Fransalı senator: "BMT erməni qoşunlarını Azərbaycan ərazilərindən çıxartmalıdır"

Fransa Senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə əlaqədar bəyanatla çıxış edib. SİA xəbər verir ki, bəyanatda deyilir: "Aydındır ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. Mövcud status-kvo qəbuledilməzdir. Biz tezliklə həll yolu tapmalıyıq. ATƏT-in Minsk qrupu heç bir səmərə verməyən "addım-addım" strategiyasından imtina etməli və hərəkətə keçməlidir. Azərbaycan özünün Dağlıq Qarabağ və ətraf yeddi rayonun - ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə olunmasını qəbul edə bilməz. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir. Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriyada və ya İraqda baş verənlərlə müqaisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə