COP29: Azərbayacana etimadın və dəyərin göstəricisi ŞƏRH

Hər şeydən öncə qeyd olunması vacib məqam budur ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi kimi tarixə düşdü. Beynəlxalq ictimaiyyətin bu yüksək etimadı Azərbaycan dövlətinin nüfuz göstəricisinin bariz nümunəsidir. Bu qərar, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Ən diqqətçəkən məqamlardan biri də budur ki, bütün postsovet məkanında ilk dəfə olaraq məhz Azərbaycan bu mötəbər qlobal tədbiri keçirmək hüququna sahib oldu. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi də Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Gəlin bu nüfuzlu beynəlxalq tədbirə ev sahibliyinin ölkəmiz üçün hansı dividentlər gətirəcəyini nəzərdən keçirək. Ondan başlayaq ki, COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

"Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğulayıb.

Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Rəsmi açıqlamalarda xüsusilə qeyd olunur ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Dünyanı narahat edən çox ciddi problemlərdən biri canlı aləmə təsir edən iqlim dəyişmələridir. İqlim dəyişkənliyi Yer kürəsinin və ya onun ayrı-ayrı hissələrinin iqlimində hava parametrlərinin zamandan asılı olaraq dəyişərək statistik normadan əhəmiyyətli dərəcədə sapmaları ilə müşayiət olunur. İqlim dəyişmələrinin səbəbləri astrofiziki, geofiziki və Günəşdə vaxtaşırı baş verən fiziki proseslər, Yerin öz xəyali oxu və Günəş ətrafında hərəkəti zamanı baş verən dəyişmələr, şimal və cənub qütblərinin nutasiyası, vulkan püskürmələri kimi təbii amillərlə yanaşı, insanların təbiətə göstərdiyi antropogen təsirlərdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir.

Azərbaycanın belə bir möhtəşəm tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi deyil. İqlim dəyişmələrinin qarşısının alınması ilk növbədə istixana effektini törədən qazların atmosferə buraxılmasını ya sıfır səviyyəsinə endirilməsini, ya da əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu isə öz növbəsində enerji transformasiyanın əsas istiqaməti olan bərpa olunmayan enerji mənbələrindən (kömür, neft, qaz, torf, müxtəlif növ bitumlar və s.), bərpa olunan enerjiyə (günəş, külək, su axarları və s.) keçmək deməkdir. Dünya İqtisadi Forumu bu prosesləri son onillikdə, yəni 2014-2023-cü ildə necə getdiyini təhlil edib.

Təhlilə əsasən, dünya ölkələrinin Enerji Keçidi İndeksi hesablanıb. Tədqiqatlara görə, bu siyahıya İsveç 75,5 indeksi ilə başçılıq edir. Minimal Enerji Transformasiya İndeksi (40) Yəməndə qeyd edilib. Azərbaycanın indeksi 62-yə bərabərdir və bu göstərici ilə ölkəmiz dünyada 32-ci yerdədir.

Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpa olunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizində isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır.

Prezident İlham Əliyev hələ 2004-cü ilin oktyabrın 21-də "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Qarabağda, Bakıda, Naxçıvanda böyükhəcmli işlər həyata keçirilib. 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə elektrik enerjisi istehsalı 20 milyard 279,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çoxdur. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra isə azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Bu gün enerji keçidinə xidmət edən bütün istiqamətlərdə Azərbaycan sürətlə irəliləyır. Bu öz əksini ölkədə energetika infrastrukturunun tam yenilənməsi, enerji təminatının yüksək səviyyədə və təhlükəsiz şəraitdə təmin edilməsi, sahəyə məqsədli investisiya və digər fəaliyyətlərdə öz əksini tapıb. Azərbaycanın enerji transformasiya sahəsində lider olması bu fəaliyyətlərin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu səbəbdən COP-29 sessiyasının Bakıda keçirilməsi təsadüfi xarakter daşımır və ölkədə innovasiyaların inkişaf strategiyasının nəticəsidir.

COP29 həm də böyük insan kütləsinin Azərbaycana gəlməsi, beynəlxalq media qurumlarının Azərbaycana diqqət ayırması ilə yadda qalacaq. Çünki tədbirin keçiriləcəyi günlərdə 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Bir sözlə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə