Suriyanı gələcəkdə nələr gözləyir? – TƏHLİL

Suriyada baş verənlər, ümumiyyətlə, həmin ölkədə cərəyan edən hadisələr və olaylar qətiyyən diqqətdən yayınmır. Proseslərin qlobal miqyasda izlənilməsi və maraq doğurması onların gündəmdə olması ilə öz təsdiqini tapır. Suriya ilə bağlı hadisələrin məhz dünyanın nüfuzlu media qurumları tərəfindən mütəmadi şəkildə yayımlanması, şərh edilməsi də bu nöqteyi-nəzərdən səbəbsiz deyil. Səbəb odur ki, həmin ölkənin gələcəyi, bundan sonra Suriyada nələrin olacağı insanları düşündürür.

Suriyanın demokratik gələcəyinin olub-olmadığı ilə bağlı hələ də proqnoz verməkdə ehtiyatlı davranılır, çünki kifayət qədər “səbəblər” mövcuddur

Bildiyimiz kimi, Əsəd rejiminin devrilməsindən sonra Suriyanın prezidenti müvəqqəti də olsa, Əhməd Şara oldu. Onu da bilirik ki, yeni prezident Əhmədin başçılıq etdiyi yeni hakimiyyət geniş “dəstəyə” malikdir. Bu “dəstəyi” müxtəlif istiqamətlərdə müşahidə etmək mümkündür və ən azından onun əl-ayağına hələlik “dolaşan” yoxdursa, deməli, “hansısa müstəvidə” dəstəklənir. Bununla belə, bir çox politoloqlar, ekspertlər, xüsusən də “müşahidəçilər” həmin ölkənin hansısa səviyyədə demokratik gələcəyinin olub-olmadığını hələ də “qiymətləndirməkdə”, hansısa proqnozlar verməkdə ehtiyatlı davranırlar. Çünki onların belə ehtiyatlı davranmaları üçün kifayət qədər “səbəblər” mövcuddur.

Bir çoxları elə hesab edirlər ki, Şaranın müvəqqəti prezident kimi qəbul olunması özü belə hələ də olacaqlara şübhə ilə yanaşmağa əsas verir. Digərlərinin fikrincə, Suriyanın müvəqqəti hökuməti hələ də gələcək haqqında düşünməyə belə hazır deyil. Resursların belə kifayət qədər olmadığı qənaətində olanlar da az deyillər. Xüsusən də ölkənin həm siyasi, həm də iqtisadi baxımdan hələ çox çətin durumda olduğu əsas gətirilir. Əhməd Şara nə qədər söz versə də, nə qədər vədlər versə də, öz çıxışlarında Suriya ilə bağlı nikbin proqnozlar verməyə cəhd etsə də, həmin ölkənin gələcəyi ilə bağlı vədlərə, həmin o nikbin proqnozlara skeptik yanaşanlar çoxluq təşkil edirlər. Görünür, onların belə yanaşmaları üçün əsasları var və “qəti bir fikir” bildirməkdə çətinlik çəkirlər.

Hadisələrin necə cərəyan edəcəyi maraqların toqquşması fonunda bəlli ola bilər, amma “dinc şərait” yaranacağı ümidindəyik

Xatıradaq ki, Suriyanın yeni müvəqqəti prezidenti elan edildikdən bir gün sonra, İslamçı "Həyat Təhrir əl-Şam" qruplaşmasının keçmiş lideri olan həmin o müvəqqəti prezident Əhməd Şara xalqa bir prezident olaraq, ilk müraciətini etdi. İndi həmin müraciətin özü də bir çoxları çox həssaslıqla incələnməkdədir. "Yaxın günlərdə biz gələcək siyasi proqramla bağlı müxtəlif fikirlərin dinlənilməsi üçün müzakirələr platforması kimi nəzərdə tutulan Milli Dialoq Konfransının hazırlanması ilə məşğul olacaq komitənin yaradılmasını elan edəcəyik", deyə o, 30 yanvar tarixində televiziyada çıxışı zamanı söz verib. Bəli, hələki söz verib və bu, hələlik ancaq bir söz kimi qəbul olunur. Onun sözlərinə görə, bu konfransın nəticələri ölkənin yeni “Konstitusiya Bəyannaməsi” üçün platforma rolunu oynayacaq və Suriyanın gələcək siyasi inkişafı üçün “yol xəritəsi”nin hazırlanmasına kömək edəcək. Maraqlı olan odur ki, görəsən, həmin konfransın nəticələri necə olacaq? Axı müvəqqəti prezident açıq şəkildə bildirir ki, həmin “platforma” rolunu oynayacaq da, hazırlanmalı olan “xəritə” də məhz konfransın nəticələrindən asılıdır. Belə çıxır ki, Şara özü də həmin nəticələrin hələ nə olacağı ilə bağlı sual qarşısındadır. Əks halda, konfranın nəticələrindən yox, konfransın özündən asılıdır, deyə bildirərdi. Bax elə bu məqamlar özü də Suriyanın gələcəyi ilə əlaqədar hansısa proqnozlar vermək üçün tələsməməyə sövq edir.

Ümid etmək istərdik ki, konfransın nəticələri hadisələrin müsbət istiqamətdə cərəyan edəcəyinə zəmin yaradacaq. Ümumiyyətlə, Suriyanı bundan sonra da olsa “dinc şəraitdə” olacaq bir ölkə kimi görmək ümidindəyik. Doğrudur, qlobal aktorların rolunu “dəyərləndirməmək” mümkün deyil və hansısa təsirləri nəzərə almamaq da olmaz və bilirik ki, ancaq maraqların toqquşması fonunda hadisələrin hansı istiqamətdə dəyişəcəyi bəlli ola bilər. Hələlik isə, ortada olan sadəcə, görüntüdür və aysberqin görünməyən üçdə iki hissəsi bundan sonra görünə bilər və məhz həmin hissə göründüyü zaman daha dəqiq proqnoz vermək mümkündür. Belə çıxır ki, həmin ölkənin gələcəyi ilə bağlı proqnozlar vermək üçün “tələsməyənlər” də məh bu tərəddüd səbəbindən hələ “qəti fikir” söyləyə bilmirlər. Amma hər halda, üfüqdə hansısa görüntülərin olduğu qənaəti də var...

Yeni prezident tərəfindən deyilənləri, müvəqqəti hökümətin səylərini ən yaxşı halda, “xoş niyyət” olaraq, qəbul etmək olar

"Suriyanın əsas prioriteti hökumət boşluğunu qanuni qaydada və qanuna uyğun şəkildə, leqal formada doldurmaqdır", deyən yeni prezident, həmçinin Suriya parlamentinin buraxıldığını və 2012-ci ildə, yəni, keçmiş prezident, diktator Bəşər Əsəd dövründə qəbul edilən konstitusiyanın ləğv olunduğunu bildirib. Bundan əlavə, Əhməd Şara ilk növbədə Suriya ordusunun, eləcə də Əsədin devrilməsində iştirak edən silahlı qrupların da “buraxıldığını” açıqlayıb. Yeni prezident həmçinin qeyd edib ki, ölkənin şimal-şərqində ABŞ-ın dəstəklədiyi Kürd Suriya Demokratik Qüvvələri (KSDQ) istisna olmaqla, gələcəkdə Suriyanın bütün silahlı qüvvələri vahid milli ordu şəklində təşkil olunacaq. Məsələ burasındadır ki, sadalananların heç biri indiki mərhələdə həyata keçirilə bilməz. Müvəqqəti prezidentin qanunvericilik şurası yaratmaq hüququ və mandatı yoxdur. Suriyanın “keçid hökumətinin” planları, onun milli və beynəlxalq aktorlar tərəfindən təsdiqlənən qərarları indiki mərhələdə qətiyyən “legitim” görünmür. Deyilənləri ən yaxşı halda, “xoş niyyət” olaraq, qəbul etmək olar.

Milli Dialoq Konfransının çağırılması təklifi ilə bağlı müəyyən “gözləntiləri” olanlar var, lakin orada kimin iştirak edəcəyi, üzvlərin necə seçiləcəyi, seçkilərin olub-olmayacağı ilə bağlı əsas suallar hələ də cavabsız qalır. Müvəqqəti hesab olunan yeni prezidentin dediklərindən də hələ dəqiq bir şey ortaya çıxmır və cavabsız qalan həmin suallar həqiqətən də düşündürücüdür.

Söhbət hansısa hüquqların qorunmasından getdiyi zaman, əlbəttə ki, Suriyanın müxtəlifliyini əks etdirən inklüziv keçid hökumətinə, onun vədlərinə ümid etmək qalır. Amma məsələ burasındadır ki, Suriyanın müvəqqəti hökuməti Suriya cəmiyyətinin mürəkkəbliyini və müxtəlifliyini də anlayır və öz fikirlərini bütün Suriya xalqına tətbiq edə bilməyəcəyinin də fərqindədir. Bununla belə, qeyd etdiyimiz kimi, hələ ki, ortada ən azından, “xoş niyyət” də olsa var.

Müvəqqəti hökumətin elan edilməsi ölkəni maliyyə cəhətdən sabitləşdirmək üçün beynəlxalq səyləri sürətləndirib

Suriyada yeni müvəqqəti hökumətin elan edilməsi ölkəni maliyyə cəhətdən sabitləşdirmək üçün beynəlxalq səyləri sürətləndirib. Keçən həftə Avropa İttifaqı xarici işlər nazirləri Aİ və ABŞ-ın 2011-ci ildə Suriyaya qarşı tətbiq etdiyi bəzi genişmiqyaslı sanksiyaları ləğv edib. Bu, indiyə qədər faktiki olaraq, “qlobal iqtisadiyyatdan uzaq” olan ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Ən azından sanksiya sıxıntılarından bir ölkənin yaxa qurtarması nikbin proqnozlar üçün əsas verir.

Nəzərə almaq lazımdır ki, bundan da başqa, ABŞ, Qətər, Səudiyyə Ərəbistanı və Ərəb ölkələri də daxil olmaqla, 22 ölkədən ibarət qrup Suriyanın yeni hakimiyyət orqanlarını dəstəklədiklərini bəyan ediblər. Bu arada onu da diqqətə çatdırmaq və nəzərdən qaçırmamaq yerinə düşərdi ki, məhz Əhməd Şara hələ də Amerika Birləşmiş Ştatlarının axtarışda olan terrorçular siyahısındadır, hansıki onunla bağlı 10 milyon dollar mükafat da təyin edilib. Onun təmsil olunduğu təşkilat isə hələ də BMT və ABŞ tərəfindən terror təşkilatı hesab olunur, çünki qrupun əvvəllər “İslam Dövləti” və Əl-Qaidə ilə “əlaqəsi” olub. Elə bu məqamın özü də bir qədər düşündürücüdür və ortaya həqiqətən də ciddi suallar çıxır. Xüsusən də belə bir sual yaranır ki, axtarışda olan terrorçular siyahısında “yer alan” Əhməd Şara və onun rəhbərliyi altında olan müvəqqəti hökumət həqiqətənmi dəstəklənir, yoxsa, sadəcə bir “görüntü” yaradılıb? Hər halda, həmin görüntünün “iç üzünü” zaman göstərəcək...

Ağır iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün səylər göstərilsə də, müvəqqəti hökümətin üzərinə düşən bir qədər ağır yükdür

Bəli, Suriyanın özündə də ağır iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün səylər göstərilir. Lakin Əsəd klanının hakimiyyəti altında məhz 50 il ərzində Suriyanın dövlət iqtisadiyyatının qohumbazlıq və korrupsiya üzərində qurulması bir reallıqdır və indi bu reallığın fonunda müvəqqəti hökümətin üzərinə düşən də bir qədər ağır yük olaraq görünür. Suriyanın yeni müvəqqəti maliyyə naziri Məhəmməd Abazid keçən həftə “Reuters” agentliyinə bununla bağlı fikirlərini açıq şəkildə deyib. "Biz korrupsiya gözləyirdik, lakin bu miqyasda, bu səviyyədə yox", deyən maliyyə naziri Əsəd dövründə vəziyyətin çox “acınacaqlı” olduğunu bildirib. Onun sözlərinə görə, dövlətdən maaş alan 1,3 milyon insanın yalnız 900 mini faktiki olaraq işə gedir. Yəni, qalanları heç işə də getmir. Belə çıxır ki, müvafiq olaraq, yeni səlahiyyətlilərin növbəti addımı dövlət sektorunda çalışanların üçdə birinin işdən çıxarılması olacaq. Abazid, həmçinin zərərlə işləyən 100-dən çox dövlət sənaye müəssisəsinin olduğunu da gizlətməyib və bununla bağlı da planlardan danışıb. “Biz həmçinin vergi sistemini sadələşdirməyə və investorları Suriyaya qayıtmağa həvəsləndirmək üçün maneələri aradan qaldırmağa çalışırıq”, deyən maliyyə naziri əslində, “özəlləşdirmə” planlarını da açıqlayıb.

Suriyada qeyri-sabitlik hələ də qalmaqdadır və nə qədər davam edəcəyi də bəlli deyil

İqtisadi canlanma kimi təqdim edilən gələcək gözləntilər barədə proqnozlar verilməsinə baxmayaraq, Suriyanın müvəqqəti prezidenti Əhməd Şara özü hamıdan yaxşı bilir ki, ölkənin yenidən qurulması “asan məsələ” olmayacaq. “Qaliblərin missiyası ağırdır və onların üzərinə düşən məsuliyyət çox böyükdür”, deyərək, ilk çıxışında yeni prezident “yükün” ağır olduğunu elə özü də etiraf edib. Bu məqamda onu da xatırlatmaq yerinə düşərdi ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, Suriyada humanitar vəziyyət getdikcə daha da pisləşir. Həmin məlumata istinad etdikdə bəlli olur ki, ötən il 16,7 milyon insanın humanitar yardıma ehtiyacı olub. Bu isə o deməkdir ki, böhranın başladığı 2011-ci ildən bəri bu göstərici “ən yüksək rəqəm” olaraq qeydə alınıb. Diqqətə çatdıraq ki, ötən həftə ABŞ-ın dəstəklədiyi Kürd Suriya Demokratik Qüvvələri ilə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu arasında qarşıdurmaların davam etməsi fonunda Suriyanın şimal-şərqində daha 25 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Deməli, həmin ölkədə hələ də qeyri-stabillik hökm sürür.

İndiki məqamda, qeyri-sabitliyin qaldığı bir zaman kəsiyində nə qədər vədlər verilsə də, buna inananların təbii ki, azlıq təşkil etdiyi tamamilə məntiqidir. Doğrudur, prosesləri, hadisələri heç də Əsəd dövründəkilərlə müqaisə etmək olmaz. Belə bir müqaisə ədalətsizlik olar. Ən azından müsbət istiqamətdə dinamik dəyişikliklər göz önündədir və bunları təkzib etmək qətiyyən mümkün deyil. Üstəlik, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersonun sözlərinə görə, Suriyanın yeni administrasiyası da BMT missiyasının məqsədlərini dəyişmir. Deməli, fərqli bir vəziyyət və yanaşma var. Lakin hələ də qeyri-sabitlik olduğu halda, bir göz qırpımında hər şeyin düzələcəyi fikri də inandırıcı belə ola bilməz. Hər halda, bunun əksini iddia edənlər ancaq “sehrli çubuğun” gücünə və qüdrətinə istinad edə bilərlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə