“Azərbaycan-İran münasibətlərində uzun müddətdir ki, problemlər yaşanırdı. Xüsusilə də İrandakı Azərbaycan səfirliyinə qarşı həyata keçirilən vandalizm aktından sonra münasibətlər daha da pisləşmişdi. Amma nəticə etibarilə müəyyən müddət keçdikdən sonra, xüsusilə də iki ölkə liderinin son görüşündə bir sıra məsələlərlə bağlı razılaşmalar əldə olunmuşdu. Təbii ki, İranın keçmiş prezidenti qəza nəticəsində həyatını itirdiyi üçün razılaşmaların icrası istiqamətində konkret addımlar atılmamışdı. Bu baxımdan da hazırki mərhələdə İrandan gözləntilərimiz çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, İranın hazırki prezidenti Azərbaycan türküdür və onun hakimiyyətə gəlişi bizim İrandan olan gözləntilərimizi artırır: “Bu gözləntilər içərisində İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində müəyyən dəyişikliklər etməsi məsələsi var. Həmçinin gözləntilər içərisində İran-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi yer alır.
Bu gün artıq İranda olan Azərbaycan səfirliyi fəaliyyətini bərpa etdi. Bundan sonra İranda səfirliyimizə, diplomatlarımıza qarşı hər hansı mənfi addımların atılmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. İranın ayrı-ayrı dairələri tərəfindən Azərbaycana qarşı səsləndirilən mənfi fikirlərin aradan qaldırılması, İranın parlament nümayəndələri, din xadimlərinin Azərbaycana yönəlik hədə-qorxu çağırışlarının aradan qaldırılması kimi məsələlərin hər birinin həlli üçün addımların atılmasını gözləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə