Ermənistan prezidentinin cəfəngiyatları TƏHLİL

Armen Sarkisyanın son fikirlərinə münasibətdə cəmiyyətin və siyasi quruluşun susqunluğu və laqeydliyi bir daha Ermənistanın yaşadığı böhranın dərinliyini təsdiqləyir. Əslində, Ermənistana məxsus mətbuat səhifələri artıq bu böhran barədə yazır və beləliklə bir növ, hər zaman etiraflardan boyun qaçıran Ermənistan indi çox məqamlar barədə etiraflar edir.

Ermənistan prezidenti Armen Sarkisyan, bu ölkənin rəsmi xəbərlərinə görə, koronavirus xəstəliyindən əziyyət çəkir. O, bu vəziyyətdə hələ "Mənalı bir dövlət qurmağın qaçılmazlığı haqqında" da bir məqalə yazıb. Ermənistan cəmiyyətinin yalanlar üzərində qurulan mövcudluğunu nəzərə alaraq düşünürük ki, Armen Vardanoviç həqiqətən xəstədir ya yox, bu da hələ bəlli deyil, amma heç şübhəsiz, bu, müzakirə mövzusu da deyil. Müzakirə mövzusu odur ki, erməni prezident guya Ermənistanın yaşadığı "çətinliklər zamanı"-nın təsvirinə, ümummilli psixoloji ümidsizliyə, müttəfiqlərin axtarışına çox diqqət yetirir. Guya Sarkisyan ölkəsinin itkilərinin səbəblərini və şərtlərini təhlil edir. Bu təhlilinin nəticəsi olaraq, hər kəsi "məhsuldar fəaliyyətə" çağıraraq erməni vətəndaşları nikbinliklə nəfəs almağa bir növ məcbur edir. Amma, bu böyüklükdə postu məşğul edən kəs elə bil anlamır ki, məcburiyyətlə, yaxud, tövsiyyə ilə nikbinlik olmaz. Bunun üçün şərait və imkan tələb olunur ki, bunların heç biri, göründüyü kimi, Ermənistanda yoxdur.

Ermənistanda president deyilən bir kəsin yox, ümumiyyətlə, bu postun həddindən artıq anormal olduğu aydın məsələdir və hər kəsə bəllidir. Bəllidir ki, bu ölkədə prezident sadəcə, formal xarakter daşıyır. Heç bir qərarın, heç bir əmrin verilməsində, eləcə də proseslərdə az qala səlahiyyət belə sahibi deyil. Çünki, bu ölkədə bütün qərarları baş nazir, özü də Nikol Paşinyan kimi bir idarəçilikdən anlayışsız axmaq verirsə və buna Ermənistan prezidenti qarşı çıxa bilmirsə, deməli hər məqam aydın olur. Elə bil ki, Ermənistanın prezidenti bu işğalçı ölkədəki siyasi proseslərə bir növ uzaqdan baxır, sanki seyr edir, bəzən də çox qabağa gedəndə yalnız şərh verir, ya da təhlil edir. Yəni, bu ölkənin prezidentinı bundan artığına imkan verilmir.

Ən maraqlı və təzadlı məqam odur ki, Ermənistan prezidenti bu ölkədəki vəziyyəti guya təhlil edərkən sanki erməni diasporunu günahkar kimi göstərir. Görəsən, bir ölkə diaspor hesabına mövcudluğunu qorumalıdırmı? Bir ölkə özünü işğalçılıq siyasəti sayəsində məhvə sürükləyibsə, daha dəqiq desək, ölkə hakimiyyəti yalnız işğalçılıq siyasəti yürüdübsə və heç bir nailiyyət əldə etməyibsə, əvəzində dövlətini, vətəndaşlarını hər şeydən məhrum edibsə, dövlətini marginallaşmış, küncə qısılmış bir vəziyyətə salıbsa, bu zaman günahı diasporda axtarmaq bəlkə də Ermənistan prezidentindən başqa heç kimin ağlına gəlməzdi. Əlbəttə ki, bu vəziyyətdə erməni prezident də başadüşüləndir, çünki, digər ermənilərlə yanaşı onun da aləmində, düşüncəsində erməni diaspor təşkilatlarına güvənməkdən başqa bir şey yoxdur. Əslinə qalanda, elə Ermənistanın diaspordan, bəzi himayədarlardan başqa nəyi var axı?

Yaxşı, bəs Armen Vardanoviç Ermənistan və onun xilası üçün hansı konkret addımları təklif edir? Bəli, o, müharibənin nəticələrini aradan qaldırmaq, ölkəni böhrandan çıxarmaq üçün bir yol xəritəsi hazırlamaq və həyata keçirmək, eləcə də Konstitusiya da daxil olmaqla əsas qanunvericiliyi hazırlamaq kimi üç addım təklif elədi. Ancaq, məlum məsələdir ki, bunların hamısı ümumi sözlərdir. Onun sadaladığı məqamların hər biri bir çox suallar doğurur və bu suallara bir ölkə prezidenti kimi aydınlıq gətirməli, strategiya irəli sürməli idi ki, eyni ilə baş nazir Paşinyan kimi, bunu etmədi və söz yığını ilə kifayətləndi. Çünki, deyəcək söz, ölkəsində buna imkan və şərait yoxdur.

Maraqlıdır, erməni prezident müharibənin nəticələrini hansı qüvvələrin və hansı vasitələrin hesabına aradan qaldırmaq fikrindədir? Bəs, Sarkisyan ölkəsinin hansı yolla böhrandan çıxacağını ümumiyyətlə düşünübmü və bunun üçün potensial varmı? Yaxud, əsas qanunvericiliyin kim tərəfindən, necə hazırlanacağını təsəvvür edirmi və məgər bilmirmi ki, Paşinyan kimi bir avantürist olan yerdə, ümumiyyətlə mövcud şəraitdə bu mümkünsüzdür?

Ən gülünc olanı da odur ki, bu əldəqayrma erməni prezident ermənilərin işğalda saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində itirdiyi torpaqların geri qaytarılmasından danışır. Az qala 30 il müddətində işğalda saxladıqları və müvəqqəti də olsa, əllərində olanı saxlaya bilməyənlər, bunun üçün Azərbaycan Ordusuna müqavimət göstərə bilməyənlər, 80 faizi dağılmış hərbisi, qalmayan arsenalı ilə nədən dəm vura bilər? Deməli, erməni prezsidentin bu dedikləri cəfəngiyatdır. Ermənistan prezidentinin cəfəngiyyatları bitib-tükənən deyil, amma reallıq odur ki, Ermənistan özü artıq tükənib.

Bu işğalçı ölkə prezidenti təhlükəsizliyini necə təmin etmək barədə düşünürmü? Ordusunu necə bərpa edə bilər? Qaçqınları hara yerləşdirmək, harada onlar üçün iş yerləri təmin etmək qərarındadır? Sosial layihələrin maliyyələşdirmə mənbələri dedikdə, hansı mənbələri nəzərdə tuta bilər, təbii ki, əgər bunlar yoxdursa? Sarkisyanın məqaləsində bu sualların heç birinə cavab verilmir. Belə çıxır ki, yəni bütün bunları “kimsə” etməlidir və kimin də edəcəyi dəqiq məlum deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə