Tək yumruq, tərs sillə! - TƏHLİL+ YANAŞMA

Azərbaycan tarixin bütün dönəmlərində qonşuları ilə xoş münasibətdə olmuşdur. Xalqımızın çoxəsrlik tarixində elə bir hadisə baş verməmişdir ki, bu qonşuluq münasibətlərinə xələl gətirsin. Düşünəndə ki, ölkəmiz Rusiya, Türkiyə, İran kimi nəhəng, Ermənistan, Gürcüstan kimi SSRİ görmüş dövlətlərlə həmsəhhəddir, bəli, bütün bunların kontekstində Azərbaycanın bu ölkələrin hər biri üçün dəyərli müttəfiqliyini, dostluq və qardaşlıq əlaqələrini qoruyub saxladığını, onların heç birinin ərazilərində gözü olmadığını, milli və mədəni dəyərlərinə hörmətlə yanaşdığını zaman özü təsdiq etmişdir.

Zaman bu qonşuların əhatəsində Azərbaycana bir çox məqamları da göstərmişdir. Kimin dost, kimin düşmən olduğunu, kimin üzdə bir, arxada min sifətdə olduğunu, kimin səmimi, kimin qeyri-səmimi olduğunu açıq-aydın göstərmişdir. Biz düşmənimizi də gördük bu qonşuluqda, onun havadarlarını da. Süfrəmizin qırıntısı ilə qarnını doyurub, sonra həmin süfrənin üzərində açıldığı torpağı iddia edənləri də, bu yolda yanlarında olanları, onlara dəstək verənləri də gördük. Torpaqlarımızın 30 il əsarətdə saxlanılmasına bais olanları da gördük, saman altından su yeridib erməni adlı qonşuludan kənar olanlara silah-sursat verənləri də gördük. Öz dinindən olanlara yox, dini məlum olmayanlarla əlbir, dilbir olanları da gördük.

Qürurla söyləyə bilirik ki, qonşularımız arasında Türkiyəni də gördük. Bu ölkə ilə tarixən xoş münasibətlərimiz olub. Lakin 30 il öncə müstəqilliyimizin bərpasından sonra, Azıərbaycan müstəqil bir dövlət quruluşuna sahib olduqdan sonra Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərimiz inkişaf edərək müttəfiqlik səviyyəsinə çatdı. 2020-ci ildə 44 günlük İkinci Vətən Müharibəsində isə hər an yanımızda olan Türkiyə düşmənin başına endirilən dəmir yumuruğa güc-qüvvə oldu. Böyük və tarixi qələbənin qazanılmasında yanımızda oldu. Son iki ildəki Azərbaycan-Türkiyə münasibətləri isə bu iki dövlət, bir millətin ayrılmaz, güclü yumruq olduğunu təsdiq etdi. Bu tərk yumruq isə ətrafda quyruq bulayanlara elə bir tərs sillə endirib ki, artıq bütün dünya bundan danışır.

Ümummilli lider Heydər Əliyev: tək yumruğun təməl daşını qoyan şəxsiyyət

Azərbaycan-Türkiyə münasibətlərinin təməlində ümummilli liderimiz Heydər Əliyev dayanır. Ulu öndər 1990-1993-cü illərdə Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxt Azərbaycanın bu qədim diyarı ermənilər tərəfindən blokadaya salınmış, insanlar qazsız, işıqsız qalmışdılar. Paytaxt Bakı ilə quru yol bağlanmış, Bakıdan Naxçıvana gələn qatarlar etmənilər tərəfindən dayandırıldığından bölgədə gərgin vəziyyət yaranmışdı. Belə bir dövrdə naxçıvanlılar böyük çətinlik qarşısında qalmışdılar. Muxtar respublikada aclıq başlamışdı.

Həmin dövrdə ulu öndər Heydər Əliyev Naxçıvanda yaşamasaydı, Naxçıvan da digər rayonlarımız kimi ermənilər tərəfindən işğal olunacaq, insanlar isə aclıq-səfalət içərisində məhv olacaqdılar. Belə bir şəraitdə böyük Heydər Əliyevin dövlətçilik təcrübəsi Naxçıvanı xilas etdi. Qonşu Türkiyə ilə aparılan danışıqlar, imzalanan müqavilələr, Azərbaycan-Türkiyə sərhəddində Dilucu və Sədərək sərhəd keçid məntəqələrini birləşdirən “Ümid” körpüsünün açılması naxçıvanlıların ağır blokadadan xilası ilə bərabər, həm də Azərbaycan-Türkiyə münasibətlərinin hələ SSRİ köləliyindən tamamilə qurtula bilməyən ölkəmizdə canlanması ilə müşahidə olundu. Bunun ozamankı ölkə rəhbərləri tərəfindən heç də yaxşı qarşılanmamasına əhəmiyyət verməyərək ulu öndərimiz bir neçə dəfə Türkiyədə olmuş və qonşu dövlətin prezidenti və yüksəkvəzifəli məmurları ilə həm orada, həm də Naxçıvanda görüşərək dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələdə inkişafına start vermişdir.

Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümümmilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə çox uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və müsbət nəticələr verir.

Qonşu dövlətin inkişaf və uğurlarından danışan dövlətimizin başçısı deyir: Əziz Qardaşımın liderliyi sayəsində Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür.

Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir,- deyən Prezident cənab İlham Əliyev Türkiyə kimi qüdrətli ölkənin qardaşımız olmağını böyük xoşbəxtlik hesab edir: İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.

İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir... Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır.

Bəli, bu gün bütün dünya iki dövlətdə yaşayan bir millətin tək yumruqda birləşdiyinin şahididir. O yumruq ki, təməli ulu öndərimiz tərəfindən qoyulmuşdu və onun bir yumruq olmasında 30 illik əmək, zəhmət var.

Türk dünyası böyük bir ailədir

Dövlətimizin başçısının Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında vurğuladığı kimi, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk dünyasını böyük bir ailə adlandıran cənab İlham Əliyev qeyd edir: Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Çıxışda maraq doğuran hissələrdən biri də Prezidentin Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyini, bununla Azərbaycanın həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özünün icra etdiyini vurğulaması idi.

Otuzillik işğal bitsə də, onun ağır fəsadlarının hələ də qaldığını vurğulayan dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıldığını, bu prosesdə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak etdiklərini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğulaması, quruculuq işlərində Özbəkistan və Qazaxıstanın da iştirak etdikləri üçün dövlət başçılarına minnətdarlıq etməsi və türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət etməsi türk dünyasının bir olmasına, həmrəylik nümayiş etdirməsinə çağırış, böyük məna kəsb edən addım idi.

Çıxışında İkinci Qarabağ müharibəsinin nəticələrinin bölgə üçün yeni imkanlar açdığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq etdiyini və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini bildirmiş və demişdir ki, Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.

Zəngəzur dəhlizinin əhəmiyyəti barədə Azərbaycana səfəri zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə fikirlərini belə ifadə etmişdir: Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.

Bəli, bəzi dairələrin Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlıqları göz önündədir. Xüsusilə İran və Ermənistan bu məsələnin reallaşmasına əngəllər yaratmaqdadırlar. Lakin unudurlar ki, 44 gündəki dəmir yumruq artıq tək yumruğa çevrilməkdədir. Belə isə yaranacaq vəziyyəti bu gündən təsvir etmək bir o qədər də çətin deyil.

Qardaş Yumruğu-tək yumruq-tərs sillə

Ermənistan və İranın ölkələrində tuğyan edən daxili hadisələrə başlarının qarışdığı, Zəngəzur dəhlizinin açılmasına üzdə bir, arxada başqa bir münasibətdə olan digər dairələrin də başlarının, şükürlər olsun, özlərinə qarışdığı bir vaxtda Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında böyük əhəmiyyətə malik “Qardaş Yumruğu” hərbi təlimlərinin keçirilməsi bütün bu hadisələrin fonunda Türkiyə və Azərbaycanın artıq bir millət, bir yumruq olduğunu bir daha sübut edir.

Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı təlimlər haqqında çox dəyərli, əhatəli fikirlərini bu şəkildə ifadə edib: “Şuşa bəyannaməsinə görə, Azərbaycan və Türkiyəyə kənardan hərbi müdaxilə olarsa, tərəflər bir yumruq kimi çıxış edəcəklər. “Qardaş Yumruğu” hərbi təlimləri çətin iqlim şəraitində iki dövlətin ordusunun necə tək yumruq olduğunu, bir-biriylə uyğun hərəkət etdiyini nümayiş etdirir. Bu dünyada az rast gəlinən, hətta mən deyərdim, heç rast gəlinməyən hadisədir...

Təlimlər həm də düşmənlərə ciddi mesajdır. Dostlar isə buna sevinə bilərlər. Əlbəttə, digər ölkələrin ordusu ilə bu cür təlimlər həyata keçirsəniz, uyğunsuzluqlar müşahidə oluna bilər. Ancaq Azərbaycan və Türkiyə orduları iki ölkənin vahid ordusu kimi çıxış edir. Bu möhtəşəm hadisədir. İki ölkə bir-birilə sıx bağlıdır və özünü müdafiə etməkdə qərarlıdır. Bir sözlə, bu təlim dosta güvən vermiş, düşmənin canına isə qorxu salmışdır. İnşallah, bizim təlimlərimiz digər türk dövlətləri üçün nümunə olar. Onlar da bu təlimin çətiri altında toplanarlar. Ümid edirik ki, bütün türk dövlətləri tək yumruq olacaq”.

Bəli, bu təlimi Azərbaycan-Türkiyə münasibətlərinin uğurlu olduğu 2022-ci ilin son akkordları kimi dəyərləndirmək olar. Uğur akkordu olan bu təlim əslində, bəli, bir mesaj idi: iki dövlətin tək yumruq olması, bu yumruqda birləşmək istəyənlərə çağırış mesajı- böyük Türk dünyasının birləşməsi mesajı. Elə buna görə də bəziləri üçün də tərs sillə effektində oldu. Elə bir sillə ki, bu barədə düşündükcə sifətlərinə ard-arda çırpılacaq. Qoy çırpılsın, birləşməklə gücünün nəyə qadir olduğunu bilib əsrlərlə əngəllədikləri Türk birliyinin gücünü görməyin vaxtını zaman özü gətirib çıxarıb.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə