Daş, tarixdir, əsrlərin o başından bu başınadək ötən tarix. Biz olmasaydıq, o tarixi kim yaşadardı? Biz Vətənə daş olduq. Hər dağında, hər qayasında, çayında, hər elində... Daş olduqca da daşlaşdıq. Tariximizi yazdıq. Hünər, qəhrəmanlıq səhifəsini öz əllərimizlə yazıb bu Vətənin daşına çevrildik. Qoparmaq istədilər, qopmadıq. Daşımaq istədilər, yerimizdən qaldıra bilmədilər. Əlləri külünglə gəldilər üstümüzə, yerimizdən bir qətrəmizi qopara bilmədilər. Çünki biz bu Vətənin daşı olduq. Yerindən tərpənməyən, düşdüyü yerdə ağır olan daşı...
Qardaş arxadır, dayaqdır. Qardaş düşmən çəpəridir. sinəsini qabağa verib arxadakıları qoruyan, nümusunu, qeyrətini çəkən, elinin qızını-gəlinini göz bəbəyi kimi qoruyan, ağsaqqal-ağbirçəyinə sayğı ilə yanaşan oğuldur. Düşmənin əyri baxan gözünü oyan, el qoruqçusu, torpaq sevdalısı, məmləkət qeyrətlisidir. Həddi-buluğa çatan gündən kişiliyini hiss edən, çiyinlərindəki yükün nə olduğunu anlayan, bütün bunlara görə də həyat tərzini quran igidir, ərdir.
Vətənin sərhədlərini oğul üçün binə edib Yaradan. Edib ki, dünyaya göndərdiyi ərlərlə qorunsun parça-parça ayırıb məmləkətlərə, Vətənlərə, ölkələrə böldüyü yer üzü. “Məhz oğullarla qorunmalıdır Vətən” deyib Yaradanımız. Bu missiyanı, vəzifəni yaradılışdan onlara bəxş edib.
Biz hamımız-kişili-qadınlı torpağın qardaşıyıq, onu mühafizə edənlərik. Qadınlara yaradan o vəzifəni verib ki, dünyaya oğul gətirsinlər. O oğullar isə torpağa canlarını qurban vermək üçün gözlərini dünyaya açsınlar. Elə buna görə də deyilməyibmi ki, oğul topraq payıdır. Yəni istənilən bir məqamda yaşından asılı olmayaraq o torpağın-ən çox sevdiyi sevdalısının payına çevrilə bilər...
Biz ölkəmizə vətəndaş olduq. Xalq şairi rəhmətlik Məmməd Araz yazırdı ki, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Biz ölkəmizin vətəndaşı olmağı əsrlərdir haqq edirik. Çünki öncə onun daşı olmağı bacarmışıq. Tarixin o üzündən bəri əllərimizlə yazdığımız salnamələri vərəqləsək, görərək ki, bu xalq yadelli işğalçılarla, torpağımızda gözü olanlarla, bu səbəbdən də ölkəmizə yürüşlər edənlərlə necə mübarizələr aparıb, bu torpağın hər bir qarışının qorunması, mühafizə olunması üçün canından keçib. Beləliklə də biz Vətənin daşı olmuşuq ki, bu Vətəni, bu torpağı bu günlərlə gətirib çıxara bilmişik. Deməli, biz həqiqətən də ölkəmizin vətəndaşı olmağı haqq etmişik.
Çox uzağa getməyək...
Bəli, daş tariximizi kəlmə-kəlmə oxuyub öyrənmişik. Kimlərin bu xalqla hansı münasibətdə olduğunu, kimlərin üzdə, kimlərin arxada dostluğunu da, düşmənliyini də görmüşük.
Çox uzağa getməyək. yaşımızın imkan verdiyi, özümüzü anladığımız dövrlərə bir nəzər salaq. Biz haralardan haralara gəldik. Bizim başımıza nələr-nələr gəldi. Qonşuluqdan kənar qonşumuzdan-ermənilərdən söhbət açaq. Hansı ki, ötən əsrin əvvəllərindən süfrələrimizin başındakı düşmənlərimizdir bu yersiz-yurdsuzlar. Haradan gəlib bizimlə qonşu oldular, heç bilmədik. Bir də ki qonşu oldular deyəndə,onların torpağı yox idi ki, bizimlə də qonşu olalar. Bizə sığına-sığına, süfrəmizin qırıq-quruğu ilə dolana-dolana içimizdə düşmənə çevrildilər. Sonra torpaqlarımıza göz dikənlərin havadarları hərdən bir qarışımızı qoparıb “onların olsun” dedi və beləliklə də bu vəhşi qəbilə qulağımızın dibindəcə düşmən qonşumuza çevrildi.
Başqasının hesabına torpaq sahibi olanlar elə ki, bir qədər özlərinə gəldilər, başladılar yeni-yeni torpaq iddialarına. Yəni bunları da onlara vəsiyyət edənlər, başa salanlar var idi. Yoxsa əzəldən torpağı, bu torpağa bağlılığı, sevdası olmayan yaradılanda sonradan bu hisslər formalaşa bilməz.
Arxalarında dayananlar, əslində Azərbaycanın varlığını, sərvətini sinirə bilməyənlər erməni adlı varlıqları qızışdırıb ortaya saldı ki, bizim hüzurumuzu qaçırsınlar. Dinc yaşamağımızı, regionda söz sahibi olmağımızı əngəlləsinlər. Çünki bu dövlətin sabahındakı işıq onların gözlərini qamaşdırıb korluq həddinə gətirməkdə idi.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilər qızışdırılıb yenidən ortaya salındılar. Bütün havadarlarının gücü ilə Azərbaycan topaqlarını işğal etmək, bu ölkənin bu gününü yaralamaq, o yaraların illərlə qan süzməsinə çalışdılar.Beləliklə də XIX-XX əsrin ayrı-ayrı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar 80-ci illərin sonundan başlanan erməni işğalçılıq siyasəti ilə başa çatdı. Nəticədə həmin illərdə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün də ermənilərin havadarları ilə əlbirliyi ilə topraqlarımızn 20 faizdən artığı erməni faşistləri tərəfindən işğal edildi.
İşğal edildi, yoxsa...
Topraqlarımız əslində ermənilərə satılmışdı. Səriştəsiz qruplaşmanın vəzifə kürsüsünə, hakimiyyətdə qalmaq arzusuna, yerlərini bərkitmək istəklərinə qurban getmişdi Qarabağ və Şərqi Zəngəzur. Lakin siyasət o qədər ikibaşlı idi ki, AXC-Müsavat cütlüyü torpaqları satmaqla yanaşı, həm də minlərlə oğul və qızımızın, günahsiz körpənin qətlinə fərman vermişdi. Vətən daşı olan torpaq sevdalılarımız əllərində ov silahı, şana, yaba, dırmıq ilə düşmənin qarşısına çıxmışdılar. Düşmən isə havadarları tərəfindən ən müasir silahlarla silahlanmışdı.
Bizim hakimiyyət həvəslilərimiz isə torpaqları satıb otaqlarında gizlənmiuş, Qarabağ üçünkömək uman insanların dəqiqəbaşıgələn telefonları açmırdılar. İnsanlar cəbhədə kütləvi şəkildə şəhid olur, qan su yerinə axır, soydaşlarımız öz ata-baba ocaqlarından, əzəli yurdundan silah burnunda çıxarılır, qovulur, hakimiyyətdəkilər isə susmağa üstünlük verirdilər.
Bu səbəblərdən də heç vaxt işğal sözü ilərazılaşmaq istəmirəm. Erməni kim idi ki, Azərbaycan torpaqlarını işğal edə. Minlərlə insanı qətlə yetirə, minlərlə insanın 30 ilə köçkün həyatı yaşamasına səbəb ola...
Torpaqlarımız satılmışdı. Bu, tarixi faktdır. Azərbaycanlıların heç vaxt unutmayacağı, tariximizin qara bir səhifəsini təşkil edən fakt. Deməli, bəli, heç də hər kəs Vətən daşı olmağı bacarmırmış. Daha doğrusu Vətənin daşı olmaq da gərək Ulu Yaradan tərəfindən insana nəsib edilə. Çox təəssüf ki, onların bu nəsibdən payı olmadı. Tarixin səhifələrində deyil, zibilliyində yer aldılar.
Beləliklə, 30 il...
90-cı illərin əvvəllərində minlərlə şəhid versək də, insanlar hər qarış topraq uğrundan canından keçsə də, lakin milli ordumuzun yox dərəcədə olması, hakimiyyətdə olanların isə qəti şəkildə yaxına durmaması nəticəsində torpaqlarımız anası Azərbaycandan ayrı düşməli oldu. Düşmən 30 il əzəli torpaqlarımızda at oynatdı. Sərvətlərini daşıdı, satdı-sovdu, tarixi-mədəniyyət abidələrimizi, məscidlərimizi yox etdi, bir sözlə, daşı daş üstündə qoymadı. Bu torpaqlara faşizmin ən qəddar üsullarını tətbiq etdi. Bununla bir tərəfdən də həqiqəti ortaya qoydu əslində. “Bu torpaqlar bizimdir”,- deyən ermənilərin yanlış fikirdə olduğunu elə ilk günlərdən təsdiqlədi. Çünki insan övladı özünün olanlara qətiyyən bu divanı tutmazdı.
Minlərlə məcburi köçkün ozanmankı iqtisadiyyatı çökmüş Azərbaycanın dörd bir tərəfinə yayıldı. Həmin vaxtlar insanların hansı zülmlərlə, çətinliklərlə qarılaşmasına, hansı şəraitdə yaşamasına çoxlarımız şahidik. O zamana kimi ki, Ulu Öndərimiz yenidən Azərbaycanda hakimiyyətə gəldi, AXC-Müsavat qruplaşması hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra iqtisadiyyatımz, sosial həyatımız kimi, məcburi köçkünlərin də həyat tərzi dəyişməyə başladı. Ancaq onlar üçün nə qədər təminatlı şərait yaradılsa da, yurd həsrəti, ocaq arzusu bir saniyə də bu insanları tərk etmədi. Minlərlə soydaşımız elə qəriblikdəcə yurd həsrəti, hicranı ilə dünyasını dəyişdi.
Torpaqlarımızdan 30 il ayrı qaldığımız illərdə 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əzəli yurdlarımızn geri alınması üçün çoxsaylı tədbirlər həyata keçirildi. Milli Ordumuz təkmilləşdirilməyə başlandı. Hələ Ulu Öndər Naxçıvanda olarkən bu addım orada atılmışdı. Çünli Öndərimiz yaxşı bilirdi ki, nə qədər ki, ordumuz yoxdur, torpaqlarımızn azadlığından söhbət gedə bilməz. Ölkə iqtisadiyyatı da həmçinin. Çökmüş iqtisadiyyat dirçəlmədən hansı müharibədən söhbət gedə bilərdi. Zəfər qazanmaq, düşməni çökdürmək üçün axı güc lazım idi.
Biz illərlə bir gün torpaqlarımızı qaytarmaq arzusu ilə yaşadıq. Ulu Öndərin başladığı, lakin ömrün vəfa etmədiyi işləri 2003-cü ildən dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev davam etdirdi. Ölkə iqtisadiyyatı ilə ordu quruculuğu elə bir paralel şəkildə inkişaf etdirildi ki, onların tarazlığı eyni səviyyədə oldu.
2020-ci ilə qədər düz 17 il ölkə rəhbəri dünyanın ən mötəbər kürsülərindən beynəlxalq təşkilatlara üz tutdu. Onlara Azərbaycan həqiqətlərini çatdırdı. Erməni yalanlarını ifşa etdi. Sülh yolu ilə torpaqlarımızın qaytarılması uğrunda mübarizə apardı. Lakin dünya susdu. Ədalətə kar olduğu üçün deyilənləri eşitmədi və anlamadı.
Lakin dövlətimizin başçısı bütün bayram və əlamətdar günlərlə bağlı xalqa müraciətlərində həmişə onu da vurğulayırdı ki, torpaqlarımız bir gün azad olunacaq. Sülh yolu ilə olmasa, hərb yolu ilə torpaqlarımızı azad edəcəyik. Bu, tarixi ədalətdir. Bu ədalət bir gün qalib gələcək.
Belə də oldu
2020-ci ilin sentyabr ayı... Əsl Vətən daşı, torpaq qardaşı, ölkə vətəndaşı olduğumuzu təsdiq etdiyimiz o gün-27 sentyabr. Həmin gün dövlətimizn başçısı televiziya ilə xalqa müraciət edərək İkinci Vətən Müharibəsinin başladığını bəyan etdi.
Erməni vəhşiliyinə, tamahına son qoymağın vaxtı çatmışdı. Müharibənin başlaması acı xəbərdir. Bunu kitablardan da oxumuşuq, filmlərdən də öyrənmişik, 90- cı illərdə Birinci Vətən müharibəsində isə canlı şəkildə görmüşük. Lakin dövlətimizn başçısının müharibənin başlanması ilə bağlı bəyanatını sevinclə qarşıladıq. İnanın ki, bu, dünya tarixində ilk belə hadisə idi. Bunun isə səbəbləri vardı: biz Vətənin daşı idik, torpağın qardaşı, sevdalısı idik. Əsl vətəndaş idik. Bax elə bunlara görə də Vətənin tamlığı, ərazi bütövlüyü uğrunda ölümə getdiyimizi bilə-bilə sevinirdik. Müharibəni ağlamaqla, sızlamaqla deyil, sevinclə, qürurla qarşılayırdıq.
Həmin gündən etibarən bütün Azərbaycan ayağa qalxdı. Hər kəs cəbhəyə yollanmağa can atırdı. Səfərbərlik idarələrinin qarşısı insanla dolu idi. Lakin milli ordumuz öndə idi. Könüllü gedənlərin sayı-hesabı yox idi. Bu səbəbdən də hamı gedə bilmirdi. Onlar Ali Baş Komandanın əmrini gözləyirdilər. Bir əmrlə hər kəs bir günün içərisində Qarabağda və Şəqi Zəngəzurda olmağa hazır idi.
Şiddətli müharibə gedirdi. Lakin müharibənin ilk günündən üstünlük Azərbaycan tərəfdə idi. Müharibənin ilk günündən qələbə müjdəsini dövlətimizin başçısından almışdıq. Bu sevinclə daha bir güc tapmışdıq özümüzdə, əmin idik ki, qələbə bir-birinin ardınca bizim olacaq və biz Böyük Zəfəri yaşaya biləcəyik...
Zəfər sevincini yaşaya bildik
Tarixi Zəfər Vətən daşı olanların əsl vətəndaşlığı sayəsində qazanıldı. Ölkəmzidə yetişdirilən vətənpərvər gənclərə hərbin sevdirilməsi, torpaq sevgisinin aşılanması, əzəli yurdlarımızın uzun illər haqsızlığa qurban getməsinin, minlərlə insanın da bu ədalətsizliyə tuş gəlməsinin bütün detalları ilə çatdırılması onlarda düşmənin gözlərini oymaq, qisas almaq hissini ən yüksək həddə çatdırmışdı. Bu səbəbdən də gənclər çoxdan idi ki, o günləri gözləyirdi. Həmin gün isə 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək düz 44 gün davam etdi. Bu dəfə də minlərlə şəhid verdik, munlərlə qazimiz oldu. Lakin bu dəfə 90-cı illər müharibəsindəki kimi əllərimiz boş qalmadı. İgidlərimiz cəbhədən evlərinə Zəfər sevinci, əzmi, qüruru ilə qayıtdılar.
Biz Zəfər çaldıq. Qarabağı vəŞərqi Zəngəzuru erməni tapdağından xilas etdik. 30 illik həsrət sona çatdı. Bütün xalq qələbə sevincini yaşadı, ölkə toy-bayrama büründü.
Bəli, şəhid verdik, ürəyimizdən qara qanlar axıtdıq. Övlad itirmək heç də asan məsələ deyil. Lakin biz analar oğulları Vətən üçün dünyaya gətiririk. Bax tək təsəllimiz bu oldu.
Ali Baş Komandanımız və rəhbərlik etdiyi Milli Ordumuz bizim namus, ləyaqət məsələmizi həll etdi. İllərlə torpaqlarımızn işğal altında olmasını başımıza qaxanc edənlərin yanında alnımızı açıq, üzümüzü ağ etdilər. Buna görə də şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandanımıza dünya durduqca minnətdarlıq edir, Milli Ordumuzla qürur duyuruq.
Biz hər zaman Vətənimzin bax, belə daşı, ölkəmizin bax, belə vətəndaşı olmuşuq. İgidlik, qəhrəmanlıq, ərlik abidəsi olmuşuq. Bunu 2020-ci ilin 44 günü bir daha təsdiq etdi.
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB