“Soros” Fondu Paşinyanın qarşısında başqa məqsədlər qoymuşdu" ÖZƏL-MÜNASİBƏT

“Soros” Fondu müəyyən ölkələrdə öz məqsədlərini həyata keçirmək üçün demokratiya şüarı altında müəyyən qüvvələri maliyyələşdirir, dövlət çevrilişlərinə dəstək verir. Ermənistanda Paşinyanın hakimiyyətə gəlişini maliyyələşdirən də “Soros” Fondu olub. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Ermənistan əhalisi Sarkisyanın oğru və qatil hakimiyyətindən cana gəlmişdi və ölkə rəhbərliyinə kimin gəlməsindən asılı olmayaraq hakimiyyətin çevrilişinə razı idi: “Belə bir vaxtda “Soros” Fondu saqqalı, kürəyində arxa çantası, üzündə yazıq və məzlum sifəti olan Nikol Paşinyanı ortaya çıxartdı və əvvəlki hakimiyyətindən cana gəlmiş ermənilər Paşinyanın arxasınca getdi. Paşinyan ermənilərə cənnəti vəd etmişdi. Amma Paşinyan hakimiyyəti dövründə bu gün ermənilərin vəziyyəti əvvəlkindən də pisləşmişdir. Əslində “Soros” Fondu Paşinyanın qarşısında başqa məqsədlər qoymuşdu. Bu, KTMT-dən, Avrasiya İttifaqından ayrılmaq və Qərbə inteqrasiya olunmaq idi. Paşinyan təzə hakimiyyətə gələndə siyasətini öz havadarlarının istəyinə uyğunlaşdırmaq istədi. Amma Ermənistan Rusiyanın vassalı olduğundan hakimiyyətə kim gəlməsindən asılı olmayaraq xarici siyasətində əvvəlki xəttini davam etdirməyə məcburdur. Bu gün Ermənistan öz mövqeyi olmayan asılı ölkəyə çevrilmişdir. Xarici siyasətində Paşinyan kimin yanına gedirsə onun xoşuna gəlməyinə çalışır. Bu da Ermənistanın müstəqil ölkə olmadığının göstəricisidir.

Tovuz hadisələrin baş verməsində və sonra KTMT-nin və xüsusilə Rusiyanın ətəyindən yapışaraq ağlaşmanın qurmasında bunu bir daha sübut etdi. Hər dəfə Azərbaycana qarşı təxribat törətməyə cəhd edən ermənilər böyük itkilərlə üzləşərək geri oturmağına məcbur olması, ölkə daxilində iqtisadi-sosial vəziyyətinin acınacaqlı durumda olması və əsgər ölümləri Ermənistanda daxili narazılığı pik həddə gətirib. Bu da Paşinyan hakimiyyətinin uzunömürlü olmayacağına proqnoz verməyimizə imkan verir. Onu da qeyd etmək istəyirəm ki, dünyanın heç bir ölkəsində xarici dairələrin dəstəyi ilə gəlmiş hakimiyyətin ömrü uzun olmur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...