"Məktəb ideoloji deyil, neytral bilik məkanıdır" - MÖVQE

"Azərbaycanda orta təhsil müəssisələrində vahid məktəbli forması ilə dini geyim seçimi arasında yaranan mübahisə əslində yalnız geyim məsələsi deyil. Bu, dövlətin dünyəvi xarakteri, uşağın hüquqi statusu, valideyn səlahiyyəti, vicdan azadlığı və təhsil mühitinin neytrallığı kimi fundamental prinsiplərin kəsişdiyi həssas bir istiqamətidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, məsələyə emosional deyil, hüquqi və elmi əsaslarla yanaşmaq vacibdir: "Azərbaycan Respublikasının Konstitusiyası dövlətin dünyəvi xarakterini təsbit edir və dinin dövlətdən ayrı olduğunu açıq şəkildə müəyyənləşdirir. Eyni zamanda, Konstitusiyanın 48-ci maddəsi hər kəsə vicdan azadlığı hüququ verir.

Lakin burada mühüm hüquqi yanaşma var. Vicdan azadlığı hüququ fərdi hüquqdur. Bu hüququn subyekti isə hüquqi cəhətdən şüurlu və müstəqil iradəyə malik şəxs olmalıdır.

Orta məktəb şagirdi, xüsusilə də azyaşlı və yeniyetmə dövründə olan uşaq hüquqi baxımdan tam müstəqil qərar subyekti hesab edilə bilməz. Azərbaycan qanunvericiliyinə görə yetkinlik yaşı 18-dir və bu yaşa qədər hüquqi qərarların verilməsi valideyn və ya qanuni nümayəndənin səlahiyyətindədir.

Eyni zamanda, Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu təhsil müəssisələrinin daxili nizam-intizam qaydalarını müəyyən etmək hüququnu tanıyır. Məktəbli forması qaydaları da məhz bu normativ çərçivədə tətbiq olunur.

Deməli, burada iki prinsipin sərhədləri müəyyənləşir - təhsil müəssisəsinin nizam-intizam, neytrallıq hüququ, fərdin vicdan azadlığı hüququ.

Məsələ bu iki hüququn hansının üstün olması deyil, onların hansı sərhəddə balanslaşdırılmasıdır.

Bu baxımdan, bütövlükdə prosesi təhlil edən bir vacib suala cavab tapmalıyıq: orta məktəb yaşında olan şagird müstəqil şəkildə dini seçim edə bilərmi?

İnsanın inkişaf psixologiyasının klassik nəzəriyyələrinə görə, yeniyetməlik dövrü fərdin identiklik axtarışı mərhələsidir. Bu mərhələdə fərd ətraf mühitin, o cümlədən ailənin ciddi təsiri altında olur..

Şəxsi inancın həqiqətən müstəqil və reflektiv qərar kimi formalaşması üçün tənqidi düşünmə bacarığı, alternativ baxışlarla tanışlıq, sosial təzyiqdən azad seçim mühiti zəruridir.

Əksər elmi araşdırmalar göstərir ki, abstrakt düşüncə və dəyər əsaslı müstəqil qərarvermə mexanizmləri 16–18 yaş aralığında daha sistemli şəkildə formalaşır və 18 yaşdan sonra stabilləşir.

Bu o demək deyil ki, yeniyetmə inanc sahibi ola bilməz. Ola bilər. Lakin bu inancın nə dərəcədə müstəqil seçim, nə dərəcədə sosial təsirin nəticəsi olması hüquqi müstəvidə sual doğurur.

Əgər dini geyim azyaşlı şagird üçün faktiki olaraq ailə və ya sosial qrup tərəfindən müəyyən edilirsə, bu artıq fərdi vicdan azadlığının həyata keçirilməsi deyil, əksinə, formalaşmamış iradənin təsir və təzyiq altında yönləndirilməsidir.

Dünyəvi dövlət modelində məktəb dini neytral məkan olmalıdır, bütün şagirdlər üçün bərabər sosial mühit yaratmalıdır, sosial və dini fərqlərin təhsil prosesinə təsirini minimuma endirməlidir.

Vahid məktəbli forması məhz da bu məqsədə - sosial bərabərliyi qorumağa, identiklik üzərində qütbləşməni azaltmağa, məktəbi ideoloji simvollardan uzaq saxlamağa xidmət edir.

Əgər məktəb dini simvol nümayişinin açıq meydanına çevrilərsə, bu, tədricən şagirdlər arasında fərqlənmə,

sosial təzyiq, dini identiklik əsasında qruplaşma riskini artıra bilər.

Bu isə təhsil müəssisəsinin əsas funksiyasına – dünyəvi və neytral bilik mühiti yaratmaq missiyasına ziddir.

Təhsil müəssisəsi nə dini təşviq etməli, nə də dini inkar etməlidir. Dövlət neytral qalmalıdır.

Dini inanc fərdi sferada qalmalı, dövlət təhsili isə ideoloji baxımdan steril mühit olmalıdır.

Bu məsələdə qadağa mərkəzli yanaşma əvəzinə valideynlərlə dialoq, hüquqi maarifləndirmə,

uşağın real maraqlarının qorunması mexanizmləri tətbiq olunmalıdır.

Ən mühüm sual isə budur ki, azyaşlının və ya yeniyetmənin dini geyimi vicdan azadlığının ifadəsidirmi, yoxsa onun formalaşmamış iradəsinin təsir və ya təzyiqlə yönləndirilməsidir?

Məcburiyyət vicdan azadlığı ilə tamamilə ziddiyyət təşkil edir və ciddi hüquq pozuntusudur. Əgər seçim sosial təzyiq və ya ailə yönləndirməsi ilə formalaşırsa, burada azadlıqdan danışmaq mümkün deyil.

Bu baxımdan məktəbdə vahid forma tətbiqi inancı qadağan etmir, dini etiqadı ləğv etmir,

sadəcə təhsil mühitində dini simvolun nümayişini hüquqi və sosial əsaslarla məhdudlaşdırır.

Bu isə dünyəvi dövlət modelinə uyğun hüquqi mexanizm kimi qiymətləndirilməlidir.

Azərbaycanda məktəblərdə vahid forma qaydaları ilə dini geyim seçimi arasında süni şəkildə, həm də kənardan ortaya atılan iddialara verilən cavab və göstərilən münasibət hüquqi baxımdan dövlətin dünyəvi xarakterinin qorunması, azyaşlının müstəqil iradəsinin müdafiəsi və təhsil mühitinin neytrallığının təmin edilməsi məsələsidir.

Balansın əsas meyarı budur ki, yetkin və müstəqil fərdin vicdan azadlığı maksimum qorunmalı, formalaşmamış iradəyə malik şəxslərin isə ideoloji təsir alətinə çevrilməsinin qarşısı alınmalıdır.

Təhsil mühiti dini və yad ideoloji simvollardan kənarda saxlanılmalıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə