“Prezidentin Litva səfəri ondan xəbər verir ki, …” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Litva və Azərbaycan arasında suveren əlaqələr 1991-ci ildən qurulsa da, ölkələrimiz keçmiş İttifaq dövlətləri kimi Sovetlər birliyi zamanından yüksək səviyyəli münasibətlərə malik olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, yarım əsrlik İttifaq periodunun ortaq dəyərlərini bölüşmək isə xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxarıb: “Bu gün isə Litva və Azərbaycan müstəqil, inkişaf etməkdə olan dövlətlər kimi yaxın keçmişin təcrübəsinə və yeni dövrün şərtlərinə uyğun şəkildə, beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq müxtəlif səviyyələrdə əməkdaşlıq edirlər. Məhz bu münasibətlərin davamı olaraq Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığında Litva özünəməxsus rol oynamaqda və əlaqələrin daha da dərinləşməsində töhfə verməkdədir. Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvinninq layihələrində rəsmi Vilnüs çox fəal rol oynamışdı”.

Deputat sözlərinə belə davam edib: “Lakin müasir qloballaşma prosesində beynəlxalq münasibətlərin xarakterinin, beynəlxalq prioritetlərin sürətlə dəyişdiyi şəraitdə dövlətlər üçün də öncəliklər dəyişə bilir və maraqların yeni situasiyada uyğunlaşdırılması zərurətə çevrilir. Bu mənada Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkələr arasında münasibətlərin tam yeni müstəvidə bir daha gözdən keçirilməsi, əlaqələrimizin yeni müstəvidə dərinləşməsi üçün mühüm imkandır.

Bildiyiniz kimi, ötən il analoji məqsədlə Litva Prezidenti cənab Gitanas Nauseda Bakıya təşrif buyurmuşdu. Səfər çərçivəsində əhəmiyyətli müzakirələrə start verilmiş, iqtisadiyyat və təhsil sahələrində də əlaqələrin gücləndirilməsi qərara alınmışdı. Cəmi bir il sonra, Azəraycan Prezidentinin cavab səfəri isə cənab Nausedanın ifadə etdiyi kimi, "Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək".

Gündəm kifayət qədər zəngindir, informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması gündəliyin kifayət qədər zənginliyini göstərir. Prezidentlərin mətbuata bəyanatlarla çıxışlarında da cənab İlham Əliyevin ifadə etdiyi kimi, "Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək".

Bakı-Vilnüs təmaslarında, heç şübhəsiz ki, yeni qlobal qütbləşmə, daha konkret desək, Rusiya-Ukrayna savaşı və nəticədə formalaşan geosiyasi konfiqurasiya müzakirə mövzularından biri olub. Azərbaycanın məsələyə dair mövqeyi aydındır və Bakı yeni periodda dialoq formatına alternativ tanımır. O cümlədən bu dialoq yalnız münaqişələri yox, bütövlükdə bütün qlobal təhdidləri əhatələyir. Sevindirici məqamdır ki, cənab İlham Əliyevin də bugünkü görüşdə bəyan etdiyi kimi, ən azı Litva və Azərbaycan arasında "bu dialoq konkret nəticələrlə də tamamlanır".

Litva səfərinin digər önəmli cəhəti də bütün müstəvilərdə olduğu kimi Prezident İlham Əliyevin Vilnüs təmaslarını da Azərbaycanın haqq səsini çatdırmaq üçün uğurlu platformaya çevirə bilməsi oldu. Bakı Aİ-nin Şimal-Şərq hüdudlarında bir daha Azərbaycan-Ermənistan sülh danışıqlarının aparılmasının nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcəyi ümidini bəyan edərək konstruktiv səylər göstərmək iradəsini ifadə etdi.

Beynəlxalq norma və prinsiplərdə əhatə olunan sülh niyyətimizlə bərabər, cənab İlham Əliyev həm də İrəvanın təcavüzkar mahiyyətini bir daha ifşa edərək bu münaqişənin səbəb olduğu fəlakət - işğal nəticəsində soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi, 30 il işğalda qalmış ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılması barədə müfəssəl məlumat verməklə informasiya savaşında mühüm bir məsafə qət etmiş oldu”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə