"Azərbaycan xalqı əldə etdiyi qələbəni qorumaq əzmindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hazırda dünyada baş verən ziddiyyətlər kontekstində bəzi imperialist kantlar öz maraqlarını milli dövlətlər üzərində qurmağa çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, milli dövlətlərin müstəqil siyasətinin üzərində təzyiq qurmaqla bu ölkələri özlərinin istismar poliqonlarına çevirməyə cəhd göstərirlər: "Şübhəsiz ki, bunun üçün bir tərəfdən Azərbaycana qarşı Ermənistanı gücləndirməyə çalışır, başqa bir tərəfdən Azərbaycanda olan daxili sabitliyi pozmağa cəhd edirlər. Bu, Azərbaycanın əldə etdiyi tarixi zəfərin bizi sevməyən qüvvələr tərəfindən həzm edilə bilməməsinin göstəricisidir. Çünki düşmənlərimiz yaxşı bilirlər ki, əldə etdiyimiz tarixi qələbənin əsasında Azərbaycan xalqının həmrəyliyi, vahid məqsəd uğrunda birləşməsi və xalq-iqtidar birliyi dayanır. Ona görə də bu birliyimiz və bərabərliyimizi pozmaq üçün ölkə daxilində fəaliyyət göstərən radikal müxalifət qruplarına da xaricdən göstərişlər gəlir. Ermənistan və Avropa Birliyinin sinxron münasibətləri kontekstində Azərbaycana qarşı edilən təzyiqə paralel olaraq daxildə də mitinqlər təyin etməklə Azərbaycana, rəsmi Bakıya təzyiq edərək Ermənistanın lehinə münbit şərait yaratmağı və mümkün sülhdə Ermənistanın maraqlarını təmin etməyə cəhd göstərirlər. Bu, yolverilməzdir. Təəsüf ki, xarici qüvvələrin əlində alətə çevrilən radikal müxalifət imperializmin bu sifarişini insan hüquqları, demokratiya kimi universal dəyərlərlə əlaqələndirərək həm də ictimai rəyi manipulyasiya edirlər. Şübhəsiz ki, Azərbaycan xalqı bunun fərqindədir.

Azərbaycan xalqı əldə etdiyi qələbəni qorumaq əzmindədir. Biz əminik ki, radikal müxalifətin önümüzdəki günlərdə təyin etdiyi mitinqlər baş tutmayacaq. Bu, Azərbaycan xalqının etirazı ilə qarşılanacaqdır. Nəticə etibarilə bu qələbə Azərbaycan xalqının övladlarının qanı, canı hesabına başa gəlib. Azərbaycan xalqı icazə verməz ki, əldə etdiyimiz bu tarixi zəfəri kimlərsə Azərbaycandan oğurlasın".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə