"Ermənilər lazım gəlsə iblislə də, şeytanla da ittifaqa girərlər" ÖZƏL-MÜNASİBƏT

Əlbəttə, İran üçün xoş deyil ki, gizli müttəfiqlik elədiyi Ermənistan İsraillə diplomatik əlaqələr qursun, ticarət və iqtisadi əlaqələri və sair qaydaya salsın. Bunu SİA-ya müsahibəsində politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, siyasətdə yazılmamış qanunlar var və hər bir dövlət öz maraqlarını düşünür və onun uğrunda mübarizə aparır. “İndiki halda Ermənistan üçün İsraillə əməkdaşlıq Azərbaycana qarşı mübarizədə mühüm rol oynaya bilər. Yəni ermənilər qarşlarına qoyduqları milli hədəfləri yerinə yetirmək üçün lazım gəlsə iblislə də, şeytanla da ittifaqa girəcəklər. Onlar bu gün İsraillə əlaqə qurmağa can atırlar, diplomatik münasibətlər yaratmaq istəyirlər və sair. Yeri gələndə belə deyək, İranı ayaqlayaraq onun üstündən keçib öz məqsədlərinə nail olmaq üçün hər şey edəcəklər. Bu erməni xislətinə, erməni ikiüzlülüyünə dəlalət edən əsas əlamətlərdən biridir və İran özü də kifayət qədər səmimi deyil.

İndiyə qədər ermənilərin tarix boyunca satmadığı, arxadan zərbə endirmədiyi dövlət və yaxud da qurum varmı? Ermənistanın bütün tarixi xəyanətlər və bu cür satqınlıqlarla doludur. Doğrudur, Ermənistan deyə bilər ki, milli maraqlarımız belə tələb edir və bu gün İsraillə əməkdaşlıq, diplomatik münasibətlərin yaradılması beynəlxalq hüquq normalarına uyğundur. Amma o tərəfdən də Ermənistan İrana, öz müttəfiqinə xəyanət edir. Lazım gələndə Ermənistan İrana arxadan xəncər də sancacaq. Bu, həmin xalqın da, dövlətin də xislətində olan bir şeydir. Amma, çətin ki, Ermənistan İsraillə münasibətləri Azərbaycan qədər normaya sala bilsin”, deyə Qabil Hüseynli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə