"Azad edilmiş ərazilərdə “Böyük Qayıdış” uğurla davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"İlk növbədə, Azərbaycanın iqtisadi dirçəliş prosesi həm də idarəetməyə tətbiq olunmalıdır. Fikir versəniz, torpaqlar azad olunduqdan sonra həmin ərazilərin idarə olunmasında Prezidentin xüsusi nümayəndəlik institutu tətbiq olundu və əldə olunan təcrübələrin növbəti mərhələdə dövlət inzibati-ərazi idarəetmə sisteminə keçirilməsi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, bu təcrübədən istifadə edilməsi məqsədəuyğundur: "Şübhə yoxdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları bütövlükdə ölkənin ən potensiallı iqtisadi bölgələrindəndir. Bu ərazilər böyük turizm imkanları ilə yanaşı, zəngin təbii ehtiyatlara və yeraltı sərvətlərə malikdir. Dövlətin diqqətinin bu regionlara yönəlməsi ölkə iqtisadiyyatının bütün sahələrinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm də ona görə vacibdir ki, iqtisadi fəaliyyət yalnız Abşeron yarımadasında, Bakı şəhərində və digər böyük şəhərlərdə cəmləşməməlidir.
Ölkənin əsas hədəfi iqtisadiyyatı şaxələndirmək və bu proses fonunda Qarabağa, azad edilmiş torpaqlara, o cümlədən Şərqi Zəngəzura böyük investisiyalar cəlb etməkdir. Bu yanaşma əhalinin bölgələrə qayıdışını və iqtisadi inteqrasiyasını təmin edir. Əsas məqsəd həmin ərazilərdə qalıcı əhalinin məskunlaşmasını gerçəkləşdirməkdir.
Qeyri-rəsmi məlumatlara görə, təxminən 1 milyon şəxsin bölgəyə köçürülməsi nəzərdə tutulur və bu, məntiqi baxımdan əsaslandırılmış yanaşmadır. Bölgənin keçmişi və gələcəyi nəzərə alındıqda, orada güclü iqtisadi bazanın formalaşdırılması zəruridir. İş yerlərinin yaradılması, sənaye müəssisələrinin qurulması və istehsala yönəlik iqtisadi sənayeləşmənin təmin olunması əsas hədəflər sırasındadır. Bu, həm investisiya axınını artıracaq, həm də bölgənin ölkə üzrə ümumi istehsalda payını yüksəldəcək.
Ümumilikdə, ölkənin inşaat meydanına çevrilən əraziləri məhz “Böyük Qayıdış” coğrafiyasını təşkil edir. Bu yanaşma, eyni zamanda, ölkəyə daxil olan investisiyanın yalnız Bakı və Abşeron yarımadasında cəmlənməsinin qarşısını alacaq. Cənab Prezidentin Qəbələdəki çıxışının əsas ideyası da məhz bu idi – digər türk dövlətlərini də böyük qayıdış və yenidənqurma prosesinə investisiya yatırmağa təşviq etmək".
Bütün xəbərlər Facebook səhifəmizdə