Rus politoloq: Rusiya üçün Azərbaycan etibarlı tərəfdaşdır - MÜSAHİBƏ

Rus politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri barədə fikirlərini “Moskva-Baku” portalına müsahibəsində açıqlayıb. Müsahibəni oxucularımıza təqim edirik.

- İqor Yuryeviç, Rusiyanın xarici işlər nazirinin Bakıya işgüzar səfəri başlayır. Bu, Moskva ilə Bakı arasında cari ilin fevralından bəri bu səviyyədə ilk birbaşa təmasdır ki, dəyişən geosiyasi vəziyyət və məlum hadisələr fonunda ictimai çıxışlar və mövqelərin ictimai uzlaşdırılması nəzərdə tutulur. Sizcə bu səfər qarşıya hansı vəzifələr qoyur?

- Təbii ki, bu, bir sıra səbəblərə görə son dərəcə vacib səfərdir. Bunun çox böyük taktiki, siyasi mənası var. Birincisi, bu, iki dövlətin liderlərinin fevralın sonunda imzaladıqları son dərəcə mühüm ikitərəfli sənədin- Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamənin icrasının necə getdiyinin yoxlanılmasının mümkünlüyü baxımından vacibdir. Kim son vaxtlar vaxtaşırı müşahidə etdiyimiz münasibətlərimizə mənfi təsir göstərmək üçün çirkin cəhdlər edirsə, bu cəhdlər uğursuzluqla nəticələnir, mən açıq şəkildə deyə bilərəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə uğurla və müsbət inkişaf edir. Biz bir-birimizin həm hərəkətlərini, həm də milli mövqelərini aydın başa düşürük. Ona görə də çox vacibdir ki, Azərbaycan prezidenti ilə Rusiya xarici işlər nazirinin Bakıda görüşü zamanı bu məntiqi təsdiqləyən müsbət tezislər səslənsin. Münasibətlərin dərinləşdirilməsi kursu bir daha təsdiqlənəcək. Dünyanın dəyişdiyi bir vaxtda bu, çox vacibdir.

Azərbaycan diplomatik səviyyədə çox ehtiyatlı mövqe tutur. Bakı bütün sahələrdə strateji tərəfdaş və müttəfiq kimi üzərinə düşən öhdəlikləri yerinə yetirir. Biz Azərbaycan tərəfdən Rusiyada qeyri-dostluq kimi başa düşüləcək heç bir addım görmürük. Bəzi nüanslar var ki, onlar medianın işi ilə qarşılıqlı əlaqədədir. Amma bu, dövlətin mövqeyi deyil və resursları bloklamaq üçün ikitərəfli addımlar dövlətlərarası münasibətlərin xarakterinə heç bir təsir göstərməməlidir və etməyəcək, o cümlədən yüksək vəzifəli şəxslər arasında qarşılıqlı əlaqəyə. Burada biz yaxşı işləyirik və elə də qalacağıq.

Eyni zamanda biz hələ də Rusiyada sistemli şəkildə Rusiya-Azərbaycan yaxınlaşmasının və Rusiya-Azərbaycan maraqlarının əleyhinə işləyən qüvvələrin olduğunu görürük. Təəssüf ki. Amma bu, qətiyyən əsas deyil, müəyyən strukturların və ya açıq qərəzli şəxslərin fəaliyyətidir. Ümumiyyətlə, onların fəaliyyəti Azərbaycanla münasibətlərimizə ciddi təsir göstərmir. Rusiya siyasi üçün aydındır ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu ən vacibidir. Bu gün Azərbaycanın həm Rusiya üçün, həm də bütövlükdə beynəlxalq aləmdə əhəmiyyəti artır. Rusiya ilə Qərb arasında münaqişə fonunda Xəzər regionunun nəqliyyat və enerji qovşağına çevrilməsi üçün Bakı ilə münasibətlərin dostluq xarakteri Moskva üçün daha da vacib olur. Moskva Azərbaycanın strateji əhəmiyyətini bilir, onu özünün səmərəli və etibarlı tərəfdaşı kimi görür.

Həm Bakı, həm də Moskva yaxşı bilirlər ki, bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı üçtərəfli bəyanatı haqda gizli mübarizə gedir. Rusiya-Azərbaycan münasibətlərinin əleyhdarları çox vaxt tamamilə yanlış paradiqmalardan yanaşır və kursu dəyişməyə çalışırlar. Bütün bunlar göz qabağındadır.

Təbii ki, XİN rəhbərinin səfərinin eyni dərəcədə vacib komponenti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması yolunda nizamlanma baxımından Rusiya və Azərbaycanın mövqelərinin uzlaşdırılması olacaq. Biz bu gün Ermənistanda baş verən kifayət qədər dramatik hadisələri görürük. Siyasi qeyri-sabitlik, radikalların Nikol Paşinyana qarşı çıxışları. Bununla yanaşı, praktiki aspektdə İrəvan Rusiya və Azərbaycan liderləri ilə imzalanmış üçtərəfli bəyanatı yerinə yetirmək üzrə öhdəliklərini tam pozmayıb.

Bəli, biz görürük ki, Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar davam edir. Həm Azərbaycan, həm də Ermənistan tərəfi sərhədin delimitasiyası və demarkasiyası üçün komissiyalar yaradıb. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsi ərazisində öz dağıdıcı fəaliyyətini davam etdirən erməni hərbçiləri, separatçıları tərəfindən vaxtaşırı silahlı təxribatlar baş verir.

Erməni diplomatiyası, gördüyümüz kimi, bu gün dalana dirənib. O, həm xarici, həm də daxili siyasi vəziyyətdən çox asılıdır. Və bu baxımdan ümid etmək istərdim ki, Rusiya və Azərbaycan tamamilə vahid mövqedən çıxış edərək erməni tərəfdaşlarına bir daha nümayiş etdirəcəklər ki, bu cür çirkin taktikanın- bir addım irəli atıb, sonra iki addım geri çəkmək- vaxtı artıq keçdi və daha heç kim gözləməyəcək. Rusiya üçün Cənubi Qafqazda sülh və sabitlik xüsusilə Rusiya Federasiyası ilə kollektiv Qərb arasında qlobal geosiyasi qarşıdurma kontekstində çox vacibdir. Və təbii ki, Cənubi Qafqaz və Xəzər regionu Rusiya üçün burada baş verən proseslərin siyasi sabitliyi və nəqliyyat, enerji, logistika dəhlizləri baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, bizim Qərblə indiki ticarət, iqtisadi, nəqliyyat problemlərini nəzərə alsaq.

Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma prosesinin alternativi yoxdur. Rusiya bunda son dərəcə maraqlıdır, o cümlədən nəqliyyat kommunikasiyalarının blokunun açılması, nəqliyyat dəhlizlərinin bütün formatlarının işə salınması dəfələrlə müzakirə edilmiş və müzakirə olunmaqda davam edir. Bu məsələdə bizə əsl sıçrayış lazımdır.

Düzdür, Ermənistan ATƏT-in Minsk Qrupu ilə bağlı danışıqlarda bir sıra xarici, Qərb oyunçularının- Fransanın, ABŞ-ın maraqlarını regiona sürükləməyə çalışır ki, onların Transqafqazda mövcudluğu Rusiyanın xoşuna gəlmir. Aydındır ki, Paşinyan üçün onları Ermənistan-Azərbaycan nizamlanması probleminə cəlb etməsi vacib olardı. Rusiya Qlobal Bakı Forumunu və Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarını yaxından izləyib, hansı ki, o, digər məsələlərlə yanaşı Minsk qrupuna “Əlvida!” dedi. “Sağ ol və əlvida!” yox, sadəcə “Əlvida!”, Çünki təşəkkür etməyə bir şey yoxdur. Buna görə də, bu mənasız və bəzən zərərli formatdan ayrılmaq və irəliləmək lazımdır. Və burada Rusiya və Azərbaycan birmənalı şəkildə “yox” deməli və rəsmi İrəvanın bu cür siyasətinə son qoymalıdırlar.

- Görünür, Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamə indi digər məsələlərlə yanaşı, yeni geosiyasi və geoiqtisadi vəziyyətlə əlaqədar yaranan çağırışlara cavab vermək “relsləri”nə keçməlidir? Axı sanksiyaların tətbiqi, nəqliyyat-logistika baxımından Rusiyanın qarşısını kəsilməsinin Azərbaycan üçün də nəticələri var.

- Əlbəttə. Dünya təkcə Avro-Atlantika ilə məhdudlaşmır. Rusiya Şərqə meyl edir. Amma bu dönüş sadəcə bəyannamə olmamalı, konkret siyasi və iqtisadi qərarlarda təcəssüm olunmalıdır. Ona görə də Zəngəzur nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi bizim üçün çox vacibdir. Rusiya da Azərbaycan və Ermənistan arasında sülh sazişinin erkən imzalanmasında əsas maraqlı tərəflərdən biridir. Çünki imzalanma regionda sülhü, sabitliyi, inkişafı və qarşılıqlı əməkdaşlığı təmin edəcək.

Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Rusiya biznesinin daha fəal iştirakını alqışlayardım. Burada geniş imkanlar sahəsi var. Xüsusən də bu gün məlum səbəblərdən Qərbə sərmayə yatıra bilmədiyimiz şəraitdə hansı bazarlara sərmayə qoymaq, hara yönəlmək məsələsidir. Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakı isə ölkələrimiz və biznesimiz arasında siyasi və iqtisadi əlaqələrə fayda verəcək düzgün qərar olardı. Bu, bərpa olunan enerji mənbələri, “yaşıl enerji” ilə bağlı layihələr də ola bilər. Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “Ağıllı şəhər” konsepsiyası ilə bağlı Rusiyada yaxşı təcrübələr var. Aydındır ki, rusiyalı investorlar üçün də Azərbaycan şirkətlərinin karbohidrogen hasilatı və nəqli sahəsində qiymətli kağızları maraq doğura bilər. Rusiyanın maşınqayırma sektoru obyektiv olaraq Azərbaycan bazarına getdikcə daha çox daxil olmaqda maraqlıdır.

Qərb məhsullarının əvəzlənməsi nöqteyi-nəzərindən Azərbaycan mallarının Rusiyaya tədarükünün xeyli artırılması məsələsini müzakirə etmək olardı. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiyada böyük tələbatdır və əla keyfiyyəti ilə tanınır. Ancaq Rusiya ərzaq şəbəkələrinin rəflərində görünməli olan malların kateqoriyalarını genişləndirməliyik.

Digəri turizm klasteridir. Azərbaycan Rusiyaya dost ölkədir, əhalisi rus dilini mükəmməl bilir. Yay tətili üçün hər bir şərait var.

Rusiya və Azərbaycan “beyin mərkəzləri” arasında mütəmadi olaraq ekspert dialoqunun olmasını da çox vacib hesab edirəm. Rusiyadakı erməni lobbisinin səyləri ilə Azərbaycanın cəmiyyət tərəfindən dərk edilməsi ilə bağlı reallıq təhrif edilir. Biz tez-tez Rusiya ilə Azərbaycan arasında toqquşmaya yönəlmiş müxtəlif çirkin oyunların şahidi oluruq. Bunu düzəltmək lazımdır. Və müntəzəm ekspert dialoqu buna kömək edəcəkdir. Eyni zamanda, ekspert diplomatiyası siyasətçilərə Ermənistan-Azərbaycan nizamlanmasının mürəkkəb məsələlərini həll etməyə kömək edə bilər.

- Şərqə dönüşlə bağlı... Belə görünür ki, Rusiyanın bu istiqamətdə siyasətində çox aydın zəncir izləmək olar. Bu yaxınlarda Rusiya baş nazirinin müavini Overçuk Türkiyədə Ərdoğanla ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib, bu gün Sergey Lavrov İrana səfər edir, burada Avrasiya və Qafqaz regionlarının məsələləri müzakirə olunacaq. Bu il Peterburq Beynəlxalq İqtisadi Forumunda əcnəbi natiqlər əsasən Çin, Hindistan, Türkiyə, Pakistan və Misir nümayəndələri idi.

- Biz yeni geosiyasi və ticarət-iqtisadi konfiqurasiyalar qurmalıyıq. Türkiyə bizim üçün əsas ölkələrdən birinə çevrilir. Bu, yeganə NATO ölkəsidir ki, anti-Rusiya sanksiyalarından imtina edib, mütəmadi olaraq Rusiyaya qarşı heç bir məhdudiyyət tətbiq etməyəcəyini bəyan edir və bunda maraqlı deyil. Türkiyə və Xəzəryanı ölkələr bu gün Rusiya üçün əsas tərəfdaş dövlətlərə çevrilirlər. Qərblə 30 ildir işlənib hazırlanmış qarşılıqlı iqtisadi əlaqələr mövcuddur. Və bu, bir-iki ilə dəyişməyəcək. Buna görə də Rusiya üçün Şərqə dönməni tez və effektiv şəkildə həyata keçirmək çox vacibdir. Hindistan, Çin var. Azərbaycan kimi yaxın və tamamilə başa düşülən qonşularımız var ki, onlarla qarşılıqlı əlaqə tellərini daha da zəhmətlə və diqqətlə saxlamalıyıq. Baxın, Azərbaycanda rus dilinə necə yanaşırlar, Azərbaycanda Rus Pravoslav Kilsəsinə necə yanaşırlar.

Görürsünüz, necə maraqlı oldu, bir çox insanlar qardaş xristian xalqları haqqında mantralar söyləməyi sevirlər, amma sonda nə olacaq? Mantralar mantralardır, amma praktikada biz türk dövlətlərinə getdikcə yaxınlaşırıq. Bizim üçün Rusiya-Türkiyə müttəfiqliyini yenidən qurmaq, yenidən düşünmək strateji əhəmiyyətli konsepsiya səviyyəsindədir. Biz bir-birimizi gücləndirməliyik və bütün səviyyələrdə qarşılıqlı əlaqənin yeni konfiqurasiyalarını axtarmalıyıq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə