Torpağımız bizi ərzaq böhranından xilas edə bilər - KÜNCDƏN BAXIŞ

Dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə yüngül və aqrar sənayenin böyük bir istehsal zəncirini yaradar, ölkə iqtisadiyyatının sürətli inkişafına böyük təkan verər

Aqrar sektor Azərbaycanda ən çox potensialı, ən yüksək perspektivi olan sahədir. Hətta bütün potensialından səmərəli istifadə ediləcəyi təqdirdə, neft sektoru belə onun yanında kölgədə qalar. Hazırkı vəziyyətdə bizim aqrar sektorumuz öz potensialının çox az hissəsindən istifadə edir. Bunun obyektiv və subyektiv səbəbləri var.

Azərbaycanda torpaq fondunun yalnız yarısı əkinə yararlıdır. Bu hissədən də lazımi səviyyədə istifadə edə bilmirik. Burada su ehtiyatlarının və suvarma sistemlərinin hər yerdə uyğun vəziyyətdə olmaması, rayonlaşdırmanın tətbiq edilməməsi, əkinlərə aqrotexniki qulluğun zəif olması, savadlı və təcrübəli aqronomların azlığı, toxum və gübrə ilə bağlı problemlər və s. səbəbləri göstərmək olar.

Ən əsası isə planlaşdırmanın mümkün olmamasıdır. Bunun nəticəsində, hər il müəyyən məhsullar bol olur, digər qism məhsullar qıt olur. Məsələn, bir il bir məhsul həddən çox əkilir, bazarda su qiymətinə olur, istehsalçılar zərərə düşür, o biri il heç kim əkmir və bazarda od qiymətinə olur, istehlakçılar zərər çəkir. Bu kimi çoxsaylı faktlar onu göstərir ki, planlaşdırılmış təsərrüfat sisteminin analoqu yoxdur. Bu halda kənd təsərrüfatı əkinləri optimal tənzimlənər və bütün məhsullar tələb olunacaq həddə istehsal olunar.

Bundan əlavə, xarici bazarlar araşdırıla bilər və bizdə tələbatdan artıq istehsal olunmuş məhsulların ixrac edilməsinə köməklik göstərilə bilər. Ümumiyyətlə, fikrimcə, dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə kənd təsərrüfatı ilə yanaşı, həm də yüngül sənaye və aqrar sənaye üzrə böyük bir istehsal zənciri yarada bilər. Ölkənin potensialından istifadə olunar, işsizlik aradan qalxar, paytaxta cəmlənmiş əhalinin müəyyən hissəsi regionlara qayıdar, ÜDM artar, büdcəyə ödənişlər çoxalar, idxaldan asılılıq azalar, ixrac imkanları genişlənər. Beləliklə, tarazlı və davamlı inkişaf prosesi gedər.

Düzdür, dövlət bu istiqamətdə müəyyən proqramlar həyata keçirir, böyük vəsaitlər ayırır, fermerlərə hərtərəfli dəstək verir. Lakin potensial daha çoxdur və bu sahədə daha böyük işlərin həyata keçirilməsi mümkündür. Son dövrlərdə böyük və nümunəvi aqroparkların yaradılması təqdirəlayiqdir. Lakin paralel olaraq kiçik fermerlərə də dəstək artırılmalıdır. Aqrar sahədə maneə törədən əngəllər aradan qaldırılmalıdır.

İlk dövrdə klaster yanaşma ilə ən perspektivli sahələr seçilməli və onlara daha böyük dəstək verilməlidir, keçmişdə şöhrət tapdığımız və yüksək gəlir əldə etdiyimiz ənənəvi sahələr tam bərpa olunmalı, lakin əsas güc ərzaqyönümlü istehsala qoyulmalıdır.

Qlobal böhranlardan və quraqlıqdan zərər görməmək üçün gübrələrin ölkədə istehsalı təmin olunmalı, su fondlarının ehtiyatı artırılmalıdır. Eyni zamanda, sudan səmərəli istifadə təşkil edilməli, su itkilərinin qarşısı alınmalıdır. Çünki Azərbaycan su ehtiyatlarına görə Qafqazda ən zəif vəziyyətdədir, ehtiyatımızın 70 faizi xarici mənbələrdən formalaşır.

Burada innovasiyaların tətbiqi əlbəttə lazımdır, lakin bir şərtlə ki, təbii metodlardan istifadə olunsun, bir qədər artıq məhsul naminə GMO texnologiyalarından və zərərli kimyəvi dərmanlardan istifadə edib torpaqlarımızı yararsız hala sala bilmərik. GMO toxumların əkilməsi bizi toxumda idxaldan asılı vəziyyətə salır ki, bu da ərzaq təhlükəsizliyi ilə yanaşı, həm də milli və dövlət təhlükəsizliyi məsələsidir.

Dünyada nümunəvi aqrar ölkələr var ki, düzgün idarəetmə və düzgün yanaşma nəticəsində bol məhsul əldə edir, böyük həcmdə ixrac da edirlər. Biz Belarus nümunəsini götürüb tətbiq edə bilərik. Dünyada ən effektiv aqrar sistemlərdən biridir. Tam keyfiyyətli, zərərsiz aqrar məhsulların ixracından yaxşı gəlir əldə edir. Dövlət aqrar sektora güzəştli kreditlər və subsidiyaları artırmalı, fermerlərlə növlər üzrə məhsul istehsalının tənzimləməsi üçün koordinasiyalı işləməlidir. İstehsal olunan məhsulları dövlət almalı və özü bazara buraxmalıdır. Əlbəttə, könüllü şəkildə, yəni məhsulunu satmaqda çətinlik çəkənlərdən.

Bundan başqa, bazarlar alverçilərdən təmizlənməli, məhsul istehsal edən kəndlilər bazar və yarmarkalara maneəsiz giriş imkanı ilə təmin edilməlidir. Bu tədbirlər görülsə, qısa müddətdə ölkədə məhsul bolluğu və ucuzluğu yaratmaq olar. ÜDM isə azı 2 dəfə artırmaq olar. Çünki aqrar sektor təkcə kənd təsərrüfatı məhsulları demək deyil, həm də böyük və rəngarəng aqrar sənaye zənciri deməkdir. Bu sistemi inkişaf etdirə bilsək, regionlarda məşğulluq problemi tamamilə aradan qalxar, ölkə əksər məhsullarda idxaldan asılılığını ləğv edər və böyük ixrac ölkəsinə çevrilərək nəhəng maliyyə vəsaitləri əldə edər.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin çox böyük aqrar potensialı var. Həmçinin bu, bolsulu bölgədir, belə ki, regionun su ehtiyatları ölkənin ümumi su ehtiyatlarının 30 faizini təşkil edir. Burada, əkinçilik, heyvandarlıq üçün yaxşı şərait var. Ərazi minalardan təmizləndikcə bu torpaqlardan istifadə artacaq və ölkənin ümumi aqrar istehsalına çox böyük töhfə olacaq. Hazırda dünyada taxıl böhranı müşahidə olunduğu bir vaxtda burada taxılçılığın böyük potensialı regionun əhəmiyyətini daha da artırır.

Dünyada qlobal ərzaq böhranın getdikcə kəskinləşdiyi ağır bir dövrdə bütün gücümüzü aqrar-sənaye sektoruna qoymağa çox ciddi ehtiyac var. Bunun üçün kompleks bir dövlət proqramı qəbul etməklə, strateji ehtiyatlarımızdan bir neçə milyardını bu sahəyə invest edərək qısa müddətdə böyük nəticələr əldə etmək olar.

Bu halda regionlarda kiçik və orta sahibkarlıq güclü inkişaf edər. Çoxsaylı kiçik və orta səviyyəli emal müəssisələri yaradıla bilər. Nəticədə biz məhsulıumuzu xaricə xammal kimi yox, hazır məhsul kimi satıb daha böyük gəlirlər əldə edə bilərik. Regionlarda aqrar sənaye zəncirinin inkişafı, dolayı yolla digər sahələrə də təsir göstərər. İnnovativ iqtisadiyyata keçid üçün imkanlar artar.

Göründüyü kimi, Azərbaycanın coğrafi şəraiti, iqlim və torpaq imkanları özünü bütün zəruri gündəlik tələbat məhsulları ilə təmin etməyə və hətta böyük həcmdə ixrac etməyə də imkan verəcək səviyyədədir. Sadəcə, bu sahəyə diqqəti daha da artırmalıyıq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə