“Azərbaycan və İran arasında münasibətlərin kökləri qədimdir” - ŞƏRH EDİLDİ

“Azərbaycan öz milli maraqları çərçivəsində bütün ölkələrlə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və öz xarici siyasətində də bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində addımlar atıb. Bu xüsusda cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər də bizim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan və İran arasında münasibətlərin kökləri kifayət qədər qədimdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlər yeni məna kəsb etməyə başlayıb: “Məlumdur ki, müəyyən bir dövrdə İran-Azərbaycan münasibətlərində müəyyən gərginliklər yaşandı. Lakin bu gərginlik bizdən yox daha çox qarşı tərəfin atdığı addımlardan qaynaqlanırdı. Amma bütün bunlara baxmayaraq ölkəmiz İranla münasibətlərdə hər zaman korrekt davranaraq münasibətlərin normallaşması üçün addımlar atmışdı. Bu da təbiidir. İran ilk növbədə qonşu dövlət və bir müsəlman ölkəsidir. Biz də İslam dünyasının bir parçası olaraq bütün müsəlman ölkələri ilə daha yaxşı əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlıyıq. İkincisi, İranda 35 milyondan artıq soydaşımız – Azərbaycan türkləri yaşayır və bu amil bizi İranla dost münasibətlərin qorunub saxlanılmasında maraqlı edir. Bu baxımdan qeyd edə bilərik ki, ölkəmizin cənub qonşumuza baxış bucağı hər zaman mehriban qonşuluq prinsipləri əsasında əməkdaşlığa söykənib. Məhz elə bu səbəbdəndir ki, iki ölkə arasında siyasi münasibətlərin ən gərgin olduğu zaman belə, təmaslar davam etmiş və iki ölkə arasında iqtisadi münasibətlər dəyişməz olaraq qalmışdı.

Sevindirici hal odur ki, İran-Azərbaycan münasibətləri son zamanlar yenidən normallaşma mərhələsinə qədəm qoyub. Səfirliyimizə terror aktı törədən şəxslə bağlı ən ağır cəza təyin edilib, səfirliyimizin daha təhlükəsiz və zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində müvafiq iş aparılıb. Nəticədə səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür.

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi, eləcə də həmin mərasimdə ölkə rəhbərlərinin verdiyi bəyanatlar onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb.

Azərbaycan Prezidenti də açılış mərasimindəki çıxışında keçirilən mərasimin dostluğumuzun növbəti təzahürü olduğunu bildirib. Ölkə başçısı “bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb” deməklə, iki ölkə arasında münasibətlərin pozulmasında maraqlı olan bədxahların arzusunu gözündə qoydu. Keçirilən görüş göstərdi ki, İran və Azərbaycan istənilən məsələdə dil tapa bilər və kimlərinsə bu iki ölkənin arasında nifaq salması mümkün olmayacaq.

Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi iki ölkə rəhbərliyinin yaxşı münasibətlər qurmağa olan siyasi iradəsini göstərdi. Şübhəsiz ki, görüşdən bir neçə saat sonra İran Prezidenti İbrahim Rəisi və digər İran rəsmilərinin helikopter qəzasına düşməsi və dünyasını dəyişməsi çox üzücü hadisə oldu və hər birimizi kədərləndirdi. Ancaq Rəsinin son açıqlamaları və Azərbaycanla münasibətlərl bağlı dediklərinin İranın bundan sonrakı rəhbərliyi üçün də bir yol xəritəsi olacağına ümid verir.

İran-Azərbaycan əlaqələrini xarakterizə edən Rəisi “Biz qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir” deməklə həm özünün həm də İranın Ali dini liderinin timsalında Azərbaycan verilən önəmi açıq şəkildə bəyan etmiş oldu. Cənab Rəisi həmçinin Xudafərin hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışını regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisi adlandıraraq bunun düşmənlər üçün qısqanclıq yaratdığını da bəyan etdi.

Dövlət başçısının Azərbaycan-İran sərhəddini dostluq, qardaşlıq sərhədi adlandırması da ölkəmizin bütün davranışlarında regional siyasətə sadiqliyini göstərir. Prezident açıq şəkildə bəyan etdi ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu önəmli amildir. Həqiqətən də İranla münasibətlərin inkişafı istər nəqliyyat dəhlizlərində, istərsə də energetika sahəsində daha böyük əməkdaşlıq üçün perspektivlər açır. Prezidentlərin son görüşü isə hər iki tərəfin bu istiqamətdə ortaq maraqlar kontekstindən çıxış etməsi üçün siyasi iradə ortaya qoyduğunu göstərir. Bu həqiqətən də olduqca vacib amildir. Belə ki, iki ölkə arasında yaxşı münasibətlər bütövlükdə bölgəmizin sabitliyi və inkişafı üçün əsasdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə