Bayden dönəmində qlobalistlər Rusiyaya qarşı hücuma keçə bilər - AÇIQLAMA

"Dağlıq Qarabağda problemin çözülməsi ilə bağlı razılıq Rusiya, Azərbaycan və Ermənistanın rəhbərlərinin birgə imzaladığı üçtərəfli saziş əsasında əldə edilib. Minsk qrupunda təmsil olunmuş iki həmsədr dövlət- ABŞ-la Fransa indiyədək bu problemin həlli istiqamətində hansısa addım atmayıblar. Onlar status-kvo vəziyyətinin qalmasında maraqlı olduqlarını göstərdilər. Onlardan fərqli olaraq isə Rusiya aktivlik göstərdi və müharibənin Azərbaycan ərazisində getdiyini dedi. Eyni zamanda, Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğuladı. Bunun qarşılığında isə biz Fransa Senatının qərarını gördük". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, bu üçtərəfli saziş NATO-nun Cənubi Qafqazla bağlı mövqelərinə ciddi zərbə oldu: "Rusiya əslində Cənubi Qafqazda rəqiblərini oyundan kənarda qoymuş oldu. Bu da NATO tərəfindən adekvat addımların atılmasına səbəb oldu. Qaldı ki, Suriyada Rusiyanın güclənməsinə, etiraf etmək lazımdır ki, Rusiya orada qanuni şəkildə təmsil olunan tərəfdir. NATO isə burada özünə sərf edən bufer zonalar yaratmağa çalışırdı. Bu da müəyyən mənada Türkiyənin və İranın ərazi bütövlüyünə təhdid idi. Ən əsası isə Suriyada beynəlxalq terrorizmin inkişafına səbəb Qərb oldu. Rusiyanın Türkiyənin və İranın birgə səyləri nəticəsində Suriyadakı beynəlxalq terrorizmin ətraf ölkələrə metastaz verməsinin qarşısı alındı. Türkiyə 3.5 milyon qaçqını öz ərazisində yerləşdirib. Əgər bu Avropaya buraxılsaydı böyük problemlər yaradardı. Bu istiqamətdə Rusiyanın atdığı addımları MDB məkanında öz maraqlarını qorumaq üçün yürüdülmüş siyasət kimi dəyərləndirmək olar".

E.Manafov vurğulayıb ki, NATO-nun Cənubi Qafqaza müdaxiləsi bölgəni Suriyanın vəziyyətinə döndərə bilər: "Ukraynanın Donbas və Donesk istiqamətində hərbi əməliyyatlara başlamasını da Qərbin sifarişi olduğunu düşünürəm və Bayden iqtidarı dönəmində qlobalistlərin Rusiyaya qarşı daha böyük müstəvidə hücuma keçəcəyini istisna etmirəm. Bu gün Cənubi Qafqazda sabitliyin qorunması məhz Rusiya ilə Türkiyə arasında əldə edilmiş razılıq əsasında mümkün olacaq. Qərbin, konkret olaraq NATO-nun bu bölgəyə müdaxiləsi böyük problemlər yaradacaq. NATO-nun bu istiqamətdə irəliləməsi İran tərəfindən adekvat addımların atılması ilə də nəticələnəcək. Onsuz da İran nüvə çalışmaları ilə məşğul olan məşhur aliminin öldürülməsinə görə Qərblə xüsusi problemlər yaşayır. NATO-nun regiona müdaxiləsi Cənubi Qafqazı Suriyaya çevirə bilər ki, ümid edirəm Azərbaycan dövləti bu oyunda yer almayacaq. Qaldı Belarus məsələsinə, orada qərbyönümlü müxalifət parçalanmış vəziyyətdədir. Digər tərəfdən rusiyayönlü müxalifət də var ki, Moskva onları Lukaşenkoya alternativ olaraq saxlayır. Əgər Lukaşenko devrilərsə, Rusiya Belarusda həmin müxalif qüvvələrdən istifadə edəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə