Qurani-Kərimin nazil olmasının 1400 illiyi münasibəti ilə müsəlman ölkələrinin dini işlər nazirləri bir araya gəlib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İstanbulda "Qurani-Kərim"in nazil olmasının 1400 illiyi münasibətilə təşkil olunan İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin dini işlər nazirlərinin görüşündə iştirak edib. Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirilən görüşə bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz Ət-Tüveyciri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxslərindən əlavə, İslam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar qatılıblar.

Tədbirin rəsmi açılış mərasimindən sonra İKT-yə üzv ölkələrin dini işlər nazirlərinin çıxışları başlanıb və ilk söz Hidayət Orucova verilib. Dövlət Komitəsinin sədri "Qurani-Kərim"in müsəlmanların və İslam dünyasının birliyi və həmrəyliyi baxımından böyük önəm daşıdığını qeyd edib.

O, bildirib ki, elm və texnikanın sürətli inkişaf etməsinə, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, İslam dininin həmrəylik və humanizm ideyalarına kölgə salınır. Hidayət Orucov müsəlman ölkələrinin dini problemlərdən əlavə, İslam dünyasında mövcud münaqişələrin həlli istiqamətində də səylərini gücləndirmələrinin, təcavüzə məruz qalmış din qardaşlarını müdafiə etmələrinin zəruriliyini bildirərək qeyd edib ki, bu, "Qurani-Kərim"in müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur.

H. Orucov prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə "Qurani-Kərim"in yüksək zövqlə, möhtəşəm poliqrafik icrada işıq üzü gördüyünü, bunun müqəddəs kitabın nəşri, ümumiyyətlə, Azərbaycanda İslam mədəniyyəti ilə bağlı əlamətdar hadisə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...