"Birinci episentr Ukraynadırsa, ikincisi Cənubi Qafqazdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan silahlı qüvvələri 30 ilə yaxın idi ki, Azərbaycan ərazisini işğal altında saxlamışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

O bildirib ki, BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etmədi: "Bununla əlaqədar ATƏT-in Minsk Qrupu yaradılmışdı. ATƏT-in Minsk Qrupunun həmsədrləri Birləşmiş Ştatlar, Fransa və Rusiya idi. Bu illər ərzində bu həmsədrlər Azərbaycan-Ermənistan münaqişəsini həll edə bilmədi. Azərbaycana təzyiq edirdilər ki, reallıqlarla barışsın. Yəni Ermənistan silahlı qüvvələrinin işğalçılığına bəraət qazandırırdılar. Azərbaycana reallıqlarla barışmağı təklif edirdilər. Təbii ki, Azərbaycan xalqı 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalçılığını qəlbində yaşatdı və barışmadı. Nəhayət, 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Bu illər ərzində Ermənistan dövləti 10 noyabr sazişini imzalamışdı. 10 noyabr sazişinin müddəaları var idi, üzərlərinə öhdəlik götürmüşdülər. Öhdəlikləri də yerinə yetirmirlər. Ermənistan faktiki olaraq nəqliyyat infrastrukturunun açılması kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasından boyun qaçırır. Ümumilikdə Ermənistan dövləti, baş nazir Paşinyan Birləşmiş Ştatların maliyyə dəstəyi, diplomatik korpusu vasitəsilə hakimiyyətə gətirildi. Paşinyanı hakimiyyətə gətirən dairələr Paşinyan üzərindən Cənubi Qafqaza girmək istəyirlər. Paşinyanı təlimatlandırır və onun hakimiyyətinin uzun ömürlü olması üçün ona həm siyasi, həm iqtisadi, həm hərbi dəstək verməkdədirlər.

Paşinyan xarici dövlətlərin əlində bir alətə çevrilib. O, erməni xalqının maraqlarına deyil, başda Birləşmiş Ştatlar olmaqla Qərb koalisiyasının maraqlarına xidmət edir. Bu illər ərzində Ermənistanla Birləşmiş Ştatlar arasında aparılan danışıqların strategiyası Cənubi Qafqazda, xüsusilə də, Ermənistanda Rusiya nüfuzunu zəiflətmək, Cənubi Qafqaza Qərbin hərbi kontingentini gətirməkdir. Birləşmiş Ştatlar və Qərb Paşinyan üzərindən Ermənistanda Rusiya nüfuzunu zəiflətmək üçün alət kimi istifadə edir. Erməni hökuməti isə Qərbdən istifadə edərək Azərbaycana təzyiq etmək kimi siyasi maraqları var. İllər ərzində Rusiya ilə əməkdaşlıq edərək Rusiyanın himayəsi altında Azərbaycana təzyiq olunurdusa, indi Qərbin himayəsi altında Azərbaycana təzyiq siyasəti həyata keçirirlər. Bu proses hal-hazırda pik həddinə çatıb".

"Azərbaycana olan qərəzli davranışlar istər AŞPA, istərsə də Avropanın digər qurumları olsun, açıq şəkildədir. Eyni zamanda Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün rəylər formalaşdırırlar. İndi isə Birləşmiş Ştatlar, Avropa İttifaqı və Ermənistan yeni koalisiya yaratmaq istəyir. Guya Ermənistanın təhlükəsizliyi üçün bir ittifaq halına gəlmək istəyirlər. Azərbaycana qarşı növbəti qərəzli kompaniyanın başlanmasına start veriləcək. Hesab edirəm ki, aprel ayında baş tutacaq Birləşmiş Ştatlar, Aİ, Ermənistan rəsmiləri arasında aparılan danışıqlar iki istiqamətdə aparılacaq. 1. Rusiya istiqaməti, yəni Ermənistanın Rusiyada nüfuzunu zəiflətmək, Rusiyanın hərbi bazalarını Ermənistandan çıxarılması məsələsi müzakirə olunacaq. Eyni zamanda Azərbaycana qarşı növbəti təzyiq kompaniyalarının strategiyası müzakirə olunacaq. Çünki Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Bu 8 kəndi vermək istəmir. Əgər Ermənistan üzərinə götürdüyü öhdəliyi dinc yolla Azərbaycana qaytarmayacaqsa, Azərbaycanın həm beynəlxalq hüquqa görə, həm də siyasi reallıqlara görə torpağını işğaldan azad etmək haqqı var. Əgər Ermənistan dinc yolla bu məsələni həll etməyəcəksə, biz hərbi əməliyyatla 8 kəndi işğaldan azad etməliyik.

Ermənistanın məqsədi Cənubi Qafqazda gərginlik yaratmaq, yenidən qaynar ocaqlar yaratmaqla Qərbin hərbi kontingenti Azərbaycan-Ermənistan sərhədinə gətirməkdir. Beynəlxalq sülhməramlı qüvvələr adı altında Qərbin silahlı qüvvələrini regiona gətirmək taktikası var. Bu plan da aprel ayında keçirilən görüşdə müzakirə ediləcək. Ermənistanın fəaliyyəti Cənubi Qafqazda stabilliyi pozacaq siyasət həyata keçirir. Qərbin Cənubi Qafqaza girməsi region dövlətlərin maraqlarına uyğun deyil. Ona görə ki, Qərbin silahlı qüvvələrinin Cənubi Qafqaza girməsi Rusiyanın cənub cinahının bağlanması deməkdir. Qərb koalisiyası Ermənistan üzərindən ona görə Azərbaycana təzyiqlər edir ki, Rusiyanın cənub cinahını bağlamaq üçün mütləq Ermənistan üzərindən təzyiq etməklə Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşsini istəyir. Qərbin məqsədi Rusiyanın sərhədlərində qaynar ocaqlar yaratmaq, Rusiyanın dünya bazarına çıxmasının qarşısını almaq və Rusiyanı dünya siyasi xəritəsindən təcrid etməkdir. Azərbaycan da bu alətə çevrilmədiyinə görə Ermənistan üzərindən Azərbaycana təzyiqlər başlayır.

Aİ adına müşahidə qrupu gətirilir ki, sərhəddə onlara hüquqi status verilir. Bunların sayı getdikcə artırılır. Qərbin də Paşinyan üzərinə qoyduğu məsələlərdən biri də Rusiyanın sərhəd qoşunlarının Ermənistan ərazisindən çıxarılmasıdır. Ermənistanın hava məkanında olan Rusiyanın sərhəd qoşunlarını Ermənistandan çıxarmaq kimi məsələlər qoyur. Ermənistan Rusiyanın silahlı qüvvələrinin çıxarılmasını istəyirsə, niyə Türkiyə ilə Ermənistan sərhədindəki qoşunun da çıxarılması tələb olunmur? Niyə hava limanı nəzərdə tutulur? Ermənistana xaricdən silahlar gətirilir. Xüsusilə, bu silahlar hava yolu ilə daşınır. Hava məkanına rusların nəzarət etməsi silah-sursatın gətirilməsindən Rusiyanın xəbərdar olması deməkdir. Bu da Qərb üçün vacibdir. Çünki Ermənistan üzərində aparılacaq hərbi əməliyyatların məxfiliyinin qorunması üçün Rusiyanın sərhəd qoşunları aeroportdan çıxarılması məsələsi kimi gündəmə gətirilir. Qərb müxtəlif üsullarla Cənubi Qafqaza girmək istəyir. ABŞ-la Rusiya arasında geosiyasi savaş gedir. Birinci episentri Ukraynadırsa, ikincisi Cənubi Qafqazdır. Paşinyan üzərindən aparılan siyasət Ukraynada aparılan siyasətin tərkib hissəsidir. Ukrayna-Rusiya münaqişəsi yaratdılar, eləcə də Paşinyanı qızışdıraraq Cənubi Qafqazda münaqişə ocağını gücləndirmək istəyirlər. Rusiya ilə yanaşı Azərbaycanın da bu konfliktdə olmasında maraqlıdırlar. Hesab edirəm ki, aprel ayında keçiriləcək görüş ermənilərin təhlükəsizliyi adı altında növbəti təxribat xarakterli görüşdür" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə