"Növbəti aylarda baş verən hadisələr həlledici olacaq” - ŞƏRH OLUNDU

“Gürcüstanda baş verən proseslər təkcə bu ölkənin daxilində gedən siyasi proseslərlə kifayətlənmir, xarici güclərin də geniş təsiri var. Gürcüstan bir keçid mərhələsindədir, siyasi, eyni zamanda ictimai sferada geniş formasiya prosesindən keçir. Bunun gec tez baş verməsi gözlənilən idi, gürcü cəmiyyəti və vətəndaş cəmiyyəti, fəallar hər nə qədər Gürcüstanı hazırkı Qərb-Rusiya qarşıdurmasında Qərb tərəfə çəkməyə çalışsalar da, Gürcüstan hakimiyyəti bu proseslərdə neytrallığını qoruyub saxlamağa, milli maraqlardan çıxış etməyə çalışır, birinci növbədə dövlətçilik maraqlarını önə çəkir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, Gürcüstan kimi daimi Avropa və Qərblə sıx inteqrasiya olunmuş cəmiyyət üçün bu yanaşma bir o qədər qəbul olunmadığından biz belə etirazların şahidi oluruq: “Lakin indi belə bir dönəmdir ki, növbəti Qərb-Rusiya qarşıdurmasının məkanı Gürcüstan ola bilər, ona görə hazırkı hökumət ölkəni təhlükələrdən qorumağa çalışır.

Etirazçılar dayanmır, çünki müəyyən sektorlarda islahatlar qaçılmazdır, bu isə ölkə daxilində müəyyən qruplara sərf etmir, çünki Qərbdən gələn böyük maliyyə axını əldən çıxır. Böyük ehtimal dekabrın 14-də Gürcüstanda keçiriləcək Prezident seçkilərində indiki Prezident məğlub olacaq, Gürcü Arzusunun yeni namizədi qalib gələcək, bununla hökumət daxilində böhran daha da dərinləşmiş olacaq, etirazçılar daha sərt addımlara əl ata, davamlı etiraz aksiyaları keçirilə bilər. Hökumət daxilində bir-birinin ardınca olan etirazlar və istefalar vəziyyəti daha da gərginləşdirir. Faktiki ölkədə indi etirazçı elektoratın əsas dəstəyi hazırkı Prezident Zurabaşvillidir. Əgər qarşıdakı Prezident seçkiləri ciddi insidentsiz keçərsə, faktiki hökumət qarşısında əsas məsələ baykot edən müxalifəti yenidən parlamentə qaytarmaq olacaq.
Bu mərhələ Gürcüstan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin təhlüləkəsizliyinin təmin olunmsı, ərazi bütövlüyü baxımından önəmli mərhələ sayıla bilər. Hökumətlər milli və dövlət maraqlarını qorumaq üçün bəzən sərt addımlar atırlar. Lakin sıravı vətəndaşı Avropaya vizasız gediş gəliş, Qərbin təqaüdləri və maliyyə imkanları daha çox düşündürür, meydanda da məzh bu təbəqədən olan insanları görmək olar. Ciddi qarşıdurmalar fonunda olsa belə Gürcüstanın bu mərhələni uğurla keçəcəyini ehtimal etmək olar, müxalifət və Qeyri-Hökumət Təşkilatları üçün gələcəkdə yeni dövlət proqramları qəbul oluna bilər. Əsas gələcək çağırışlardan biri də Gürücstanda QHT-lərin maliyyələşməsi məsələsi ola bilər, çünki Cənubi Qafqaz regionunda ən böyük sayda olan QHT-lərin sayı məhz Gürcüstandadır, region üzrə əsas beynəlxalq təşkilatlar Tiflisdə oturur, bunun də əsas səbəbi Qərbdən bu ölkəyə böyük maliyyə axınının olmasıdır. Buna bənzər prosesi digər ölkələr və cəmiyyətlər keçdiyi kimi, Gürcüstan üçün də bu proses qaçılmaz kimi görünür. Cəmiyyət hər nə qədər avro-inteqrasiya və açıq cəmiyyət tərəfdarı olsa da, Gürcüstanda müəyyən mühafizəkar kəsim buna qarşıdır, əlbəttə ki, müəyyən zamanla onları yerini dəyişərsə, Gürcüstandakı vəziyyət də dəyişə bilər. İstənilən halda növbəti aylarda baş verən hadisələr həlledici olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə