Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır TƏHLİL

Bəllidir ki, sosial siyasət hər bir dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi olub, cəmiyyətin müxtəlif təbəqələri arasında münasibətlərin tənzimlənməsinə, əhalinin yaşam keyfiyyətinin və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlər sistemidir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində pensiyaçıların da sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyişlərə, pensiyalarda davamlı artımlara nail olunub. Və hər il ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar atılır. Belə ki, vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün yürüdülən bu siyasət sözsüz ki, birbaşa iqtisadi inkişafla bağlıdır.

Prezident İlham Əliyev dəfələrlə söylədiyi bu fikri sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində bir daha vurğuladı və iqtisadi sahədə göstəricilərin bu il də müsbət olduğunu bildirdi: "Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir".

SON BEŞ İL ƏRZİNDƏ ÖLKƏMİZDƏ MİNİMUM ƏMƏKHAQQI 2,7 DƏFƏ, MİNİMUM PENSİYA 2,5 DƏFƏ ARTIB

Prezident İlham Əliyev sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində hər il olduğu kimi növbəti ildə də minimum əməkhaqqı və minimumu pensiyalırın artırılacağını bildirib: "Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.Yəni, bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir. Əlbəttə ki, gələcəkdə bu istiqamətdə siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir".

BU UĞURLARIN TƏMƏLİNDƏ QƏTİYYƏT, PRİNSİPİALLIQ, MİLLİ MARAQLARA HESABLANMIŞ ARDICIL SİYASƏT, LİDERLİK YENİLMƏZLİYİ VƏ GÜCLÜ AZƏRBAYCAN AMİLİ DAYANIR

Prezident İlham Əliyev son 21 illik prezidentlik dövrününü ilk günündən bu günə qədər dövlətin əsas siyasətinin sosial siyasət təşkil etdiyini vurğulayıb, hər zaman sözünü tutub. Dəfələrlə aztəminatlı ailələrin və sosial qayğıya ehtiyacı olan əhali qrupunun sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən sosial paketlər həyata keçirilib, həmin kateqoriyadan olan vətəndaşlara dövlət dəstəyi və qayğısı heç zaman azalmayıb. Məhz Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin yanvar ayının 5-də "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində əlavə tədbirləri özündə ehtiva edir. Belə ki, bir çox kateqoriya üzrə əmək haqqının artırılması, xüsusilə də minimum əmək haqqının 300 manatdan 345 manata, minimum pensiyanın 240 manatdan 280 manata çatdırılması nəzərdə tutulur, eyni zamanda, müavinət və təqaüdlər də artırılacaq. Rəsmi məlumata görə, pensiya və əməkhaqqı artımı 800 min nəfəri əhatə edəcək. Son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan əhəmiyyət daşıyır. Ən əsası isə, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçməsidir.

"ŞƏHİD AİLƏLƏRİNİN SOSİAL TƏMİNATI DA YAXŞILAŞIR. BİZ DAİM ONLARI DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ"

Prezident İlham Əliyevin uğurlu sosial siyasətində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması mühüm yer tutur"Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq",- deyə qeyd edən Prezident İlham Əliyevin imzaladığı sənədlər nəticəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişləri təkcə son 5 ildə 2 dəfədən çox artırılıb. Eyni zamanda, bu dövrdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Beləliklə, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq son 21 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.

Və xalqımız inanır ki, bu gün tarixi qələbəmizi reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial islahatlar proqramı qarşıdakı dövrdə də əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni mühüm irəliləyişlərə nail olunmasını təmin edəcək, dövlətimizi daha firavan gələcəyə aparacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə