Ermənistan parlamenti təcili toplanır - Mövzu Gorus-Qafan yoludur

Ermənistan parlamenti təcili toplanır. SİA xəbər verir ki, bunu "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib və müzakirə mövzusunun Gorus-Qafan yolundakı vəziyyətlə bağlı olduğunu gizlətməyib.

Fraksiya katibi xəbər verib ki, artıq qapalı görüşün keçirilməsi barədə razılıq əldə edilib: “Dünən fraksiya adından toplantıda birinci şəxslərin də iştirak etməsi təklifi yazılmış bir məktub göndərdik. Konkret məlumat əldə edəcəyimizi düşünürük".

Artsvik Minasyan qeyd edib ki, müzakirələrdə dövlət sirri elementləri ola bilər: “Əsas vəzifə ölkəmizin qarşısında duran bu problemləri həll edə bilməyimizdir. Hər istiqamətdə işlər var. Ən sadə nümunə budur ki, bu gün Ermənistan Respublikasının suverenliyi pozulub. Əslində bu sahədə suverenliyimizi itirmişik, ərazi bütövlüyü pozulub və bununla bağlı cinayət işi başlanmalı idi. Baş Prokurorun bütün suallara cavab verəcəyini gözləyirik”.

Millət vəkili əlavə edib ki, İran tərəfi ilə lazımi işlərin aparıldığını və beynəlxalq aləmdə hansı proseslərin getdiyini Xarici İşlər Nazirliyindən öyrənmək lazımdır: “Parlamentin rəhbərliyi ilə aparılan müzakirələr nəticəsində qapalı müzakirənin keçirilməsinə qərar verildi. Rəhbərlik yüksək vəzifəli şəxslərin olmasını təmin etmək üçün əlindən gələni edəcək, çünki onlardan bəziləri Ermənistanda deyil, amma onların geri dönə biləcəklərini gözləyirik. Müzakirənin ən qısa müddətdə təşkil edilməsi qərara alındı. Bu, ya bu gün, ya da sabah olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...