"Mövqe hər hansı bir hadisəyə, ictimai-siyasi prosesə olan baxış tərzinin təzahürüdür. Fərdin hər hansı bir məsələyə heç bir mənafe güdmədən, məsələnin gerçək mahiyyətinə görə münasibət bildirməsi mövqenin obyektiv formasıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin koordinatoru Əli Qənbərli deyib.

Onun sözlərinə görə, hər hansı bir məsələdə tutduğun mövqenin doğruluğuna əmin olmaq üçün mütləq mənada həmin məsələnin gerçək mahiyyətinə varmaq lazımdır: "Gerçək mahiyyətə alternativ yanaşma yalançı və tərəfli mövqenin göstəricisidir. Hər hansı bir məsələdə fərdin, digər bir qüvvənin təsiri altında tərəfli münasibət sərgiləməsi halları da ola bilir, bu mövqenin subyektiv formasıdır. Subyektiv mövqe həmişə olmasa da, əksər məsələlərdə şəxsi mənafenin tələbindən qaynaqlanır.Ümumi məsələlərdə mövqeyimiz şəxsi mənafeyimizin əsiri olmamalıdır.Mövqe və mənafe anlayışları kiçik formada fərdləri, bundan bir qədər böyük formada cəmiyyətləri, cəmiyyətlərdən daha böyük formada isə dövlətləri (gələcəkdə isə bir neçə dövlətin birləşəcəyi və yeni struktura malik koalisiyaları) əhatə edir".

Qeyd edib ki, mövqenin düz və ya səhv seçilməsi dəqiq olaraq, sonda bəlli olur: "Biz əksər hallarda şəxsi ehtimallarımıza əsaslanan, qərarlarımıza görə mövqe seçirik.Hər hansı bir məsələdə mövqesizlik laqeyd münasibətin və ya qərarsızlığın təzahürüdür. Hazırkı beynəlxalq münasibətlərin subyekti olan dövlətlər üçün mövqe seçimi ən aktual məsələdir. Beynəlxalq münasibətlərin son 5 ilki inkişaf dinamikası o qədər dəyişib ki, dövlətlərarası məsələlərdə kiçik bir mövqe səhvi böyük problemlərə səbəb ola bilir. Əslində 25 -30 il bundan öncəki tarixə nəzər salsaq bu tendensiyanın heç də belə olmadığının şahidi olarıq. Fikrimcə, hazırkı dövrdə mövqeyini tərəfsiz seçən dövlətlərə qarşı olan aqressiya aqressiya nümayiş etdirən tərəfin həmin dövlətdə olan mənafeyinin itirilə bilməsinin göstəricisidir. Böyük dövlətlər mövqe seçmirlər, onların hər hansı bir məsələyə dair mənafelərindən qaynaqlanan münasibətləri olur. Həmin dövlətlər maraqlarını (siyasi, iqtisadi və.s) təmin etmək üçün mövqe formalaşdırırlar. Təbii ki, onların təsiri nəticəsində kiçik dövlətlərin formalaşdırdığı mövqe obyektivliyi əks etdirməyəcək. Tərəf siyasətinin astanasında olan adi dövlətləri regional dövlətlər mövqe seçməyə, regional dövlətləri isə fövqəl dövlətlər mövqe seçməyə vadar edir. Amma, bəzi hallarda adi dövlətlər regional dövlətlərin deyil, birbaşa olaraq fövqəl dövlətlərin maraqlarına uyğun mövqe seçirlər. Bu halda belə bir nəticəyə gəlmək olar ki, region dövləti ilə fövqəl gücə malik dövlətin maraqları üst-üstə düşür. Əks halda, regional gücə malik dövlətlər adi dövlətlərə birbaşa fövqəl gücə malik dövlətin maraqlarına uyğun mövqe seçdiyi üçün problemlər yarada bilər. Hazırkı, şəraitdə dünya miqyasında ən uğurlu siyasət balans siyasətidir.Hərçənd, bu siyasəti yürütmək çox çətindir, amma mümkünsüz deyil.Sadəcə olaraq dost dövlətlərlə güzəşt fonunda əməkdaşlıq etmək və ya kollektiv təhlükəsizlik modeli formasında təşkilatlanmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə