“Qardaş ölkənin atdığı addımları yaxından izləyir və dəstəkləyirik” - TÜRK POLİTOLOQ DANIŞDI

Məlumdur ki, yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırlayıb. Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. SİA mövzu ilə bağlı türk politoloq Hakan Aktürkün fikrilərini öyrənib.

Onun sözlərinə görə, Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan görüş zamanı 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) haqqında məlumat mübadiləsi aparıb: "Qlobal və struktur dəyişikliklərinin baş verdiyi bu günlərdə İlham Əliyev regionda sülhün və əmin-amanlığın olduğunu bu səfərlə açıq şəkildə göstərdi".

Hakan Aktürk sözlərinə belə davam edib: "Görüşdə, həmçinin, BƏƏ-nin Azərbaycanda bərpa olunan enerjiyə sərmayə qoyuluşunun detalları müzakirə olunub. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəridir. Bu səfər iki ölkə arasında iqtisadi əlaqələri və əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Prezident İlham Əliyev səfər çərçivəsində müxtəlif rəsmi görüşlər keçirib və iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsini hədəfləyib. Bu səfər Azərbaycanın regionda iqtisadi inkişafına töhfə verəcək mühüm layihələri müzakirə etmək imkanı verir".

Son olaraq Hakan Aktürk “Qardaş ölkənin atdığı addımları yaxından izləyir və dəstəkləyirik” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə