“Bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz!”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Xalqımızın ulu əcdadlarımızdan, ata-babalarımızdan aldığı tükənməz mirasın ən qədimi, ən zəngini dildir. Millətin ululuğu onun dilindən bəlli olur.Azərbaycan dili bəlağətli və musiqili dillərindən biridir. Bizim üçün də dünyanın ən gözəl dilidir. Rus ədəbiyyatının görkəmli nümayəndəsi M. Y. Lermantov yazırdı: “Mən çox dağlar aşdım, Şuşa, Quba, Şamaxı şəhərlərində oldum…Azərbaycanca öyrənməyə başladım, həmin dil burada və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir.” Azərbaycan dilinin lüğət tərkibinin zənginliyi, ahəngdarlığı, etimoloji baxımdan dərin köklərə gedib çıxması bu dilin qədimliyindən xəbər verir. Məşhur ingilis dilçisi Maks Müller Azərbaycan dilini belə tərənnüm edirdi: “Azəri türkcəsi öz qrammatik formaları, söz ehtiyyatı, üslub imkanları ilə barlı-bəhərli ağacı xatırladır, özü də bu ağac o qədər barlıdır ki, budaqları ağırlıqdan sına bilər ”.
Zamanın keşməkeşlərindən, dövrün sınaqlarından qalib kimi çıxan Azərbaycan dilinin saflığı, təmizliyi uğrunda tarixən mübarizə gedib. Ana dilimizin hüquqları əsrlər boyu xalqımızın mədəni həyatından, elmindən, yazılı ədəbiyyatından kənarlaşdırılıb. Lakin qüdrətli söz ustaları dilimizi ədəbiyyatımıza qaytarmağa müvəffəq olublar. Ana dilli poeziyamızın təşəkkülündə misilsiz xidmətləri olan İ. Həsənoğlunun ana dilimiz üçün açdığı cığırı sonralar Qazi Bürhanəddin, Kişvəri, Həbibi, Nəsimi, M. Füzuli, Ş.İ. Xətai kimi sənətkarlar böyük bir yola çevirdilər.
Məni bidil, bizəban qoyma, ya Rəbb,
Ki, bidillik, bizəbanlıq bəladır.
-deyən Məhəmməd Füzuli ana dilində şah əsərlər yaradaraq məhz bu dildə yazdıqları ilə neçə-neçə şairi təsir altına aldı.
Ümumiyyətlə, Azərbaycan şairlərinin yaradıcılığında ana dili məsələsi hər zaman aktual bir problem kimi qaldırılıb, yaradıcı qüvvələri daim düşündürüb. Qərinələrin dərinliyindən başlanan dil uğrunda mübarizə XIX əsrin sonlarında geniş vüsət almağa başlayıb. Ana dilli mətbuatın yaradılması, dərsliklərin hazırlanması, ana dilinin tədrisinə başlanılması dil uğrunda mübarizədə əldə edilən qələbə idi. Bu mənada M. Ş. Vazeh, S. Ə. Şirvani, H. Zərdabi, M. F. Axundzadə, kimi söz ustalarının əməyi qürurvericidir. Bu dövrdə dil uğrunda mübarizənin ən müsbət nəticəsi ana dilinə aid dərsliklərin meydana gəlməsi və anadilli mətbuatın yaranması oldu. Maarifçi alim, şair Mirzə Şəfi Vazeh Tiflis gimnaziyasının müəllimi İ. Qriqoryevlə birlikdə Azərbaycan dilinə aid olan ilk dərslik hesab olunan “Kitabi-türki” müntəxəbatını tərtib etdi. 1875-ci ilin iyul ayının 22-də Həsən bəy Zərdabi milli mətbuatın ilk nümunəsi olan “Əkinçi” qəzetinin ilk sayını nəşr etdi və bununla da anadilli mətbuatın əsasını qoydu. Atılan bu addımlar, ilk çırpıntılar ana dilinin təbliğinə, onun qorunması uğrunda mübarizəyə xidmət edirdi.
XIX əsrin 2-ci yarısında dilin təmizliyi uğrunda fədakar mübarizə aparan M.F. Axundzadə ömrünün 20 ildən çox hissəsini yeni əlifbanın yaradılması və onun həyata keçirilməsi uğrunda mübarizəyə həsr etdi, lakin sağlığında bu işi həyata keçirə bilmədi.
XX əsrin əvvəllərində dil uğrunda mübarizə özünün kuliminasiya nöqtəsinə çatdı. Sətir-sətir şam kimi yanaraq xalqın həyatının zülmət anlarına işıq salan “Molla Nəsrəddin” jurnalının C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlaması ana dilimizin varlığı, saflığı uğrunda mübarizəyə təkan verdi və bu mübarizədə sözün əsl mənasında bir cəbhə yaradıldı. Mirzə Cəlilin ana dili uğrundakı mübarizədə tutduğu sərrast yol digər mollanəsrəddinçilərin bu istiqamətdəki mövqelərinə öz müsbət təsirini göstərdi. Bu dövrdə bütün maarifçi ziyalılar dilin saflığı uğrunda mübarizəyə qoşuldular. Ə. Nəzmi, M. Ə. Sabir, Ə. Qəmküsar, Ə. Cavad kimi dövrünün aydınları şeirlərində insanları Azərbaycan dilini yad təsirlərdən qorumağa səsləyirdilər. “Dildən dilə düşdük, dilimiz bulmadı islah” satirik yanaşması ilə Əli Nəzmi ərəb əlifbasından yaxa qurtarmağa çağırışlar edir, yeni əlifba tərəfdarı olduğunu bəyan edirdi.
M. Ə. Sabir öz ana dilində danışmağı ar bilib əcnəbi dildə danışmağa üstünlük verən və bunu savadın bir əlaməti hesab edənlərin qənimi idi. Şair öz ana dilini bəyənməyib başqa dillərin təsirinə düşüb nitqlərini anlaşılmaz ifadələrlə süsləyən kəsləri tənqid atəşinə tuturdu.
Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa.
Çünki müsəlmanca qonuşmaq bana
Eyibdir! Öz eybimizi anlarıq
Ay barakallah, nə gözəl canlarıq!
“Molla Nəsrəddin” jurnalı Mirzə Cəlilin təbirincə desək, “açıq ana dilini çoban dili anlandıran”lara qarşı mübarizə aparırdı və sadə xalq dilinin əcnəbi sözlərlə bəzənmiş qəliz, qarışıq anlaşılmaz dildən –intelligentlərin, mollaların nitqlərindən daha üstün olduğunu sübuta yetirirdi. Aparılan mübarizələr Azərbaycan dilinin ədəbi dil səviyyəsində qəti olaraq formalaşmasına böyük təsir göstərdi.
Sovet hakimiyyəti illərində ana dili məsələsi milli kimlik uğrunda mübarizə kimi özünü biruzə verdi. Əgər XX əsrin əvvəllərində ana dilini ərəb, fars, Avropa mənşəli sözlərdən qorumaq zərurəti var idisə, sovet hakimiyyəti dövründə Azərbaycan dilinin rus dilinin təsirindən qorunması zərurəti var idi. Azərbaycan dili ali və orta ixtisas məktəblərində, hətta adi məişətdə “hegemonluq edən” rus dilinin kölgəsində qalma təhlükəsi ilə üzləşmişdi. Bu dövrdə milli məsələ uğrunda mübarizəyə B. Vahabzadə, N. Xəzri, S. Rüstəm, X. R. Ulutürk, C. Novruz, S. Rüstəmxanlı, M. Araz və digərləri qoşuldular.
Poeziyamızda ən ardıcıl, ən qətiyyətli mübarizəni dilin keşiyində duran söz sərkərdəsi B. Vahabzadə aparırdı.
Siz ey doğma dilində danışmağı ar bilən,
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun.
İstər sovet dönəmində, istərsə də müstəqilliyin ilk illərində dilin qorunması uğrunda çox dəyərli əsərlər meydana gəldi. Bütün gərgin və aktual məsələlərin müzakirəsində öndə gördüyümüz İstiqlal şairi X.R.Ulutürkün bütün yaradıcılığı boyunca yanğı ilə müraciət etdiyi mövzulardan biri də ana dili məsələsi idi.
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
doğransam da dilim-dilim.
Anladım ki, sinəmdəki sözlər deyil,
babaların nəfəsidir.
Dizlərimə taqət, qüvvət,
gözlərimə işıq verən,
Çənlibeldə at oynadıb
şimşəklərlə qoşa gedən
igidlərin nəfəsidir.
Müstəqillik dövrü Azərbaycan şeirində də Ana dili problemi şairlərin yaradıcılığında öz əksini tapdı. Bu dövrdə ana dili məsələsi dilin adı və əlifba məsələsini əhatə edir. X.R. Ulutürk, R.Behrudi, Z.Yaqub, O.Rzanın yaradıcılığında ana dili məsələsi şairləri düşündürən əsas məsələlərdən biri idi. Sadalanan bütün dövrlərdə şairlər ana dilinin ağrı-acısını həssascasına duyur, onun qüdrəti ilə iftixar hissi keçirirdilər.
Zəlimxan Yaqub ana dilinə həsr etdiyi ilhamlı şeirlərdən olan “Dilim” şeirdə ana dilini tərənnüm edir.
Buluddan sıyrılıb, günəşdən çıxıb,
Göylərin taxtından enib gəlmisən,
Ölməz dahilərin əlini sıxıb,
Tanrı qüdrətinə dönüb gəlmisən.
Şair ana dilinin qüdrətini misralarında vəsf edir.
Sənin qüdrətinə arxalanmasa
Xətai qılıncdan yapışardımı?
Tarixə ani nəzər salaq: XV əsrdən başlayaraq Azərbaycan dilinin nüfuzu rəsmi dairələrdə özünü göstərməyə başladı. Tarixdən bəllidir ki, Azərbaycanın ilk diplomat qadını, Uzun Həsənin anası Sara xatun diplomatik danışıqları Azərbaycan dilində aparırdı. XVI əsrdə Azərbaycanı birləşdirib qüdrətli bir dövlət yaradaraq Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl Xətai də diplomatik danışıqları, rəsmi və hərbi beynəlxalq yazışmaları bu dildə aparırdı.
1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Elə həmin il iyunun 27-də hökümət Azərbaycan dilinin dövlət dili olması barədə fərman verdi və beləliklə, ikinci dəfə Azərbaycan dili dövlət dili səviyyəsinə qaldırıldı.
1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasının əsas qanununun hazırlanıb qəbulu zamanı Azərbaycan dili dövlət dili elan olundu. Həmin il o vaxtlar Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyevin təşəbbüsü, cəsarəti, qətiyyəti ilə Konstitusiyaya dövlət dili ilə əlaqədar xüsusi maddə- 73-cü maddə salındı.
Bir faktı da qeyd etmək yerinə düşərdi ki, 1945-ci ilin 12 dekabrında (21 Azər) Cənubi Azərbaycanda Milli hökümət yarandı. Hökümətin qəbul etdiyi ilk qanunlardan biri də Azərbaycan dilinin dövlət dili olması idi. Mövcud olduğu bir il ərzində dövlətin bütün qərar və qanunlarının, mətbuatın Azərbaycan dilində olması üçün ciddi mücadilə verilirdi. Bu faktın özü Azərbaycan millətinin öz dili uğrunda mübarizəsinin ən parlaq nümunələrindən biridir.
Müasir dövrümüzdə qürur doğuran məqamlardan biri də gənc nəslin xarici dillərə maraq göstərməsi, hətta sərbəst yiyələnmələridir. Ali məktəblərdə ixtisasların ingilis dilində tədrisi dövlətimizin inkişaf strategiyası, qloballaşmaya inteqrasiyanı hədəf alan məqsədidir. Bu çox gözəldir! Əlbəttə, dil bilmək üstünlükdür. İnsanın əlavə dil bilgisi onun bilgi silahıdır. Xüsusilə dünyanın bugünkü düzənində. Yalnız unudulmamalıdır ki, Ana dili dillərin şahıdır! İnsan öz dilində danışmayanda, insan öz dilinə yadırğayanda kökündən uzaqlaşır, soyuna yadlaşır. Ana dilini insana sevdirmək olmaz, o sevgi insanla bərabər doğulur. Ana dilini sevmək azdır, ana dilində danışmaq lazımdır, onu yaşatmaq lazımdır.
Əbdüllətif Bəndəroğlunun yazdığı kimi,
Ana dilini sevmək,
Ana qucağını sevməkdir
Yaşamın ilk günlərində.
Ana dilini sevmək
Yenidən yaşamaqdır
Yaşamın son günlərində
P.S. Bu il yanvarın 5-də prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan ictimaiyyətinə dilin qorunması, saf və təmiz saxlanılması ilə bağlı sərrast mesajlar verdi, önəmli çağırışlar etdi. “Bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz!” –deyə söylədi. Bu ifadə artıq bir şüar kimi səsləndiriləcək mühüm mesajdır.
Şübhəsiz, dilin təmizliyinin, saflığının qorunması milli kilmliyin qorunmasıdır. Dilimiz bizim ən mühüm qeyri-maddi mədəni irsimizdir. Mədəni irsin qorunması dövlətin təhlükəsizliyi məsələsidir. Lakin mədəni irsin qorunması, eyni zamanda, hər bir vətəndaşın borcudur, vətəndaşlıq vəzifəsidir. Əgər xalq öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxırsa, o xalq hörmətə layiqdir. Unutmayaq ki, biz öz qədrimizi bildikcə bizim qədrimizi biləcəklər, dəyərlərimizə sahib çıxdıqca, mədəniyyətimizi təbliğ etdikcə bizə hörmət edəcəklər. Ən əsası da bilirsinizmi nədir? Biz əcdadlarımızın ruhu qarşısında öz borcumuzu yerinə yetirmiş olacayıq. Çünki, mədəni irs bir xalqın təkcə sərvəti yox, həm də qeyrət məsələsidir!
Səbinə Əlincəli
Bəhruz Kəngərli Muzeyinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB