Bakıda “İqtisadiyyatın inkişafında antiinhisar siyasətin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə Azərbaycan Respublikasında antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar "İqtisadiyyatın inkişafında antiinhisar siyasətin rolu" mövzusunda beynəlxalq konfrans işə başlayıb. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanda həyata keçirilən antiinhisar siyasətinin mahiyyəti, onun bazar iqtisadiyyatına verdiyi töhfələr barədə danışıb. O, Azərbaycanda səmərəli antiinhisar siyasətinin həyata keçirilməsinə böyük önəm verildiyini, bu sahənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonra İqtisadi Siyasət Məsələləri üzrə Dövlət Müşaviri Xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev isə Azərbaycanda antiinhisar orqanının fəaliyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər, antiiinhisar orqanın səmərəli işinin istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən Beynəlxalq Antiinhisar Katibliyinin sədri Azam Usmanov bildirib ki, Azərbaycanda antiinhisar siyasəti ilə bağlı milli qanunvericiliyin, rəqabətədavamlı mühitin formalaşması istiqamətində böyük işlər görülüb: "Antiinhisar qanunvericiliyinin formalaşmasında azərbaycanlı həmkarlarımız 1993-cü il sazişinin və onun 2002- ci ildə yenilənmiş variantının tələblərinə əməl edirlər. Bu sahədə ölkənin mövqeyinin yaxşılaşması müşahidə olunur".

Konfransda yerli hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Avropa və MDB ölkələrinin antiinhisar orqanlarının rəhbər işçiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri və digər qonaqlar iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...