"Son dövr aparılan islahatlar onu deməyə əsas verir ki,.." - MÜNASİBƏT BİLDİRİLDİ
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti silahlı qüvvələrimizin ən önəmli strukturlarından biridir". Bu sözləri SİA-ya açıqlamasında "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gəncləri hərbi xidmətə, kişilik məktəbinə hazırlayıb göndərir: "Hərbi xidməti keçmiş şəxsləri isə mülkiyə qaytarır. Silahlı qüvvələrlə cəmiyyət arasında ən böyük körpüdür. Körpünün bir üzündə mülki həyatdır, digər tərəfində isə nizam-intizamlı, peşəkar bir həyatdır.
Səfərbərlik Xidmətinin çağırış sistemində son dövr xeyli islahatlar gedib. Çox önəmli qurumdur. Cənab Prezident bu qurumu yaradanda Ali Baş Komandan kimi Sovet dövründən qalan komissarlıq ənənələrini ləğv edib və yeni, müasir çağırış və səfərbərlik sistemi yaradıb. Asan bir sistem yaradılıb ki, vətəndaşların müraciətləri o istiqamətdə çox rahat, asan cavablandırılır. İkincisi, səfərbərlik sistemi çox təkmilləşib. Ehtiyatda olan hərbi qulluqçular öz ixtisaslarına uyğun olaraq təlimlərə cəlb edilir. Bu təlimlər də çox önəmlidir. Dünyada gərgin bir dövrdə yaşayırıq. Müharibə baş verərsə, ehtiyatda olan hərbi qulluqçular öz sahələri üzrə hazırlıqlı, peşəkar olsunlar. Bu, çox vacibdir. Dövlətimiz bu istiqamətə çox böyük önəm verir. Çağırış və səfərbərlik sistemində son dövr aparılan islahatlar onu deməyə əsas verir ki, bu istiqamətdə xeyli işlər görülüb. Yaş həddinin 30-a endirilməsi çağırış sistemində ali təhsillilər üçün 24, magistrlar üçün 26-a yaşa qədər xidmətə getməyin özü də çox böyük islahatdır. Bu istiqamətdə də qeyri-müəyyənlik var idi. Konkret yaş həddi ilə müəyyən edilib ki, ali təhsilli 24 yaşa qədər bitirib xidmətə getməlidir, magistr təhsili alan 26 yaşa qədər bitirib getməlidir. 30 yaşa qədər də xidmət son yaş həddidir. Bu istiqamətdə 35-dən 30-a endirilməsi də çox yaxşı haldır. Bu da vətəndaşlarımız arasında məmnunluğu təmin etdi. Xüsusilə, ehtiyatda olan hərbi qulluqçular üçün və yaxud da, xidmətə gedəcək şəxslər üçün də 30 yaşa qədər gedib-gəlmələri gələcək həyatları üçün çox önəmlidir".
"Tibbi komissarlıqların Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə müəyyənləşdirilməsi də yaxşı haldır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə çox böyük təcrübəsi var. Əlilliyin müəyyən edilməsində problemlər yaşanırdı. ƏƏSMN-də də baza var. Uşaqlıqdan əlil olanların bazası oradadır, bilinir, kimlər əlildir, kimlər təqaüd alır. İki qurum birgə nəzarət edir, neqativ halların qarşısı alınır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həm də ƏƏSMN bu təklifi qaldırmışdı. Vətəndaşlar görsünlər ki, iki qurumun komissiyası bunu həyata keçirəcək. Müharibə dövründə xalqımız könüllü olaraq döyüşməyə getdi. Böyük səfərbərlik işləri görüldü. Bu da ölkəmiz tərəfindən yüksək qiymətləndirildi. Xalqımız eyni zamanda, Prezident, Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildi.
Peşə bayramı münasibətilə xidmətin əməkdaşlarını təbrik edirəm, onlara yeni-yeni uğurlar arzu edirəm. Gənclərimizin hərbi xidmətə hazırlanması, göndərilməsi, ehtiyatda olan hərbi qulluqçuların təlimlərə cəlb edilməsi ordumuzun, silahlı qüvvələrimizin ölkəmizə xidmətini təmin edən qurumdur. Onlar da hərbiçilərdir. Hərbiçilərimizə hər bir ölkə vətəndaşının böyük hörməti var. Qələbədən sonra bu hörmət, ehtiram daha da artıb. Şəhid ailələri, əlillər, qazilər, veteranlarla iş çox zəruridir. Bu istiqamətdə də dövlətimizdə işlər görülür. Ayrı-ayrı qurumlarda bu istiqamətdə işlər artırılmalıdır" -deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə