Paşinyan yenidən görüş tələb edir

Paşinyan sülh danışıqları üçün İlham Əliyevlə görüşə hazır olduğunu açıqlayıb. Biz bu cür bəyanatları 44 günlük müharibənin sonlarında da görürdük. Ermənistanda seçkilərdən sonra proseslərin gözlənilən inkişafı və Bakının sərt mövqeyi fonunda İrəvanın “yola gəldiyi" görünə bilər. Lakin Nikol Paşinyan doğrudanmı sülhə razıdır?

Əvvəla qeyd etmək lazımdır ki, Paşinyan Minsk qrupu formatında danışıqlara dəvət edir və bu, münaqişənin bitdiyi reallığına ziddir. Deməli, münaqişə yaratmaqla məqsədləri məsələnin həllinə yenidən baxılması idisə, danışıq üçün təklif etdiyi üsul da bitməmiş münaqişəyə işarə edir. Digər tərəfdən, Paşinyan “konkret təkliflər" gözlədiyini açıqlayır. Yəqin ki, bu təkliflər status məsələsi və digər demarkasiya məsələləri barədə olacaq. Halbuki, onlar nəzərə almalıdır ki, Azərbaycan onsuz da Ermənistana sərhədin delimitasiyası məsələsinin də daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib və danışıqlar yalnız bu proqram çərçivəsində aparılmalıdır. Nikol Paşinyan isə qətiyyətlə danışıqları əvvəlki mərhələyə qaytarmaq istəyir.

Bunlar azmış kimi, erməni baş nazir yenidən sərhəddə “beynəlxalq monitorinq mexanizminin işə salınması" təklifini gündəmə gətirir və bunun üçün ya KTMT, ya da Minsk qrupu həmsədrlərinin gəlişini dəstəkləyir. Bölgədə kommunikasiyasının bərpasının, kommunikasiya üzrə üçtərəfli işçi qrupunun yenidən fəaliyyət başlamasının və qonşu ölkələrlə münasibətlərin normallaşmasının Ermənistan üçün prioritet olduğunu qeyd edir. Paşinyanın açıqlamasındakı ilk iki məqamın hədəfi, qərbin istədiyini vermək, erməni ictimaiyyətində Qarabağ kartını əlində saxlamaq, "sülh istəməyən Azərbaycandır” rəyini yaratmaq, üçüncü məqam isə sərhəd məsələsində Rusiyanın dəstəyini qazanmağa hesablanıb.

Görünür daha əvvəl bölgədə səfərdə olan, S.Zasın İrəvan səfərində KTMT-nin bölgəyə gəlişi ilə bağlı konkret nəticələr əldə edilməyib və İrəvan Moskvaya yenidən "alternativin olduğu” mesajını verir.

Başqa bir məqam isə istəyinə nail olmaq üçün birbaşa Rusiyanın maraqlarına uyğun mövqe sərgiləməyə hesablanıb. Nikol bildirir ki, “regional əlaqələrin açılması tez həll edilməli məsələdir". Ruslar üçtərəfli razılaşmalarda, əsasən, kommunikasiyanın açılmasını sürətləndirmək istəyir. Hərçənd ki, bunun üçün öncə sərhədlərin delimitasiyası prosesi həyata keçirilməlidir.

Paşinyan da rusların istəyini tezləşdirmək haqda sözlərindən dərhal sonra qeyd edir "Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı mövqeyimiz dəyişməzdir. Düşünürük ki, bu istiqamətdə işlər də gücləndirilməlidir" və bununla Moskvaya "sərhədin müəyyənləşməsində bizə dəstək ver" mesajını verir.

Paşinyanın açıqlamasından çıxan yekun nəticəyə görə, Ermənistan sərhəddə Azərbaycan Ordusunun mövqelərindən geri çəkilməsini istəyir. Bu kontekstdə dünən Ermənistan XİN Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri ilə bağlı verdiyi bəyanat diqqət çəkir. Bəyanatda iddia olunur ki, 10 noyabr razılaşmasında “qoşunların çıxarılması" ifadəsi yer almayıb və buna İrəvan erməni hərbi birləşmələrini bölgədən çıxarmaq niyyətində deyil. Nikolun bu gün dediyi "əraziləri işğal etmək niyyətimiz yoxdur, niyyətimiz suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır" açıqlaması fonunda Ermənistan XİN-in bəyanatını da belə oxuya bilərik: Azərbaycan sərhəd istiqamətində bizim ərazimizdən çıxmasa, biz də Qarabağdan erməni qoşunlarını çıxarmırıq. Hərçənd ki, S.Zasın İrəvan səfəri, Lavrovun zəngi və Azərbaycanın rus sülhməramlılarına açıq xəbərdarlığı fonunda bu açıqlamanın arxasında Rusiyanın dayandığı da istisna deyil. Belə görünür ki, qarşı tərəfin başa düşdüyü hərbi dildən başqa yol yoxdur, sərhəddə də, Qarabağda da.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə