"Əlaqələr müsbət dinamika ilə inkişaf edir" - ŞƏRH EDİLDİ

"Azərbaycan-Belçika əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edən və şaxələnmiş əməkdaşlıq modeli ilə xarakterizə olunur. Xüsusilə siyasi-diplomatik münasibətlər Brüssel üzərindən, eləcə də Avropa İttifaqı və Avropa Şurası çərçivəsində daha geniş məzmun kəsb edir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, bu əməkdaşlıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol baxımından xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan qazının Avropa bazarına çıxarılması prosesində məhz bu nüfuzlu Avropa strukturları ilə qurulan əlaqələr mühüm rol oynayır.

Eyni zamanda, Azərbaycan-Belçika münasibətləri yalnız siyasi sahə ilə məhdudlaşmır. Bu əlaqələr elmi, mədəni və humanitar istiqamətləri də əhatə edir. Belçika, xüsusilə Avropa İttifaqının əsas institutlarının yerləşdiyi ölkə kimi, Azərbaycan üçün mühüm tərəfdaşlardan biri hesab olunur və bu baxımdan qarşılıqlı münasibətlərin qorunub saxlanılmasına xüsusi önəm verilir.

Bununla belə, ikitərəfli münasibətlər kontekstində Azərbaycan-Belçika əlaqələri hələ ki dərin strateji xarakter daşımır. Bu isə müəyyən dərəcədə Belçikanın kiçik Avropa dövləti olması və Cənubi Qafqaz regionuna birbaşa maraqlarının məhdudluğu ilə izah oluna bilər. Eyni zamanda, Belçika da Azərbaycan üçün birbaşa strateji prioritetlər sırasında yer almır.

Lakin qeyd olunmalıdır ki, Avropanın əsas siyasi və institusional strukturlarının Belçikada yerləşməsi, eləcə də Azərbaycanın enerji resursları və logistika imkanları vasitəsilə Avropaya çıxışı bu münasibətlərə müsbət dinamika qazandırır. Bu səbəbdən Azərbaycan üçün Belçika ilə əlaqələrin sabit, qarşılıqlı faydalı və problemlərdən uzaq şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə