Tramp Azərbaycanla münasibətlərində müsbət mənada seçilən prezidentlərdəndir - ŞƏRH ÖZƏL

“Amerikada Corc Floydun ölümünü qaradərili, ağdərili kimi yox, sadəcə insan ölümü kimi dəyərləndirmək lazımdır. Hər bir halda çox acınacaqlı vəziyyətdir. Azərbaycan tolerant ölkədir, ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yaşayır və heç vaxt onlara irqi ayrıseçkilik olunmayıb. Nə siyasi baxışına, nə irqinə, nə də dini mənsubiyyətinə görə Azərbaycan dövləti heç bir ayrıseçkilik etməyib və hər zaman tolerantlıq nümunələri göstərib, təbliğ edib”. Bunu SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, əlbəttə ki, demokratiyanın beşiyi sayılan bir ölkədə bu cür hadisənin baş verməsi və hadisə fonunda ölkədə ixtişaşlar yaranması xoşagəlməzdir: “Etirazçılara hökumət tərəfdən güc tətbiq edilməsini pislədiyimiz kimi, digər tərəfdən aksiya iştirakçılarının zorakı tədbirlərə əl atması- mağazaların qəsb edilməsi, maşınların yandırılmasını da pisləyirik. Hazırki vəziyyətdən istifadə edərək bəzi vətəndaşların xuliqan elementlərdən istifadə etməsi acınacaqlıdır. ABŞ-da Azərbaycan vətəndaşları da yaşayır. Orada bizim səfirliyimiz fəaliyyət göstərir və təhsil almaq üçün ABŞ-a üz tutan tələbələrimiz də az deyil. Ona görə də bu hal bizi daha da narahat olmağa vadar edir”.

Y.Bağırzadə vurğulayıb ki, Azərbaycanın ABŞ-la çox yaxşı qarşılıqlı münasibətləri var: “Bu yaxınlarda Azərbaycanın müstəqilliyinin il dönümü ilə əlaqədar olaraq ABŞ prezidenti Donald Trampın və ABŞ konqresmenlərinin, dövlət katibi Pompeonun cənab prezident İlham Əliyevə təbrik məktubları ünvanlamaları iki ölkə arasında mədəni əlaqələrin günü-gündən genişlənməsindən xəbər verir. ABŞ konqresindəki demokratların erməni lobbisinin təsiri altında olduqları məlumdur. Xarici əlaqələr komitəsinin üzvü olan konqresmenin Azərbaycana qarşı hər zaman qeyri-obyektiv mövqedən çıxış etməsi də məlumdur. Bu gün ABŞ-da respublikaçılar hakimiyyətdədir və bizim onlarla həmişə yaxşı münasibətlərimiz olub. Cənab Tramp nadir ABŞ prezidentlərindəndir ki, Azərbaycanla yaxşı münasibətlər qurulmasının tərəfdarıdır. Bildiyiniz kimi bu yaxınlarda da ABŞ dövləti tərəfindən Dağlıq Qarabağa edilən yardımlar cənab Tramp tərəfindən xeyli azaldılıb. Yəni nəticə etibarilə demək olar ki, cənab Tramp Azərbaycanla münasibətlərində müsbət mənada seçilən prezidentlərdəndir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə