Milli Şəhərsalma Forumları Azərbaycan üçün beynəlxalq platformadır - ŞƏRH
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun keçirilməsi, xüsusilə də tədbirin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi mühüm və tarixi əhəmiyyət təşkil edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib.
Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev tədbir iştirakçılarına təqdim etdiyi açıqlamalarında Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində görülmüş işlər və gələcək planlar barədə detallı məlumatlar təqdim etmişdir. Dünyanın 53 ölkəsindən, ümumilikdə 400 iştirakçının qatıldığı bu tədbir Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü möhtəşəm işləri, erməni işğalı nəticəsində tamamilə dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinə bir daha nümayiş etdirmək üçün həqiqətən də böyük platformadır. Dövlət başçımızın çıxışında yer alan ən mühüm məqamlardan biri işğal dövründə beynəlxalq təşkilatların, dünya liderliyi iddiasında olan ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqelərdən çıxış etmələri, xalqımızın başına gətirilən faciələrə biganə qalmaları ilə bağlı olmuşdur. Əgər belə olmasaydı, Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini çoxdan tapa bilərdi. Lakin Cənubi Qafqazda öz maraqları olan qüvvələr buna imkan vermədilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illər boyu icra olunmadı. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozur, Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada Yaxın Şərqdən və digər ölkələrdən erməni diasporu tərəfindən dəvət edilmiş minlərlə qeyri-qanuni sakin məskunlaşdırır, Cenevrə Konvensiyasına əsasən, cinayət törədirdi. Təəsüf ki, beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etmədi. Ancaq Azərbaycan 28 il ərzində bərpa olunmasını gözlədiyi ədaləti Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun igid əsgər və zabitlərinin rəşadəti ilə cəmi 44 günə bərpa etdi.
Ermənistan isə müharibədən sonra keçən üç il ərzində də bölgədə sülhə nail olmaq üçün heç bir konstruktiv addım atmadı. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın tələblərinə zidd olaraq ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birləşmələri çıxarılmadı. Belə ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan, eyni zamanda Xankəndidə oturan qondarma separatçı rejimin rəhbərliyini "müstəqillik" münasibətilə təbrik edirdi. Azərbaycan Qarabağda özünün konstitusiya quruluşunu bərpa etmək üçün daha 30 il gözləyə bilməzdi və buna görə də sentyabrın 19-da Ali Baş Komandanın əmri ilə lokal antiterror tədbirinə başlandı. Cəmi bir gün çəkən bu əməliyyat bütün nöqtələri yerinə qoydu. Azərbaycanın suverenliyi tam təmin edildi. Dövlət başçımızın çıxışında bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisinin hüquqları, o cümlədən onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq təmin ediləcək.
Dövlət başçımız çıxışı zamanı onu da vurğuladı ki, bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir. Ağalı "ağıllı kəndi"nə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: "Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır".
Dövlət başçımız Forumunun açılış mərasimində çıxışı zamanı bildirdi ki, indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir. Ermənistanın kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim olduğunu söyləyən Azərbaycan Prezidenti İlham Əliyev əminliklə bildirdi ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq.
Həmçinin, dövlətimizin başçısı çıxışında Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi və bildirdi ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, Azərbaycan Ermənistana sülh təklif etdi. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipi irəli sürülüb. Sözsüz ki, Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir.
Beləliklə, tarix də sübut edirik biz haqlı mübarizə aparırıq. Çünki dövlət başçımızın dediyi kimi: "Nəyi ediriksə, dəqiqliklə edirik. O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq". Və işğaldan azad olunmuş Zəngilanda Milli Şəhərsalma Forumunun keçirilməsi dövlət başçımızın söylədiyi kimi, dostluğumuzun, birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa etməklə bütün Qarabağımız cənnət- məkana çevriləcək.
VİDADİ NƏZƏROV,
YAP Masallı rayon təşkilatı, Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə