Azərbaycanın yeni tarixini yazan Qalib Lider

İnsan həyatı o qədər də uzun deyil. Bu həqiqəti dərk etməyə başlayandan hər birimiz həyatımızın hər günündə bir sevinc işartısı axtarmağa başlamışdıq. Amma qəlbimizin dərinliyində bizi sızladan, gizli-gizli ağladan və həyatımızın böyük bir hissəsini yandırıb külə döndərən bir nisgil vardı - Qarabağ nisgili.

Vətən nisgili, itirilmiş torpaq ağrısı, aşağılanmış qürur acısı, övladlarımızın gözlərinə kişi kimi baxa bilməmək xəcaləti şüurumuza, varlığımıza hakim kəsilmişdi. Amma bu nisgilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə, real və Məğlubedilməz Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladığı gündən son qoyuldu. İlk gündən Ali baş Komandanımız xalqımıza qələbə müjdləsini çatdırdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı.

Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 30 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Buna Ali Baş Komandan İlham Əliyev nail oldu.

Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, xalqa müraciətlərində, bir çox ölkələrin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırdı, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etdi. Bütün dünya həqiqətləri məhz Azərbaycanın dövlət başçısından, ən etibarlı mənbədən əldə etdi. Azərbaycan işğalçı ölkənin və erməni diasporunun yalan təbliğatını, çirkin qara piar kampaniyasını dövlət başçısının qətiyyəti sayəsində darmadağın etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali baş Komandanı İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: "Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldik. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!".

Biz bu qələbəni döyüş meydanında qazandıq. Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Bu gün bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə tarixini yaşayır.

Şanlı tarixin yazılmasının əsas memarı isə Ali Baş Komandan, QALİB SƏRKƏRDƏ İlham Əliyev cənablarının son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasıdır. Azərbaycan xalqı bundan sonra da yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Qarabağ Azərbaycandır!

Həmid PƏNAHOV,

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...