Sərhəddə nə baş verir? - ANALIZ

Azərbaycan Ermənistanla 30 ilə yaxın müddətdir nəzarətsiz qalan sərhədlərini müəyyənləşdirməyə başlayıb. Ermənilər artıq Azərbaycan hərbçilərini daha yaxınlarında görürlər. İrəvan bu vəziyyətdə sərhədin müəyyənləşməsi məqsədilə Bakı ilə danışıqlara razı olmaq əvəzinə Rusiyaya yalvarmağa başlayıb ki, gəlin sərhəddə yerləşin. Əslində Ermənistan mülki vətəndaşların mühafizəsini bəhanə etsə də, məqsədi sadəcə, Azərbaycanın delmitasiya prosesini ləngitməkdir.

Belə ki, çağırışlar müharibənin başlanğıcından bəri başlasa da, Moskva bu çağırışlara reaksiya vermirdi və Ermənistanda parlament seçkilərinin nəticəsini gözləyirdi. Seçki arxada qaldı və Nikol Paşinyan kürsüsünü qorudu. Göründüyü qədəri ilə rəsmi Kreml Ermənistanda Paşinyan reallığını qəbul etdi. Bundan sonra Rusiyanın Ermənistandakı səfiri və ayrı-ayrı rus generallar tez-tez sərhəd ərazilərdə görünməyə başladılar.

Aydın oldu ki, Rusiya Ermənistanın Türkiyə və İranla yanaşı, Azərbaycanla sərhədində də yerləşməyə hazırlaşır. Ancaq Ermənistanın Türkiyə və İrandan fərqli olaraq Azərbaycanla sərhədində bəzi xəttlər müəyyən olunmayıb. Rusiyalı sərhədçilərin sərhədin müəyyən olunmayan kəsimində yerləşməsi Azərbaycanın haqlı narazılığına səbəb ola bilərdi. Elə buna görə də Moskva risk etmədi. Rusiya öz hərbçilərini hələ də sərhədin delimitasiya və demarkasiya olunmamış hissələrinə göndərmir. Lakin Rusiyanın bu yöndə edə biləcəkləri dəqiqliklə hesablanmalı və adekvat tədbirlər hazır olunmalıdır.

Politoloqlar bildirir ki, Ermənistan normal idarəçiliyə malik dövlət olsa, delimitasiya və demarkasiya işləri yekunlaşandan sonra o biri tərəfdə hansı ölkənin sərhədçilərinin xidmət çəkəcəyi Azərbaycanı maraqlandırmayacaq. Ancaq Ermənistanın Türkiyə və İranla sərhədi ilə Azərbaycanla sərhədi arasında fərq var. Ermənistanın Türkiyə və İranla sərhədində insident baş vermir. Digər tərəfdən kim zəmanət verə bilər ki, Ermənistan ordusu Azərbaycanla sərhədə təxribat törədib rusiyalı sərhədçilərin arxasında gizlənməyəcək? Misal üçün, rusiyalı hərbçilər Qarabağdadırlar, ancaq elə rusiyalı hərbçilərin nəzarət etdiyi ərazilərdən Şuşa atəşə tutuldu. Mümkündür ki, bu hallar sərhəddə də baş verə bilər.

Bu mənada rəsmi Bakının Moskvadan müxtəlif kanallarla hesabat istəməyə haqqı çatır. Kremlə ən azı iki sual ünvanlanmalıdır: Rusiya öz hərbçilərini hansı məqsədlə Ermənistan - Azərbaycan sərhədində yerləşdirir? Rusiya hərbçiləri onların nəzarət etdiyi Ermənistan ərazisindən Azərbaycana qarşı hər hansı təxribatın baş verməyəcəyinə təminat verirmi? Məsələ burasındadır ki, o tərəfdən bizə qarşı təxribat baş verərsə biz cavab vermək məcburiyyətində qalacağıq Bunun məsuliyyəti isə artıq Rusiyanın üzərində olacaq. Belə çıxır ki, İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur.

Rusiya bizə müxtəlif vədlər verə bilər, ancaq reallıq fərqli nəticələrə də gətirib çıxara bilər. Rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti isə uzun müddətdir davam edir. Hazırda elə bir mərhələyə gəlmişik ki, strateji tərəfdaşlarımızla çalışmalarımızı genişləndirməliyik. Prezident İlham Əliyev özü də hər dəfə vurğulayır ki, dünyada Türkiyə-Azərbaycan ittifaqının bənzəri yoxdur. Azərbaycan ordusu Türkiyə ordusunun modelinə çevrilməlidir və s. Demək ki, təhlükəsizlik siyasətini bu tezislər əsasında formalaşdırmalıyıq. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirirsə, Azərbaycanla sərhəddə hərbçilərini yerləşdirirsə, biz niyə eyni işi Türkiyə ilə görməməliyik?

Hər halda bütün bu məqamlar müdrik siyasətçi olan Ali Baş Komandanımız tərəfindən planlaşdırılıb. Bu uzaqgörən planların isə məxfi olmağı nə dərəcədə narahatlıqlara səbəb olsa da məcburiyyətdir. Belə ki, xalqa açıq olan hansısa plan artıq siyasi addım olmaqdan çıxır. Siyasətin ən mühüm özəlliyi onun məxfiliyidir. Məsələn, biz 44 günlük müharibə dövründən əvvəl düşünmürdük ki, bu qədər qısa müddət ərzində Şuşamızı qaytara bilərik. Amma Ali Baş Komandanın siyasi səriştəsi bizi Şuşaya apardı. Deməli elə delmiyasiyanın bərpasında da dövlətimizə inanmaq olar.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə