Seçkiləri müşahidə etmək üçün Avropa Şurasına və 15 ölkəyə dəvət göndərilib

“Adətən, bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur”.
SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O, diqqətə çatdırıb ki, MSK Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərib.
“Adətən, bələdiyyə seçkilərində onlar müşahidə aparırlar. Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır”, deyə Mərkəzi Seçki Komissiyasının sədri bildirib.
Komissiya sədri qeyd edib ki, 15 müxtəlif ölkənin MSK-na da dəvət göndərilib. ”Həmçinin, Seçki Məcəlləsinin tələblərinə görə, Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”, deyə Məzahir Pənahov vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə