İqtisadi gəlirlər və sosial xərclər artır: qlobal böhran fonunda Azərbaycanın vəziyyəti – STATİSTİK ANALİZ

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26, 816 milyard manat, xərcləri 29,879 milyard manat təşkil edir. Gəlirlərin həcmi ÜDM-in 32,5 faizini təşkil edəcəkdir. Bu isə, 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır.

Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz proqnozlaşdırmağa imkan verir. Bu isə çox böyük naliyyət hesab edilir.

Qeyd edək ki, 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 45 ABŞ dolları götürülüb. Hazırda isə neftin dünya bazar qiyməti 120 dollardan yuxarıdır ki, bu da neft qiymətlərində kəskin dəyişiklik olmasa neft ixracından nəzərdə tutulduğundan 3 dəfə çox gəlir əldə ediləcəyini göstərir.

2022-ci ildə dövlət büdcəsinin xərcləri 29,879 milyard manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13 faiz azalması proqnozlaşdırılır.

Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaqdır.

Təbii ki, enerji daşıyıcılarının ixracı dövlət büdcəsinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Burada son illərdə qazın istehsalının, ixracının və qiymətinin artması da müsbət rol oynayır. Bununla belə, büdcənin strukturuna baxanda qeyri-neft sektorundan əldə olan gəlirin nə qədər artığının şahidi oluruq. 2021-ci ilin büdcəsin son 30 ildə qeyri-neft sektorunun payının ən yüksək olduğu büdcədir. Bu ilin 5 ayında da qeyri-neft sektorunda 11 faizdən çox artım olub ki, bu da ilin yekununda büdcədə qeyri-neft sektorunun payınını daha da artılq olacağını söyləməyə əsas verir.

2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektorunun özəl hissəsində vergi daxilolmaları ötən ilin həmin dövrü ilə müqayisədə 44,7% artıb. Bu çox cidi bir artımdır. Tendensiyanın davam edəcəyi və büdcədə qeyri-neft sektorunun payının artacağı proqnoz edirir.

Büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1 291,1 milyon manat) artımı baş verib.

Müdafiə və milli təhlükəsizlik xərcləri daha yarım milyard artırılaraq 5 milyard manata çatdırılıb. Bu vəsaitdən müdafiə qüvvələri üçün 2 164 704 591 manat, milli təhlükəsizlik üçün 295 006 782, sərhəd xidməti üçün 433 205 951 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 4 680 977, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 2 187 161 364 manat ayrılacaq. Bu digər fəaliyyətlər üçün ayrılan vəsaitdən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 2 180 442 500 manat yönəldiləcək.

Ümumiyyətlə, cari ilin ilk 5 ayında ölkədə istehsal olunan ümumi daxili məhsulun dəyəri 50, 867 milyard manatdan çoxdur. Bu tempin davam etməsi 2022-ci ilin ÜMD-nin 120 milyard manat civarında olacağını deməyə əsas verir. Qeyd edək ki, 51 milyardlıq ÜDM-in tam yarısı qeyri-neft sektorunun payına düşüb ki, bu da son 30 ildə əldə olunmuş ən böyük nəticədir.

Azərbaycan sosialyönümlü dövlət olduğundan, sosial xərclər də artırılır. 2022-ci ilin dövlət büdcəsindən bu sahəyə 3,6 milyard manata yaxın vəsait ayrılıb.

Azərbaycan minimum pensiyanın nominal və alıcılıq qabiliyyəti indeksinə görə MDB-də birinci sıraya yüksəlib. Sosial-iqtisadi islahatlar, məşğulluq imkanlarının və əməkhaqlarının mütəmadi artımı, əmək münasibətlərində leqallaşmanın genişlənməsi nəticəsində sosial sığorta daxilolmalarında ilin ilk rübündə artım baş verib. Bu artım 152 milyon manat və ya 17 faiz təşkil edib.

Sosial ödənişlərin hər ay vaxtlı-vaxtında həyata keçirilməsi təmin edilib. Artım dinamikası ünvanlı sosial yardımları da əhatə edib. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 21 faiz artaraq 300 manata çatıb.

Şəhid ailələrinə və müharibə əlillərinə bu ilin ilk rübündə daha 200 mənzil, postmüharibə dövründə 3200, ümumilikdə cəmi 12500-dən çox mənzil və ya fərdi ev verilib. Bu il 1500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təminatı nəzərdə tutulub.

2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Ehtiyac meyarının həddi 200 manat müəyyənləşdirilib.

Məlum olduğui kimi, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Məqsəd indiki şəraitdə vətəndaş rifahının təmin edilməsi və əhalinin risk qrupuna daxil olan nümayəndələrinin sosial müdafiəsini gücləndirməkdir. Dövlət başçısının bu sərəncamı cəmiyyətin sosial cəhətdən həssas olan bütün təbəqələrini əhatə edir.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il 17 dekabr tarixində imzalanan sərəncamla ölkədə minimum aylıq əməkhaqqının məbləğinin 250 manatdan 300 manata çatdırılması 800 min işçini əhatə edir. Onu da vurğulayaq ki, son 3 ildə ölkə üzrə minimum əməkhaqqı 2,3 dəfə artırılıb. Hazırda minimum əməkhaqqı 2022-ci il üçün yaşayış minimumunu 43 faiz üstələyir.

Ümumiyyətlə, bi il tətbiq ediləcək genişmiqyaslı sosial müdafiə islahatları üçün 1,5 milyard manat vəsait xərclənəcək. Həmin vəsait hesabına vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları orta hesabla 20 faiz artacaq.

Son 3 ildə aparılan sosial islahatlar sayəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7, II dərəcə üzrə 3, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Bununla yanaşı, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat ödənişlər həyata keçiriləcək.

Dövlət başçısının imzaladığı sərəncamla bu təqaüdlər bu ilin əvvəlindən növbəti dəfə orta hesabla 50 faiz artırılıb.

Göründüyü kimi, həyata keçirilən iqtisadi inkişaf strategiyası ölkəmizin gəlirlərini kəskin artırır və bunun da nəticəsində hökumətin apardığı genişmiqyaslı sosial islahatlar birbaşa və dolayı yolla bütün vətəndaşları əhatə edir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə