Cənubi Qafqazda dayanıqlı sülhə və əməkdaşlığa xidmət edən uğurlu siyasət - ŞƏRH

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü uğurlu diplomatiya nəticəsində dünyada böyük nüfuz qazanmış Azərbaycan artıq ən mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş önəm verilir. Ən əsas məqamlardan biri də odur ki, keçirilən tədbirlərin, konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani nümunəsidir.

Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə 2022-ci ilin ötən dövrü ərzində paytaxt Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda kecirilən beynəlxalq konfrans da regionda və dünyada baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla yanaşı, müharibədən sonrakı dövrdə sülh quruculuğu və yenidənqurma işlərinə daha ciddi diqqət yetirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları konfrans iştirakçılarının suallarını cavablandırarkən region və dünya ücün mühüm əhəmiyyət kəsb edən vacib məsələlərə geniş və əhatəli cavabları ilə bir daha aydınlıq gətirdi. Qeyd etdi ki, Azərbaycanda bütün nəqliyyat layihələrinin – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanları hazırdır. Eyni hazırlıq səviyyəsinin dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə də olması vacibdir. Bu yaxınlarda Prezidentimizin iştirak etdiyi beynəlxalq tədbirlərdən birində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalanmışdır. Bu layihə uzun illər dayandırılmışdır, indi isə hər kəs başa düşür ki, yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə edilməsinə böyük ehtiyac yaranıb. Ona görə də, Çin tərəfindən maliyyələşdirilən bu layihə daşımalara əhəmiyyətli dərəcədə töhfə verəcək bir imkana malikdir.

Qarabağ və Şərqi Zəngəzurun potensialı ilə bağlı artıq ilkin dəqiq təhlil aparıldığını qeyd edən Prezidentimiz bildirdi ki, günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edəcək. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Yeri gəlmişkən, azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçik həcmli su elektrik stansiyası tikilməlidir. Onların 5-i artıq istismara verilib. Bu, həqiqətən böyük potensialdır. Azərbaycan bərpaolunan enerji mənbələrindən daha çox enerji istehsal etsə, daha çox qazı beynəlxalq bazarlara yönəldə biləcək. Prezidentimiz əmin olduğunu vurğuladı ki, digər əsas enerji şirkətləri də diqqətini Xəzər dənizinin potensialına yönəldəcəkdir. Çünki Şimal dənizindən sonra Xəzər dənizi də külək enerjisi potensialına görə ikincidir. Əlbəttə ki, enerji şirkətləri BP kimi addım atacaqlar və nəhəng külək potensialına malik Kəlbəcərə, Laçına və bəlkə də ölkəmizin ən günəşli yeri olan Cəbrayıla nəzər salacaqlar.

İkinci Qarabağ müharibəsindən sonrakı müddətə nəzər salanda görürük ki, Azərbaycan və Türkiyə nəqliyyat layihələri də daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarıdırlar. Ona görə də Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə, İran, Rusiyanı nəzərdə tutan 3+3 formatı təqdim olundu. Müharibədən sonrakı vəziyyət Ağdamda Türkiyə və Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına gətirib çıxarsa da, bu, regionun bu iki dövlətinin gələcək regional konfiqurasiyada rol oynayacağı anlamına gəlirdi. Təəssüf ki, İkinci Qarabağ müharibəsi zamanı və bu müharibədən sonra Azərbaycan İran təmsilçilərinin heç bir fəaliyyətini görmədi. Digər tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, yaxın gələcəkdə regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaqdır. Ermənistan və onun havadarları anlamalıdırlar və başa düşməlidirlər ki, artıq bölgədə dayanıqlı sülh yaradılmalıdır. Sülh və əminamanlıq hər bir ölkə üçün vacib və önəmli şərtdir. Sülhsevər Azərbaycan da öz siyasətini bu yönümdə, beynəlxaq hüquq prinsiplərinə uyğun olaraq Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində qurur.

Elçin Rzayev
YAP Qazax rayon təşkilatının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə