"Azərbaycan-Türkiyə əlaqələri tariximizin ən yüksək dövrünü yaşayır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün Azərbaycan-Türkiyə əlaqələri tariximizin ən yüksək dövrünü yaşayır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, ölkələrimizarası münasibətlər Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” müdrük kəlamları üzərində qurulmuşdur. Dostluq və qardaşlığımız çoxlu tarixi sınaqlardan üzü ağ çıxmışdır. Xalqlarımız həmişə bir-birinin yanında olmuş, bir-birinə dəstək vermiş və eyni mövqedən çıxış etmişdir. O cümlədən İkinci Qarabağ müharibəsi başlayanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər cür yardımla "Can Azərbaycanın yanındayıq" deməsi ölkəmizə qarşı yönəlmiş çirkin əlləri geri çəkindirmişdir.

O cümlədən Türkiyədə baş vermiş əsrin faciəsi olan zəlzələ zamanı dövlətimiz və xalqımız türk qardaşlara yardımların göndərilməsi üçün bütün imkanlarını səfərbər etdi. Azərbaycan dağılmış Kahramanmaraşda 1000 evlik yaşayış kompleksini tikir. O cümlədən işğaldan azad olunmuş ərazilərin yenidən qurma və bərpa işlərində Türkiyə yanımızdadır.

Mövlüd Çavuşoğlu Türkiyənin XİN rəhbəri olduğu vaxtda bütün tribunalardan Azərbaycanın haqq işinə dəstək vermişdir. Çavuşoğlu Azərbaycanı öz canı qədər sevən bir şəxsdir. İndi də Türkiyə Millət Məclisinin üzvü olaraq yenə də Azərbaycana öz dəstəyini ifadə etməkdə davam edir. Dövlət başçılarımız yenidən seçiləndə ilk xarici səfərlərini bir-birimizin ölkələrinə edir. O cümlədən digər rəsmilər də dövlət başçılarımızın qoyduğu yolu ilə gedirlər. Bu baxımdan Mövlüd Çavuşoğlunun da ölkəmizə səfərini yüksək dəyərləndirirəm. Məhz dövlət başçısı tərəfindən qəbul olunması Mövlüd Çavuşoğlunun şəxsiyyətinə və onun ölkəmizə olan böyük məhəbbətinə verilən böyük dəyər olduğunu hesab edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə