Ermənistan referenduma deyil, diktatorluğun leqallaşmasına doğru gedir ANALITIK

“Verantun” ictimai-siyasi klubu: “Hakimiyyət Ermənistan vətəndaşlarını da həmin prosesə cəlb etməyə məcbur edir”

Nikol Paşinyanın xarici siyasi arenalarda uğradığı diplomatik məğlubiyyətləri və ölkədaxili nüfuzunun sürətlə aşağı düşməsi faktı nəticədə xalqın iradəsi əleyhinə referendumun keçirilməsi qərarı ilə başa çatdı. Məhz bu vasitə ilə hakimiyyətinin ömrünü uzatmağa cəhd edən baş nazir qarşılaşdığı məğlubiyyətlərini ört-basdır etməyə çalışır. Əbəs deyil ki, məlum Münhen məğlubiyyətinin ardınca Ermənistanın bir sıra ictimai-siyasi xadimləri, politoloqları, hətta sadə vətəndaşları tərəfindən məsxərəyə qoyulan erməni baş nazir xilas yolunu məhz aprelin 5-də keçiriləcək referendumda axtarır. Ancaq o xilas ola biləcəkmi? Yaxud, Paşinyan referendum vasitəsi ilə nəyə, kimlərə və ya hansı “strategiyasına” ümid edir? Əslində, erməni baş nazirin çıxış yolu ümumiyyətlə qalmayıb. Çünki onun referendum keçirmək haqqında parlamentdə qəbul etdirdiyi (!) qərar xalq tərəfindən, habelə aktiv fəaliyyət göstərən çoxsaylı siyasi-ictimai təşkilatlar tərəfindən qəbul olunmur, rədd edilir. Məsələn, Ermənistanın tanınmış ictimai-siyasi klubu hesab edilən “Vernantun” bugünlərdə bəyanat yayıb və həmin bəyanatında ölkə konstitusiyasında ediləcək dəyişikliklərlə bağlı keçirilməsi nəzərdə tutulan referenduma qarşı çıxış edib. Kifayət qədər sərt və kəskin ifadələrlə müşayiət olunan bəyanatda bildirilir ki, aprelin 5-də təşkil olunan referendum antikonstitusion, qanunsuz və xalq əleyhinədir. SİTAT: “Referenduma konstitusiyanın artıq qüvvəsini itirmiş 213-cü maddəsində dəyişiklik məsələsi qaldırılıb. Bu hüquqi mənada nonsensdir. Referendumun keçirilməsi qərarı həm tərkibinə görə, həm də formasına görə həssasdır. Hakimiyyət parlament çoxluğunu bu kimi antikonstitusion prosesə cəlb edib və indi də Ermənistan vətəndaşlarını da həmin prosesə cəlb etməyə məcbur edir”.

Klub, prezident Armen Sarkisyanı baş nazir Nikol Paşinyanın avantüraçılıq oyununa dəstək göstərdiyini də sübuta yetirib

İlk baxışdan da göründüyü kimi, əslində sadə vətəndaşlar referendumda iştirak etmək marağında deyillər, çünki Paşinyan rejiminin ömrünün uzanmasında da maraqları yoxdur. Daha doğrusu, bu hakimiyyət “məxməri inqilab” zamanı verdiyi vədlərinin heç birini həyata keçirməyib, əksinə, ölkəni daha ağır siyasi, iqtisadi və s. sahələrdəki tənəzzülünü sürətləndirib. Bu baxımdan, adıçəkilən ictimai-siyasi klub həmin bəyanatında digər bir neçə faktorlara toxunub. O cümlədən, bəyanatda əsas suçlanan tərəflərdən biri də, kölgədə qalan, yalnız baş nazir Nikol Paşinyanın tapşırıqlarını icra edən prezident Armen Sarkisyandır.

Paşinyanın məqsədi nədir?

“Vurğulamaq lazımdır ki, Ermənistanın prezidenti öz səlahiyyətləri çərçivəsində bu kimi siyasi avantüraçılığın qarşısını ala bilərdi, lakin o, gələcək məsuliyyəti nəzərə almayaraq, başqa variantı seçdi”, deyə ictimailəşdirilən bəyanatda o da bildirilib ki, həmin referendum baş tutarsa erməni xalqını daha hansı bəlalar gözləyir:

-Referendum vasitəsi ilə hakimiyyətin balanslaşdırma və səlahiyyətlərin bölünməsi prinsipini məhv etmək cəhdi dayanır;

- Konstitusiya məhkəməsini hakimiyyətin icta sturkturlarına tabe etmək;

- Birbaşa demokratiya ideyalarından sui-istifadə etməklə, onu dəyərsizləşdirməklə bir şəxsin üzərində hakimiyyət qurmaq.

Əllə idarə ediləcək konstitusiya məhkəməsi

Beləliklə, “Vernantun” ictimai-siyasi klubunun bəyanatı bir sıra məqamları üzə çıxarmaqla yanaşı, daha bir neçə amillərə toxunub. Məsələn, bildirilir ki, sözdə konstitusiya islahatları sadəcə yalan maşınıdır və sıravi vətəndaşa heç nə vəd etmir: “Bu referendumla “Artsax” (dırnaqlar bizimdir-R.N.) ətrafında baş verənləri ictimaiyyətin nəzərindən yayındırmağa çalışırlar, bundan əlavə, əllə idarə ediləcək konstitusiya məhkəməsinin formalaşması problemli siyasi və iqtisadi məsələlərdə istifadə ediləcək...”
Bütün bunlar həm də belə deməyə zəmin yaradır ki, Ermənistan vətəndaşlarını referenduma getməməyə, müqəddəratlarını daha ağır vəziyyətə sürükləməməyə çağıran erməni ictimai-siyasi klubu sözügedən bəyanatında onu da qeyd edib ki, əgər hər hansı şəxs referendumda iştirak edərsə, demək antikonstitusion tədbirin üzvünə çevriləcək.

Erməni xalqı diktator adlandırılan Paşinyanın hakimiyyətinin uzadılmasına “hə” deməyəcək

“İlk növbədə, qeyri-legitim referendumu rədd etmək lazımdır ki, diktator rejiminin təyin olunması prosesi baş tutmasın”, deyə həmin bəyanatda Ermənistan vətəndaşlarına çağırış olunub.

Xatırladaq ki, referendumda təklif olunur ki, konmstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyan və daha altı hakim vəzifələrindən uzaqlaşdırılsın. Maraqlıdır ki, layihə konstitusiya məhkəməsinin daha iki hakimi – Arman Dilanyanla Vaqe Qriqoryana aid deyil. Belə ki, onlar Ermənistanın mövcud konstitusiyasının qüvvəyə minməsindən sonra bu quruma hakim seçiliblər. Onların hakimlik təkliflərini isə Paşinyan irəli sürüb. Məhz bu hal da kifayət qədər qənaətə gəlməyə zəmin yaradır ki, referendum oyunu erməni baş nazirin növbəti siyasi fırıldağıdır və xalqın həmin refrerenduma gedəcəyi, artıq diktator adlandırılmağa başlanılan Paşinyanın hakimiyyətinin uzadılmasına “hə” deyəcəyi inandırıcı görünmür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə