Anna Nağdalyan danışıqların Ermənistan tərəfindən pozulduğunu etiraf edir

Ermənistan Azərbaycanla “Lavrov planını” müzakirə etmədiyini bəyan edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytına istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan İrəvanda keçirilən brifinqdə deyib.
İrəvanda keçirilən brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan Azərbaycan Xarici İşlər Nazirinin Dağlıq Qarabağla bağlı danışıqlarda qondarma "Lavrov Planı"nın müzakirə olunduğu barədə fikirlərini şərh edib.
Anna Nağdalyan bildirib ki, hazırda danışıqlarda heç bir sənəd müzakirə olunmur. Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququndan istifadə etmək üçün danışıqlar aparır.
“Bu o deməkdir ki, Qarabağ xalqı öz müqəddəratını təyinetmə üsulundan istifadə edə bilər, yəni Qarabağ xalqı Azərbaycanın suverenliyi və ərazi bütövlüyündən kənarda qərar verə bilər. Qarabağ xalqının öz müqəddəratını təyin etməsini nəzərdə tutmayan bu təkliflərin hamısı Ermənistan üçün qəbuledilməzdir", deyə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Qarabağın azərbaycanlı icmasının danışıqlarda mümkün iştirakı ilə bağlı açıqlamalara münasibət bildirən Anna Nağdalyan Dağlıq Qarabağın bir erməni muxtar bölgəsi olduğunu vurğulayıb və bu baxımdan Azərbaycan icmasının danışıqlar prosesinin iştirakçısı ola bilməyəcəyini iddia edib.
Əslində isə, “Lavrov planını”na da məhəl qoyulmadığını deyən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü danışıqların Ermənistan tərəfindən pozulduğunu etiraf edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə