Elçin Mirzəbəyli: “Ərazi mübadiləsindən söhbət gedə bilməz” AÇIQLAMA

"Ərazi mübadiləsi məsələsi "Qobl" planında da yer almışdı. Bu məsələ yeni deyil. Həmin vaxt bu plana həm Azərbaycan, həm də Ermənistan etiraz etmişdi. İndiki halda Laçın və Mehri dəhlizi məsələlərinin müzakirə predmeti olub-olmadığını demək çətindir. Çünki, müzakirələrin detalları, son hadisələrdən sonra ortaya çıxan məqamlar prinsip etibarilə daha ətraflı formada kimsəyə bəlli deyil". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Laçından Ermənistana yol üçün müəyyən dəhliz veriləcəksə, onun müqabilində anoloji addım atılmalıdır: "Yəni söhbət Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan arasında birbaşa ərazinin olması və kommunikasiya xətlərinin açılmasından gedir. Kommunikasiya xətlərinin açılması kompleks yanaşmadır. Bunu hissə-hissə tətbiq etmək mümkün deyil. Yəni, bunun Dağlıq Qarabağa münasibətdə tətbiq edilib, Naxçıvana münasibətdə tətbiq edilməməsi düzgün deyil".

Politoloq xüsusilə vurğulayıb ki, Dağlıq Qarabağ da, Naxçıvan da beynəlxalq hüquqla tanınmış Azərbaycan əraziləridir: "Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yalnız kommunikasiyaların bərpa olunması aspektindən ortaya çıxa bilər. Burada ərazi mübadiləsindən söhbət gedə bilməz. Laçın da, Dağlıq Qarabağ da, Naxçıvan da Azərbaycan torpaqlarıdır. Naxçıvanla birbaşa kommunikasiyaların açılması tamamilə yeni bir yanaşma tələb edən məsələdir. Bu da regionda qarşılıqlı əməkdaşlığın və sülhün bərpa olunması istiqamətində atılan müstəvidə ortaya çıxan addımlardan qaynaqlana bilər. Təbii ki, bütün detallar müzakirələrdən sonra bəlli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə