Azərbaycan–Gürcüstan srateji tərəfdaşlığı - TƏHLİL

Azərbaycan ilə Gürcüstan arasında möhkəm təməllər üzərində qurulan əlaqələr, iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir.
"Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır". Bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib: "Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur".

AVRASİYA ÜÇÜN ÖNƏMLİ ÖLKƏLƏR

Birgə səylər əməkdaşlığın daha da yüksək səviyyəyə qaldırılmasında mühüm rol oynayır. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı etimada əsaslanır. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. İki qonşu ölkə hər zaman bütün beynəlxalq tədbirlərdə bir-birinə dəstək nümayiş etdirərək öz əlaqələrini strateji müttəfiqlik səviyyəsinə çatdırmışdılar. Azərbaycan və Gürcüstan həm iqtisadi, həm siyasi, həm də ticari sahədə çox müvəffəqiyyətlə əməkdaşlıq edərək beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeləri ilə fərqlənmişdilər. Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, sıx strateji tərəfdaşlıq birləşdirir. İki ölkə liderlərinin birgə səyləri ilə əməkdaşlıq daha da yüksək səviyyəyə qaldırılaraq regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə böyük töhfələr verir.
"Bu gün Azərbaycan və Gürcüstan Avrasiya üçün də önəmli ölkələrə çevrilib" – deyən Prezident bildirib ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz ölkəsinin iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, həyata keçirdiyimiz birgə infrastruktur layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.

"AZƏRBAYCAN QAZINI ALAN ÖLKƏLƏRİN SAYI 8-Ə ÇATIB"

Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin bir çox ölkələr üçün cəlbedici olacağını bildirən Cənab Prezident nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastrukturun bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacağını diqqətə çəkib. "Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir". Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib.Əlbəttə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. "Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq", - deyə dövlətimizin başçısı əlavə edib.Energetika sahəsində bu gün bizi birləşdirən ənənəvi sahələrdən başqa "Yaşıl enerji dəhlizi" layihəsidir. Burada da Gürcüstan və Azərbaycan – iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir.

"HEÇ BİR ÖLKƏNİN SUVEREN ƏRAZİSİ ZOR GÜCÜ İLƏ DƏYİŞDİRİLƏ BİLMƏZ"

Göründüyü kimi, bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. "Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz" – deyə Cənab Prezident bildirib.
Əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə