Gülağa Aslanlı: “Jurnalistlərin qurultayda iştirak etməsi barədə qərarımız yoxdur”

"Müsavat Partiyasının qurultayla bağlı son qərarı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı qurultayın şadlıq evlərinin birində keçirilməsi mümkünlüyünə münasibətini bildirərkən deyib.

Müsavat rəsmisi qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti onların müraciətlərinə cavab verərkən, onu da göstərmişdi ki, Bakı şəhərində olan şadlıq sarayları ilə danışıqlar aparıb, onlarla razılıq əldə edəndən sonra həmin struktura məlumat verilsin: "Yəni biz şadlıq saraylarının birində də qurultay keçirə bilərik. Həmin məktub qüvvədə qalır. Eyni zamanda o da bəllidir ki, Səttar Bəhlulzadə adına mədəniyyə evi də edilən təkliflər sırasındadır. Ona görə də qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi öz yığıncağında Səttar Bəhlulzadə adına mədəniyyət evinin rəhbərliyi ilə gələcək addımları aydınlaşdırmaq üçün fəaliyyətinə start verib. Lakin bununla yanaşı, şadlıq sarayları ilə danışıqlarımızı davam etdirmək fikrindəyik. Belə ki, qurultaya qalan müddət ərzində müvafiq şadlıq sarayı olarsa, orada təklif edilən qiymətlər bizə münasib olarsa, tədbirimizi məhz həmin məkanların birində keçirə bilərik".

Gülağa Aslanlı Müsavat kuluarlarında partiyanın nizamnaməsinin dəyişdiriləcəyi ilə bağlı gəzən söz-söhbətlərə də münasibətini bildirib. Başqan müavini deyib ki, nizamnamənin dəyişdirilməsi qurultayın səlahiyyətində olan bir məsələdir və hər bir qurultayda ərəfəsində nizamnaməyə dəyişikliklər barədə müxtəlf səpgili fikirlər səsləndirilir: "Ona görə də bu vaxta qədər nizamnamənin təkmilləşməsi istiqamətində müəyyən addımlar atılıb, yenə də bu baş verə bilər. Çünki hazırda da bu istiqamətdə təkliflər var. Ancaq həmin təklifləri indiki halda qəbul etmək mümkün deyil. Əgər qurultay keçirilərsə, həmin zaman irəli sürülən təkliflərə qiymət verilə bilər".

Müsavat rəsmisi jurnalistlərin qurultayda iştirakı ilə bağlı da heç bir qərarlarının olmadığını bildirib: "Yer məsələsi məlum olmadığı üçün jurnalistlərin qurultayda iştirak etməsi barədə qərarımız yoxdur. Hər halda jurnalistlərə dəvət göndəriləcək".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...