8 kəndin taleyi: itirilənlər geri qaytarılır - RAKURS

Azərbaycanla Ermənistan arasında sülh müzakirələri getdiyi bir zamanda bütün diqqət təbii ki, işğal altında qalan kəndlərimizin geri qaytarılması məsələsinin həll olunmamasıdır. Ermənistan tərəfi müztəlif səviyyələrdən yeni-yeni idialar irəli sürür, bunun əvəzinə Azərbaycandan hansısa pay qoparmağa çalışır. Beləliklə, ermənilər məğlub tərəf olmasına baxmayaraq həm də özünü qarşı tərəflə eyni səviyyədə göstərməyə çalışır. Amma bu yanaşmanın keçərli olmadığını özləri də yaxşı bilir. Azərbaycan qalib tərəf kimi diqtə etməlidir, gələcək qonşuluq münasibətlərini nəzərə alaraq xoşməramlı jest edir, amma ərazi bütövlüyü məsələsində heç bir güzəştin olmayacağını hər imkanda Ermənistana çatdırır. Məhz bu yanaşmanı İrəvan fərqli istiqamətə yozur və buna görə də sülh müzakirələrində gözlədiyimiz mövqeni sərgiləmir.

Ermənistanın baş naziri və parlament spikeri səviyyəsində müxtəlif platformalarda guya Azərbaycanın 31 kəndi geri qaytaracağı təqdirdə Qazağın 7, Naxçıvanın isə Kərki kəndini azad edəcəklər. Halbuki, Azərbaycan Ermənistanı nəinki bir kəndini, bir qarış torpağını belə öz nəzarətində saxlamır. İrəvanın dedikləri həmin kəndlərə yaxın yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olmasıdır. Bu isə Ermənistanın dünya birliyi tərəfindən tanınmış ərazilərinə müdaxilə deyil, Ordumuz öz ərazilərimizdə dayanıb. Ermənistanın “güzgü prinsipi” təkliflərinin arxasında da bu istək dayanır. Ermənilər silahlı qüvvələrimizin sərhəddə dayanmasını özünə təhlükə görür. Bəs 2020-ci ilin II Qarabağ müharibəsinə qədər Ermənistan tərəfi niyə dövlət sərhədləri barədə düşünmürdü? Torpaqlarımızın 20 faizini işğal edərkən bunun beynəlxalq səviyyəli cinayət olduğunu anlamalı idi. Bugünkü mənzərə isə Azərbaycanın Ermənistan torpağını işğal etdiyinə dair heç bir əsas vermir. Əgər belə olsaydı, bu gün də Ermənistanı qoruyan, ona hərtərəfli yardım edən, hətta İrəvanın işğalçı siyasətinə dəstək olan güclər, dövlətlər Azərbaycana qarşı təzyiqlər edər, ağır sanksiyalar tətbiq edərdilər.

Sanksiya demişkən, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və daha dəqiq BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə istinadən təmin edib. Hələ ortada, necə deyərlər, “daşdan keçən” sənədlər ola-ola Qərb dünyası haqqımızı danmağa, bizi içğalçı Ermənistanla eyni sıraya qoymağa çalışır. Avropa İttifaqı Pasrlamentinin son qərarını yada salaq. Azərbaycanı guya Ermənistan ərazilərini işğal edəcəyi bəhanəsi ilə təhdid edən Avropa Parlamenti Fransanın irticaçı siyasətinin köləsi rolunu yetərincə oynaya bildi və bizi sanksiyalarla hədələdi. Bəli, bunu “demokratiya mayası” ilə yoğrulmuş, 30 il Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman Avropa etdi. Avropa “mülki missiya” adı altında öz kəşfiyyatçılarını sərhədlərimizə yaxın yerdə mövqeləndirib. Ermənistan nə edir-etsin, kimə güllə atır-atsın, bu missionerlərin vecinə də deyil, onlar ancaq Azərbaycanın nə etdiyini güdürlər.

Ermənistanın baş naziri sözdə Azərbaycan ərazilərini tanıdığını deyir, amma 8 kəndi və onun ərazilərini nədənsə yadına salmır. Azərbaycan isə özününkündən, öz ərazilərindən imtina etməyəcəyini hər addımda qarşı tərəfə hiss etdirir. İrtəvan da bilir ki, kəndləri geri qaytarmağın alternativinin olmadığını da anlayır. Sadəcə, vaxtı uzadır ki, bud a tərəflərin maraqlarına heç cür cavab vermir. Qazanan isə Cənubi Qafqaz uğrunda savaş aparan güclər ola bilər.

Qazağın kəndlərini necə itirdik?

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən, artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı ki, bu da güclü silahlarla təchiz edilən ermənilərin hücumlarının qarşısının alınmasını mümkünsüz edirdi. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.

Sual olunur, Qazağın kəndlərinin işğal olunmasına görə təkcə sovet hökumətimi günahkardır? Bəs mərkəzi hakimiyyətin əmrlərini “ləbbeyk”deyərək yerinə yetirən hakimiyyət orqanları günahsızdırlarmı? Yox, əlbəttə, həmin hadisələrin baş verdiyi dövrü bir anlığa gözümüzün qabağına gətirək. Ölkədə xaos hökm sürürdü, hakimiyyət yalnız Moskvadan gələn əmrlərə müntəzir dayanmışdı, kreslo davasına girişmiş güclər isə hər an hakimiyyətdəkilərin səhv etməsini gözləyirdi. Arada isə torpaqlar əldən gedirdi. Növbəti dönəmdə hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi isə hər addımda görünürdü. Neft satıb para qazanmaq iştahası ilə hakiniyyətə gələnlər bunun nə qədər çətin olduğunu elə birinci gündən anladılar. Amma israrla hakimiyyət kreslosunda səhvlərini sıralamaqda davam etdilər. Kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca itirildi, amma “bəy”lər yenə narahat olmadılar, əksinə boğazdan yuxarı iddiaları ilə xalqı səfalətə, dövləti isə məhvə sürüklədilər. Ta ki, dövlətin sükanı əmin əllərə yetənə qədər.

Ermənistanın Voskepar adlandırdıqları, erməni millətçilərinin ən güclü dayağı olan Əskipara kəndindən Qazağın Yuxarı və Aşağı Əskipara kəndlərinə intensive hücumlar həyata keçirilirdi. Silahın olmaması yerli milislərin də tədbir görməsini əngəlləyirdi. O vaxt ətraf kəndlərə (Yuxarı Əskipara və Aşağı Əskipara) hücuma görə Sovet ordusu burada hərbi əməliyyat keçirmişdi. Oxlu sayda erməni yaraqlısı ələ keçmişdi. Amma hansısa əl həmin yaraqlıların cəzalandırılmasına mane olurdu. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə əvvəlcədən təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal edilmişdir. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulmuş, 10 nəfər dünyasını dəyişmiş, 15 nəfərdən çox insan isə yaralanmışdır. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilmişdir. Xüsusi strateji əhəmiyyətli Bağanis Ayrım kəndi İcevan–Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilmişdir. Kənddə işğal olunan zaman 600 nəfər yaşayırdı. Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və maldarldıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. indi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər.

1990-cı ilin martından 1992- ci illin martına qədər kiçik miqyaslı atışmalar olsa da, işğal hadisəsi baş vermədi. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən ələ keçirildi, yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli oldu.

Əgər həmin dövrdə erməni daşnakları layiq olduqları cəzanı alsaydılar, bu gün vəziyyət belə olmazdı. Yəni, bir qədər əvvəl Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşmələri Qazağın işğal altındakı kəndlərinə girib orada möhkəmlənmək istəyiblər. Amma bunun nə qədər ağır nəticəsinin olacağını göz önünə gətirən rəsmi İrəvan həmin yaraqlıların üzvlərini həbs etməli olub. Bu, sözügedən ərazidə 30 ildən çoxdur davam edən təxribatçı fəaliyyətin hələ də qaldığını göstərir.

Kəndlər necə qaytarılacaq?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb. Dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”. Bu barədə Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı da bildirib. İlham Əliyev bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

2020-ci il sentyabrın 27-dən başlayan döyüşlər həmin kəndlərimizin də işğaldan azad edilməsi ilə nəticələnə bilərdi. Çünki, o kəndlər Azərbaycana aiddir. Amma həmin kəndlə Azərbaycan arasında erməni torpaqları var idi. Ora əkin, otlaq əraziləri olan torpaqlardır. Bunu danışıqlar və razılığa gəlməklə həll edə bilərik. Yox, razılığa gəlməsələr, nə vaxtsa, silah gücü ilə də olsa, onları azad edə bilərik. Ölkə başçısı bütün dünya ictimaiyyətinə müraciət edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmalıdır. Bəziləri bu işin yarımçıq qalacağına görə narahat idi. Prezident birmənalı olaraq, bunun Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunana qədər davam edəcəyini qeyd edib. Ağır məğlubiyyətə uğrayan erməni ordusunun bu kəndlərdə qala biləcəyini heç kim düşünmür. Ordumuz lazım olan hər şeyi edəcək ki, həmin ərazilər bütövlükdə Azərbaycanın nəzarətinə qayıtsın. O kəndlər Azərbaycanın ərazisi olaraq dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən tanınır. Həmin kəndlərin işğal olunduğu konkret tarixlər var. Bunları hətta Ermənistan da danmır. Odur ki, kəndlər mütləq azad ediləcək. Bu kəndlərin məsələsi sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı müəyyənləşəcək.

Ermənilər kəndlərin onlara məxsus olmadığını bilir, amma vaxtı uzatmaqla əsəbləri tarıma çəkmək, Azərbaycanı hövsələdən çıxarmaq və müharibəni Ermənistan daxilinə çəkməyə çalışırlar. Eyni zamanda qeyri-regional güclərin əli ilə həmin ərazilərdən keçən maqistral yollara nəzarəti itirməmək üçün manevrlər edirlər. Amma Ermənistan beynəlxalq qanunlara, qaydalara və tələblərə əməl etməyə borclu olduqlarını da unutmamalıdırlar. Əks halda onlarla öz dillərində danışmaq lazım gələcək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə