Müdafiə Nazirliyi növbəti dəfə brifinq keçirib - YENİLƏNİB - FOTOLAR

Müdafiə Nazirliyi növbəti dəfə brifinq keçirib. SİA xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov lokal antiterror tədbirləri barədə son məlumatları elan ictimaiyyətin diqqətinə çatdırıb.

Keçirilən antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 60-dan çox döyüş mövqeyi ordumuzun nəzarətinə keçib.

Bundan başqa, ermənilərə məxsus 20-ədək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, 30-dan çox 120 və 82 mm-lik minaatanlar, iki ədəd zenit raket qurğusu məhv edilib.

Anar Eyvazov bildirib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri
birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırlar: “Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır.

Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda, hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

Məlum olduğu kimi, arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb", - o qeyd edib.

A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə