəzurun statusu ilə bağlı danışıqlara başlaya bilərlər”.

Yəqin xatırlayırsınız, bir il əvvəl, oktyabrın son günlərində Nikol Paşinyan Rusiya prezidentinə məktubla müraciət edərək, 1997-ci il müqaviləsinə görə “yardım barədə təxirəsalınmaz danışıqlara” başlamağı xahiş etdi. Bu xahişə Vladimir Putin heç cavab verməyə də lüzum görmədi və Rusiya XİN-i onu aşağılayan rədd cavabı verdi. Həmin günlərdə qərb ölkələrindən də istənilən yardım gəlmədi və Ermənistan meydanda Azərbaycanla təkbətək qaldı. Nəticə hamıya məlumdur, Ermənistanın Rusiyaya yönəlik şantaj bəyanatları vəziyyəti dəyişə və Qarabağın yerinə Zəngəzurun statusunu gündəmə gətirə bilərmi? Son dövrlər bölgədə vəziyyət elə sürətlə dəyişir ki, bu məsələnin nə vaxtsa danışıqlar mövzusu olacağı istisna edilə bilməz. Bu barədə indi qəti fikir söyləmək mümkün deyil. Ancaq bir şeyi qəti demək olar ki, Zəngəzur dəhlizinin statusu mütləq gündəliyə gələcək və bu istiqamətdə Ermənistanın gözləmədiyi, onu qane etməyən qərarlar qəbul olunacaq”.

A.Səmədov onu da bildirdi ki, Laçından keçən humanitar dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir, nəqliyyatın və insanların hərəkətinin təhlükəsizliyini isə Azərbaycan təmin edir: “4 ildən sonra sülhməramlılar regionu tərk edəcəklər və Laçın dəhlizinin statusunu yenidən müzakirə etmək zərurəti yaranacaq. “Zəngəzur dəhlizindən keçən dəmir yolu xətti də həmin vaxtlarda hazır olacaq və hər iki dəhlizin statusu eyni vaxtda gündəliyə gələcək. Düşünürəm ki, Azərbaycan Zəngəzur və Laçın dəhlizlərinə eyni statusun verilməsini tələb etməli və buna nail olmalıdır. Yaxın vaxtlarda ilk növbədə sərhədlərin delimitasiyasını nəzərdə tutan üçtərəfli görüş yəqin ki, keçiriləcək və bu görüşün nəticəsində Ermənistan cəmiyyətində növbəti “şok” yaradan hadisələr baş verəcək. Bu hadisələr içərisində Zəngəzurun Azərbaycana qaytarılması ola bilərmi? Güman etmirəm. Ancaq “kommunistlərin səhvi” düzəlmədən də son dövrlər kifayət qədər ağır günlər yaşayan Ermənistanda sarsıntılarının davam edəcəyi şübhə doğurmur. Düşmənin son dərəcə ağır duruma düşdüyü və vəziyyətdən çıxmaq üçün çabaladığı bu günlərdə biz xüsusilə diqqətli və ehtiyatlı olmalıyıq. Arxayınlaşmaq qətiyyən olmaz!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə