Nill Vatson: ATƏT MQ həmsədrlərinin erməni diasporuna görə Ermənistana çox sadiq olduqları ortaya çıxdı - MÜSAHİBƏ

Ermənistan-Azərbaycan münaqişəsi üzrə ixtisaslaşmış ingilis jurnalisti Nill Vatson “Caliber” analitik mərkəzinə müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hansı səbəblərdən Ermənistanı müdafiə etdiklərini izah edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupu danışıqlarının uğursuzluğunun əsas səbəbi nədir?

- Məncə, ATƏT-in Minsk Qrupunun sülh yolu ilə həllində tamamilə təsirsiz olduğu ortaya çıxmasının əsas səbəbi 3 həmsədr ölkənin Fransa, ABŞ və Rusiya olması idi. Bu ölkələr bir növ erməni diasporunun yüksək dərəcədə inteqrasiya əldə edərək dünyanın siyasətinə, işinə, incəsənətinə və musiqisinə rəvan şəkildə qovuşduğu beşiyidir. Bu üç ölkənin Ermənistan tərəfinə çox sadiq olduqları ortaya çıxdı.

Nəticədə, uzun müddətdir müşahidə etdiyimiz şey baş verdi- ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində tamamilə təsirsiz olduğunu sübut etdi, halbuki 1993 -cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə qara və ağın kim olduğu, nəyin və necə həyata keçirilməli olduğu, təcavüzkar ölkənin Ermənistan olduğu yazıldığı halda, bu, kağız üzərində qalmışdır.

- Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını gecikdirir. Sizcə bunun əsl səbəbləri nələrdir?

- Ermənistanda demoqrafik böhran olmasına baxmayaraq, İrəvan öz diasporunun dəstəyini qazandığından, mübarizliyi nümayiş etdirməkdə davam edir.

Bundan əlavə, erməni təbliğatının gücü Ermənistanın özünü İslam bölgəsinin ortasında xristianlığın qalası olaraq yerləşdirməsindədir (baxmayaraq ki, Azərbaycan multikulturalizmin yüksək inkişaf etdiyi bir ölkədir), bununla da Qərbin dəstəyi ilə dünyaya 1915-ci il "soyqırımı" haqqında miflər yayırlar.

Ermənistanın müttəfiqləri həm də onu silahla təmin edən və ərazisində hərbi bazaları olan, infrastrukturuna və enerjisinə nəzarət edən Rusiya, həmçinin, ərazisində təxminən 30 milyon etnik azərbaycanlının yaşadığı və Bakının qəti əleyhinə olan İrandır.

- Sizcə, Zəngəzur dəhlizinin açılmasından kim və nə üçün faydalanmır?

- Zəngəzur Dəhlizi, Naxçıvan Muxtar Respublikasını Ermənistan vasitəsilə Azərbaycanın qalan hissəsi ilə birləşdirəcəyi təklif olunan nəqliyyat dəhlizidir. Ermənistan bu dəhlizin açılmasına qarşıdır. Prezident İlham Əliyevin əmiliklə verdiyi sözlərə baxmayaraq, Azərbaycanın Ermənistana ərazi iddiaları irəli sürə biləcəyindən narahatdır.

- İrəvan qisas almaq arzusundadır. Bunu etməyə onun gücü varmı?

- Paşinyan Rusiyaya münasibətini dəyişərsə və ya məsələn, Ermənistanda rusiyapərəst bir hökumət seçilərsə, onda hesab edirəm ki, ermənilərin Rusiya və İranın hərbi qüdrətinə söykənəcəkləri üçün İrəvanın qisas almaq istəyi realdır.

- Ermənistanı üçtərəfli bəyanatın bütün məqamlarına necə uyğunlaşdırmaq olar?

- İndiki vəziyyətdə "qeyri-stabil" sülh Azərbaycanın müstəqilliyinin bərpasından sonra Azərbaycan torpağında ilk dəfə yerləşən rus hərbçiləri- Rusiya "sülhməramlıları" və Rusiya-Türkiyə birgə monitorinq mərkəzi tərəfindən idarə olunur.

Üçtərəfli bəyanata riayət olunmasını təmin etmək üçün Azərbaycanın Qərbdən, o cümlədən BMT kimi beynəlxalq təşkilatlardan dəstək almasına ehtiyac var. Ancaq əvvəlcə erməni təbliğatına və erməni diasporunun təsirinə müqavimət göstərmək lazımdır.

Mən də öz növbəmdə Azərbaycan xalqına uğurlar arzulayıram və məcburi köçkünlərin öz evlərinə qayıdacaqlarını səbirsizliklə gözləyirəm.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə