Milli dirçəlişdən müstəqilliyə... - TƏHLİL

Xalqımızın tarixi həm əsrlərdən bu günədək ayrı-ayrı dövrlərin hadisələrinin toplusu, həm də qürur, fəxarət səhifələrimizdir. Həmin səhifələri çevirdikcə bu millətin zaman-zaman azadlıq, müstəqillik uğrunda mübarizə və mücadilələrlə dolu, qanla, yazılmış tarixi anları gözlər önünə gəlir, sanki yenidən canlanır, insanı həmin illərə qaytarır. Son bir qərinədən artıq zaman kəsiyində bütün yaşananlar fonunda onu söyləmək olar ki, bu xalq azadlığı zərrə-zərrə əldə etdi, müstəqilliyə addım-addım çatdı. Bu yolda şəhid verdi, qazi qazandı, qan tökdü, göz yaşı axıtdı. Nə ürəklər qırıldı, bellər büküldü, nakam talelər yarandı. Lakin dözdük, dəyanət göstərdik, yorulmadıq, əzm göstərdik və müstəqilliyimizi əldə edə bildik.

“Azadlıq”dan azadlığa

1988-ci il artıq çoxdan bəri xəstə yatağına düşən sovet rejiminin son ayları, həftələri, günləri idi. Sanki məktəbdə bizə kapitalizm ictimai formasiyası ilə bağlı öyrədilən bir dərsdə olduğu kimi, artıq yuxarılar əvvəlki kimi idarə edə bilmirdi, aşağılar isə əvvəlki kimi tabe olmurdu. Beləliklə də 70 yaşlı xəstə ömrünün sonuna yaxınlaşırdı. Bundan istifadə edən müttəfiqlər isə necə deyərlər, istədikləri kimi yararlanmağa başlamışdılar. Məsələn, götürək daim gözü Azərbaycan torpaqlarında olan erməniləri. 1988-ci ildən onların həvəs dişləri yenə qamaşmağa başladı. Sözsüz ki, havadarlarının da dəstəyi ilə yeni iddialara başladılar. Ermənistanla sərhədboyu rayonlarımızda vəziyyət gündən-günə pisləşirdi. Ermənilər müxtəlif təxribatlar törədir, sərhədlərimizdəki postları, Bakı-Naxçıvan qatarını atəşə tutur, Naxçıvana gedən təbii qaz və elektrik xətlərinə müdaxilələr edirdilər.

Elə 17 noyabrda sovet quruluşunun banisi Leninin adını daşıyan (indiki Azadlıq) meydanına xalqın toplanmasının ilkin səbəbi də qonşuluqdan kənar ermənilər idi. Onların Şuşada Topxana meşəsini qırıb talamalarına qarşı etiraz aksiyaları çox yaxın günlərdə mintinqlərlə nəticələndi. Çünki xalqın çağırışına qarşı rəhbərlik tərəfindən heç bir cavab gəlmirdi. Ermənilər yerində oturdulmur, üstəlik onlara geniş meydan verilirdi. Erməni adlı murdarlar isə bundan istifadə edərək işğalçılıq siyasətini uğurla həyata keçirməyə hazırlaşırdılar. Elə topraqlarımızın işğal olunmasının təməli də həmin illərdə qoyuldu. Sovet rəhbərlərinin əyləşdikləri vəzifə kürsülərini qoruyacaqlarına dair verdikləri vədlər ozamankı Azərbaycan rəhbərliyinin torpaqlarımızı satması ilə nəticələndi. O torpaqlar ki, düz otuz ildən artıq dövr ərzində onların ağrı-acısı, qaçqınlıq-didərginlik problemləri ilə yaşamalı oldu bu xalq.

Bəli, 1988-ci ilin noyabrın 17-dən dekabrın 5-dən Bakının Azadlıq meydanında keçirilən mitinqlər bu xalqın hüquqlarının müdafiəsinə qalxmasından Milli Azaqlıq Hərəkatının başlanmasına qədər gətirib çıxardı. Azərbaycan xalqı çıxış yolunu müstəqil olmaqda, müstəqil yaşamaqda gördü. Ərazi bütövlüyünü, torpaqlarını necə qorumağın lazım olduğu yollarını müəyyən edərək yeni bir yola çıxdı: azad olmağa. Azadlıq meydanından azadlıq, müstəqillik yolu belə başlandı.

Meydanda gecələyən insanlar, alışdırılan tonqallar...

Minlərlə soydaşımızın toplaşdığı Azadlıq meydanında mitinq iştirakçılarının tələbləri belə idi:

-Topxana meşəsinin qırılması dayandırılsın;

-Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun;

-SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.

Bu tələblərdən göründüyü kimi, mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi.

Lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirir, “Moskvanın fitnələrinə son qoyulsun!”, “Suverenlik!”, “Azadlıq!” şüarları səsləndirirdilər. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar.

Faktlara nəzər yetirək: Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi.

Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra -noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Lakin bu, hələlik 70 il içimizdə sönməyən bayraq sevgisinin nümayişi idi. Biz hələ qarşıdakı bir neçə ildə də sovet imperiyasının bayrağı altında yaşamalı olacaqdıq. Üçrəngli bayrağımızın başımız üzərində dalğalanması üçün hələ uzun bir yol getməli və bu yolda bilərəkdən yaradılan maneələrlə qarşılaşmalı olacaqdıq.

Meydanda isə mitinqlər davam edirdi. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

20 Yanvara doğru...

Beləliklə ölkəmizdə Milli Azadlıq Hərəkatı başlandı. Xalq artıq sovet rejiminin 70 illik əsarət zəncirlərini qırıb azadlığa, müstəqilliyə doğru bir yola çıxmışdı. Bu yoldan isə onları heç bir qüvvə çəkindirə bilməyəcəkdi. Çünki artıq xalqın azad yaşamaq istəyi alovlanmışdı. Azadlıq meydanında çatılan tonqallar tək gecənin soyuğunu dəf etmək üçün deyildi, həm də hər bir azərbaycanlının qəlbində qurulan azadlıq tonqalı idi. Onun qığılcımları isə çoxdan onların azdlıq eşqini alovlandırmış, “bu yolda öldü var, döndü yoxdur” qənaətini yaratmışdı.

1990-cı illərə qədər davam edən bu mücadilə heç kimin ağlına 20 Yanvar kimi dəhşətli bir faciənin yaşanacağını gətirə bilməzdi. Bəlkə də gətirmişdi, bəlkə də xalq bunu görürdü. Lakin onun bu yolda qətiyyəti, əzmi görə biləcəklərindən yuxarıda olduğu üçün “nə olacaqsa olsun, təki azadlıq olsun!” istəyini üstələyə bilmədi.

Bu səbəbdən də üstümüzə tanklar, zirehlər yeridildi. Bizi susdurmağı, evlərimizə yollamağı, sakitcə oturub onları dinləməyimizi istəyirdilər. Onların əmrlərinə müntəzir olmağı arzu edirdilər. Lakin artıq geç idi. Xalq çoxdan öz yeni yolunu seçmiş, bu yolda qətiyyətlə addımlamağa başlamışdı. Və bu yoldan heç də qayıtmaq fikri yox idi. Belə olanda isə bizləri zorla özlərinə tabe etdirmək fikrinə düşdülər. Elə 20 Yanvar faciəsi də bu məqsədlə törədildi. Meydandan insanları qovmaq, onları susdurmaq, öz dərdləri ilə baş-başa qoymaq məqsədinə.

Sovet rejiminin xalqımızıa ”töhfəsi” olan 20 Yanvar faciəsi onlarla günahsız uşaqların, gənclərin, yaşlı insanların, heç meydanda belə olmayanların qətli ilə nəticələndi. O müdhiş gecədə ölüm yağış kimi yağdırıldı insanların başına. Bu yağış azadlığı, bu fikirdə olanların beynini yumaq üçün idi. O beyinlərdəki istəkləri suyun qarşısında özlərinə sərf edən məcraya yönəltmək idi.

Lakin artıq bu istək və arzulara yağışın, suyun gücü çata bilməzdi. Onlar beyinlərə, ürəklərə həkk olunmuşdu. İnsanlar ölümü gözlərinin qarşısına almışdılar. Buna görə də öldülər, itirdilər, lakin azadlıq, müstəqillik yolundan dönmədilər. Lakin Azərbaycana rəhbərlik edənlər öz hakimiyyətlərini və imperiyanın maraqlarını milli maraqlardan üstün tutduqları üçün xalqın dirçəlişini mütərəqqi istiqamətə yönəldə bilmədilər. Müstəqillik arzularımızı, dövlətçiliyimizin dirçəliş ideyasını gerçəkləşdirə biləcək yeganə milli lider isə yalnız ulu öndər Heydər Əliyev idi.

17 noyabr 1990-cı il

Milli dirçəliş tariximizdə mühüm siyasi əhəmiyyət kəsb edən, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin ilk iclası ölkəmizdə mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi dövrə təsadüf edirdi. Görkəmli dövlət xadiminin həmin vaxtlarda atdığı qətiyyətli addımlar Azərbaycanın siyasi tarixində daim milli idealların, qədim dövlətçilik ənənələrinin yaşadıldığı və inkişaf etdirildiyi məkan kimi xüsusi yerə malik olan Naxçıvanı milli azadlıq hərəkatının başlandığı, milli həmrəylik ideyalarının bərqərar olduğu diyar kimi yenidən mühüm siyasi mərkəzə çevirmişdi. Məhz bunun nəticəsidir ki, 1990-cı il noyabrın 17-si ölkəmizin müstəqillik tarixinə çox əhəmiyyətli tarixi gün kimi düşmüşdür. Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırılmış, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edilmişdir. Hələ kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar keçmiş ittifaq tarixində bir ilk, bu ittifaqın süqutuna aparacaq tarixi yolun başlanğıcı, digər müttəfiq xalqların müstəqillik yoluna salınmış işıq idi. Bu, ümumilikdə, Azərbaycan xalqının milli siyasi təfəkküründə əsaslı dəyişikliklərə, milli müstəqillik uğrunda hərəkatın geniş vüsət almasına səbəb olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütünlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndər Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji mahiyyət daşıyan tarixi qərarların qəbul edilməsinə nail oldu.

1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” Qərarın qəbul olunması, SSRİ kimi imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet sosialist” sözlərinin çıxarılması çox böyük cəsarət tələb edirdi. Bununla ümummilli liderimiz, əslində, milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımını atdı. Ulu öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi:

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi ucaldılmışdır.

Sonralar bu tarixi dövrü xatırlayan ulu öndər Heydər Əliyev deyəcəkdi: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli ­addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Azərbaycanımızın üçrəngli bayrağı bizim milli kimliyimizin, dəyərlərimizin, ideologiyamızın ifadəsidir. Bu bayraq çox çətinliklərdən, keşməkeşlərdən keçərək bu günümüzə gəlib çatıb. Milli suverenliyimizin simvolu, müqəddəs dövlətçilik rəmzlərindən sayılan bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir.

1990-cı illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslərə nəzər yetirdikdə bir daha aydın olur ki, ulu öndərimiz Heydər Əliyev o dövrdə siyasi və dövlətçilik fəaliyyəti ilə bugünkü qüdrətli və müstəqil Azərbaycan Respublikasının inkişafının əsasını qoymaqla yanaşı, həm də milli ideologiyanın, milli özünüdərkin formalaşmasını təmin etmişdir.

Beləliklə, Azadlıq meydanından başlanan azadlıq yolu milli dirçəliş, milli dirçəliş isə müstəqilliyimizin bərpa olunması ilə nəticələndi. Gedilən bu uzun yolda isə gördüklərimiz çox oldu. Biz bu yolda ömrünü xalqın yolunda şam edib əridənləri, eyni zamanda özünü xalqdan üstün tutanları, vətənpərvər, millət sevərləri, eyni zamanda satqın və xəyanətkarları gördük. Gördükcə də azadlığımızın, müstəqilliyimizin, bir də daim arxamızda olan liderimizin qədrini bildik. İnsanların, insanlığın, fərqini gördükcə əsl insanlara, insanlığa dəyər verdik.

1988-ci ildə Topxana meşəsinin harayı ilə meydanlara axışan xalq bir qərinədən sonra Qarabağın azadlıq nəğməsini də dinlədilər. Artıq Qarabağ problemi bitmək üzrədir. Ermənilərin Qarabağ sözünü dillərinə gətirəcəkləri son illərdir. 2020-ci ildə əldə etdiyimiz Zəfər bizə bunu diqtə edir. Uzun illərin problemi həllini tapdı. Sərhədlərimizin delimitasiya və demarkasiyası başa çatandan sonra isə erməni üçün Qarabağ sözünün tələffüzü də bitəcək. O gün uzaqda deyil!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə