"Tofiq Yaqublu dövlətimizin hümanizm siyasəti sayəsində evinə gedə bilib" ÖZƏL-MÜNASİBƏT

“Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

“Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı. Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimizin Tofiq Yaqublu üçün istisna hümanist mövqe ortaya qoymasını xahiş edirdilər. Bax, Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi.

Hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamımız tərəfindən alqışlanır. Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin hümanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin hümanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”-deyə, H.Babaoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...