Bu qərar dövlətimizin humanist siyasətinin təzahürüdür - MÖVQE ÖZƏL

"Törətdiyi cinayət əməli məhkəmədə sübuta yetirilən və 4,3 il müddətinə azadlıqdan məhrum olunan Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. Cəmiyyətimizin ziyalıları, tanınmış ictimaiyyət nümayəndələri, yazıçıları, Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət ediblər. Lakin hər zaman olduğu kimi heç bir fəaliyyəti olmayan, əsas işləri sosial şəbəkələrdə qeybət, yalan yaymaq olanlar bu məsələdən də hər vəchlə öz məqsədləri üçün istifadə etməyə çalışdılar. Radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı "qələbə" kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, onlar üçün insan həyatının heç bir dəyəri yoxdur. T.Yaqublunun qızı Nigar Həsi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar. Əslində bu insanları maraqlandıran məsələ Yaqublunun həyatı yox, öz şoularını daha rəngarəng etmək cəhdi idi. Burada təəccüblü bir şey də yoxdur. Neftin qiymətinin aşağı düşməsinə, iqtisadiyyatın geriləməsinə sevinənələr, insanların sosial durumunun ağırlaşmasını istəyənlər, koronavirus pandemiyasının geniş yayılmasını arzulayanlardən bundan artıq münasibət gözləmək mümkün deyil". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, haqlı olaraq ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri QHT və siyasi partiya nümayəndələri T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki 5-ci kolonu ciddi şəkildə qınadılar: "Çünki insanlar kim kimin olduğunu, hansı dəyirmana su tökdüklərini gözəl anlayırlar. Beləliklə də bundan öz məqsədləri üçün yararlanmaq istəyən radikal müxalifətin və 5-ci kolonun fürsətçil, cılız siması bir daha aydın və ifşa oldu".

Politoloq bildirib ki, Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb: "TƏBİB-in rəsmi şəxsləri və həkimləri, pentensiar xidmətin əməkdaşları xəstəxanada onun yanında olublar və səhhətini nəzarətdə saxlayıblar. Azərbaycan hüquqi dövlətdir. Hüququn ən ali prinsipləri ilə idarə olunan dövlətdir. Ölkəmizdə hər bir vətəndaşın hüquqları qorunur və ona hörmət olunur. Hazırda məhkəmə T.Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir".

Ş.Həsənova vurğulayıb ki, T.Yaqublunun həkimi Adil Qeybulla həmin qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti şouya və kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin insanlıqdan uzaq davranışını qınadı: "Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur. T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə