Fransanın yürütdüyü siyasət sülh və təhlükəsizliyə qarşı zərbədir

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü qış sessiyasının ikinci günü ATƏT məkanında ümumi təhlükəsizlik və sülhün möhkəmləndirilməsi imkanlarına dair müzakirələr aparılıb, çıxışlar edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin üzvü, ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev sessiyada münaqişə və müharibələrin fəsadlarından danışıb. O, bu vəziyyətin sülhün kövrəkliyini, beynəlxalq hüquq və prinsiplərə riayət etməyin vacibliyini xatırlatdığını, bu kontekstdə Avropanın təhlükəsizlik mənzərəsinin hazırda mühüm çağırışlar və qeyri-müəyyənlik dövründən keçdiyini bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan ATƏT-in iştirakçısı olan dövlət kimi uzun illər beynəlxalq hüququn əsas prinsiplərinin açıq-aşkar pozulmasından əziyyət çəkən, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına çalışan təşkilatın prinsip və dəyərlərinə möhkəm sadiqdir.

O qeyd edib ki, Azərbaycan ATƏT PA-nın potensialını Ermənistan və Azərbaycan arasında etimad quruculuğu səylərinə töhfə vermək üçün səmərəli platforma kimi qəbul edir. Münaqişə səhifəsini bağlamaq və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi fürsət yaranıb.

Azay Quliyevin çıxışında keçən ilin dekabrında Azərbaycan və Ermənistanın COP29 ilə bağlı qarşılıqlı güzəştlərdən istifadə etməsini və ikitərəfli razılaşma əsasında hərbi əsirlərin dəyişdirilməsini bu danışıqların uğurlu nəticəsi kimi xarakterizə olunub. Vurğulanıb ki, bu addımlar hər iki ölkə arasında dialoq vasitəsilə normallaşmaya və sülh müqaviləsinin imzalanmasına nail olmağa yönəldilməlidir.

Parlament Assambleyasında müsbət nümunələrlə yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının da davam etdiyini xatırladan Azay Quliyev deyib ki, burada xüsusilə fransalı parlamentarilər fəallıq göstərirlər. Guya Azərbaycanın Ermənistan ərazisi ilə bağlı iddiaları və ya planları mövcuddur və bu əsassız iddialar sadəcə olaraq bu ölkənin militarizasiya səylərini dəstəkləmək üçün bəhanə kimi istifadə edilir. Təsadüfi deyil ki, Fransa hökuməti cəmi iki gün əvvəl öz militarizasiya siyasətini yenidən təsdiqləyib və Ermənistanla yeni silah müqavilələri imzalayıb.

Azərbaycan təmsilçisi vurğulayıb ki, Fransanın bu cür siyasəti regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə yalnız zərər verəcək, normallaşma prosesinə ciddi şəkildə mənfi təsir göstərəcək. Buna görə də bu siyasətə son qoyulmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə